AZ

Türkiyəli ekspert: ECO-nun Xankəndi Zirvə görüşü regionda həmrəylik ruhunu gücləndirib

Ankara, 8 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşü bu təşkilatın iqtisadi və strateji məqsədlərinə nail olunması istiqamətində uğuru nümayiş etdirən dönüş nöqtəsi oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer bildirib.

O, diqqəti ECO Zirvə görüşünün Yekun Bəyannaməsinin mətninə çəkib və bildirib ki, bu sənəd ölkələrin regional inteqrasiyanı təkcə iqtisadi deyil, həm də diplomatik, mədəni və ekoloji sahələrdə hərtərəfli dərinləşdirmək istəyini nümayiş etdirir.

AVİM-in eksperti əlavə edib: “ECO-nun Xankəndidə keçirilən Zirvə görüşü regional həmrəylik ruhunu gücləndirib, daxildə effektivliyi və birliyi daha da artırmaq, bu təşkilatın regional aktor kimi potensialını üzə çıxarmaq üçün birgə səylərin əsasını qoyub”, - deyə Ankara mərkəzinin analitiki qeyd edib.

T.Tecimer, həmçinin ECO-ya üzv ölkələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb ki, bu da təşkilatın inkişaf planlarında Qarabağ bölgəsinin əhəmiyyətini və rolunu təsdiqləyir. Ekspert təşkilatın Azərbaycanda keçirilən Zirvə görüşünün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) beynəlxalq mövqelərinin möhkəmlənməsinə verdiyi töhfəni də vurğulayıb.

AVİM-in eksperti əminliklə qeyd edib: “Şimali Kiprin Prezidenti Ersin Tatarın Xankəndidə müzakirələrdə iştirakı sübut etdi ki, Lefkoşanın mövqeləri təkcə Türk dünyasında deyil və onun hüdudlarından kənarda da dəstəklənir. Bununla da ŞKTC-nin dünyada diplomatik mövqeyinin möhkəmlənməsi yolunda rəmzi, amma çox əhəmiyyətli addım atılıb”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
52
1
azertag.az

2Mənbələr