AZ

Ermənistan Konstitusiyası bu tarixdə dəyişdirilə bilər

Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr son günlərdə daha da aktuallaşıb. Baş nazir Nikol Paşinyan açıqlamasında bildirib ki, mövcud Konstitusiya artıq ölkənin siyasi reallıqlarına və müasir çağırışlara cavab vermir. Əsas diqqət çəkən məqam isə odur ki, yeni sənədin müstəqillik bəyannaməsinə əsaslanmaması təklif olunur. Bu isə dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarından imtina anlamına gələ bilər. Azərbaycan tərəfi də sülh sazişi üçün bu dəyişikliyi əsas şərtlərdən biri kimi görür. Bəs Ermənistan Konstitusiyasının dəyişməsi nə vaxta gözlənilir? Siyasi ekspert Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinad çıxarılmalıdır. Çünki həmin Bəyannamədə Qarabağın Ermənistanla birləşməsi barədə müddəa yer alıb: “Azərbaycan sülh sazişinin imzalanması üçün bu müddəanın Konstitusiyadan çıxarılmasını tələb edir. Ermənistan hakimiyyəti bu tələbin ədalətli olduğunu anlasa da, Konstitusiyanı dəyişməyə hələlik cəsarət etmir. Çünki Nikol Paşinyanın reytinqi aşağıdır və o da başa düşür ki, əgər bu məsələ ilə bağlı referendum keçirilsə, dəyişiklik qəbul edilməyə bilər. Bu səbəbdən hazırda yeni Konstitusiya üzərində iş aparılır. Əvvəlcədən də elan olunub ki, yeni sənəddə Müstəqillik Bəyannaməsinə istinad yer almayacaq. Bu, təbii ki, Azərbaycan üçün sevindirici haldır. Çünki biz sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyirik”. A.Səmədovun sözlərinə görə, narahatedici məqam odur ki, yeni Konstitusiyanın qəbulu yalnız 2026-cı ilin yayında keçiriləcək parlament seçkilərindən sonra gündəmə gələ bilər: “Bu isə o deməkdir ki, yeni Konstitusiyanın qəbul olunması 2026-cı ilin sonuna və ya 2027-ci ilə qədər uzana bilər. Beləliklə, yaxın bir il ərzində sülh sazişinin imzalanması ehtimalı kifayət qədər aşağıdır. Təəssüf ki, bu prosesi gözləmək məcburiyyətindəyik”. Ekspertin fikrincə, Ermənistan hökuməti parlament seçkilərinə qədər Konstitusiyanın qəbulunu tezləşdirməklə bağlı addım atmağa cəsarət etməyəcək: “Çünki ölkədə vəziyyət kifayət qədər gərgindir. Paşinyan hökumətinin qarşısında ciddi problemlər var və bu şəraitdə yeni Konstitusiyanın qəbuluna getmək olduqca riskli addım olardı”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
9
metbuat.az

1Mənbələr