AZ

"Dalay-Lama 90 yaşında: Ruhani lider 130 ilə qədər yaşayacağını bəyan edir" - BBC

 
"90 illik ömrünün bu mərhələsində də o, yalnız Tibet üçün yox, bütün insanlıq üçün vicdanın rəmzidir..."
 
"Tibet buddistlərinin rəmzi doğum günündə reinkarnasiyanın davam edəcəyini açıqlayıb, Çin narazılığını gizlədə bilmir..."
 
Tibet buddistlərinin ruhani lideri Dalay-Lama iyulun əvvəlində 90 illik yubileyini Hindistanın Dharamsala şəhərində qeyd edib. O, doğum günündə reinkarnasiyanın davam edəcəyini açıqlayıb, Çin narazılığını gizlədə bilmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, minlərlə insanın, o cümlədən Hindistan rəsmilərinin və Hollivud ulduzu Riçard Girin qatıldığı mərasimlər təkcə bir doğum günü yox, həm də tibetlilər üçün mənəvi birlik və müqavimət təmzinə çevrilib.
 
"Sadə bir buddist monax" və 130 illik həyat niyyəti
 
 
Təntənəli çıxışında Dalay-Lama özünü "sadə buddist monax" kimi təqdim edərək, fiziki vəziyyətinin əla olduğunu və hələ 40 il də yaşamaq niyyətində olduğunu bildirib: "130 yaşına qədər yaşamaq istəyirəm - bu, əvvəl dediyimdən 20 il çoxdur". O, əlavə edib ki, bu günə qədərki həyatı üçün heç bir peşmançılığı yoxdur.
 
"Maddi rifaha çalışmaq önəmlidir, lakin mənəvi sakitliyə çatmaq daha vacibdir. Buna isə təkcə yaxınlara deyil,  hamıya qarşı mərhəmət və şəfqətlə nail olmaq olar", - Dalay-Lama çıxışında bildirib.
 
Reinkarnasiya ənənəsi davam edəcək - Pekinə qarşı aydın mesaj
 
 
Dalay-Lama bu doğum günündə bir mühüm məsələni də aydınlaşdırıb: o, ölümündən sonra 600 illik reinkarnasiya ənənəsinin davam edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, yeni Dalay-Lamanın kimliyini yalnız onun yaratdığı qeyri-kommersiya təşkilatı olan "Gaden Phodrang Trust" müəyyən edə bilər. Bu, Pekinin planlarına açıq ziddiyyət təşkil edir.
 
Tibet ənənəsinə görə, Dalay-Lamanın ruhu yeni doğulmuş bir uşaqda bərpa olunur. Lakin Çin hökuməti israr edir ki, yeni lider onların qanunları, dini ritualları və "tarixi ənənələri" əsasında, Pekin tərəfindən təsdiqlənməlidir.
 
Çin narahatdır, dünya isə Dalay-Lamanın arxasındadır
 
 
Pekin 1959-cu ildən Hindistana sığınan Dalay-Lamanı "separatçı" adlandırır və onu Tiberdəki müstəqillik hərəkatının rəmzi kimi qəbul edir. Rəsmi Pekin bu yaxınlarda da xəbərdarlıq edib ki, gələcək Dalay-Lama yalnız Çin hökumətinin razılığı ilə müəyyən edilməlidir. Bu isə tibetliləri və beynəlxalq ictimaiyyəti narahat edir-  onlar ehtiyat edir ki, Çin öz istədiyi "saxta" Dalay-Lamanı seçdirə bilər.
 
Dünya liderləri və məşhurlar Dalay-Lamanı təbrik edir
 
 
İndiyə qədər yüz minlərlə insanın həyatına toxunan Dalay-Lamanın doğum günü münasibətilə Hindistanın baş naziri Narendra Modi onu "sevgi, mərhəmət və mənəvi intizamın solmaz rəmzi" adlandırıb.
 
ABŞ-ın sabiq prezidenti Barak Obama isə öz təbrikində onu "tanıdığı ən gənc 90 yaşlı insan" adlandıraraq, uzun illər davam edən dostluqlarına görə təşəkkür edib.
 
Tanınmış Hollivud aktyoru Riçard Gir də mərasimdə iştirak edərək Dalay-Lamanı "bütöv şəkildə təmənnasızlığın təcəssümü" kimi təqdim edib və onun əlini öpərək ehtiramını bildirib.
 
Dalay-Lama artıq uzun illərdir ki, sürgündə yaşasa da, onun sözləri, həyatı və siması dünya miqyasında mənəviyyat və barışın səsi olaraq qalır. 90 illik ömrünün bu mərhələsində belə, o hələ də yalnız Tibet üçün yox, bütün insanlıq üçün vicdanın rəmzidir.
Seçilən
49
moderator.az

1Mənbələr