AZ

"Twitter"in qurucusundan internet olmadan işləyən mesajlaşma tətbiqi: "Bitchat"

"Twitter"ın qurucularından biri olan Cek Dorsi hazırladığı "Bitchat" tətbiqi ilə internetin olmadığı şəraitdə də ünsiyyətin mümkün ola biləcəyini nümayiş etdirir. Bluetooth şəbəkə texnologiyasına əsaslanan bu yeni sistem hazırda sınaq mərhələsindədir.

Valyuta.az xəbər verir ki, "Block" şirkətinin baş direktoru və "Twitter"ın təsisçi ortaqarından olan Cek Dorsi həftə sonunu özünün ifadəsi ilə "kiçik bir sınaq"la keçirdiyini bildirib. Dorsi bazar günü gecə "X" platformasında etdiyi paylaşımda "Bitchat" adlandırdığı yeni bir mesajlaşma tətbiqi hazırladığını elan edib. Tətbiqin adı diqqət çəksə də, "bit" və "chat" sözlərinin birləşməsindən yarandığı bildirilir.

"Bitchat" internet bağlantısı olmadan işləyən mesajlaşma sistemidir. Bluetooth şəbəkə texnologiyasından istifadə edərək istifadəçilərin Wi-Fi və ya mobil data olmadan bir-birinə mesaj göndərməsinə imkan verir. Bu cür tətbiqlər adətən yalnız qısa məsafələrdə effektiv olur. Lakin Dorsi bildirib ki, onun hazırladığı sistem mesajları bir-birinə bağlı cihazlar vasitəsilə təxminən 300 metrə qədər ötürə bilir. Bu xüsusiyyət xüsusilə kütləvi tədbirlərdə və ya internetin məhdud olduğu mühitlərdə faydalı ola bilər.

Bənzər texnologiyalar daha əvvəl də gündəmdə olub. Xüsusilə "Bridgefy" adlı tətbiq 2019-cu ildə Honq-Konq etirazları zamanı internet olmadan işləyə bildiyi və hakimiyyət orqanları tərəfindən asanlıqla izlənilə bilmədiyi üçün diqqət çəkmişdi. Həm "Bridgefy", həm də "Bitchat" mesajların ucdan-uca şifrələndiyini vurğulayır.

"Bridgefy" tətbiqinin qismən "Twitter"ın digər təsisçi ortaqarından olan Biz Stoun tərəfindən dəstəkləndiyi məlumdur. Dorsinin bu sahəyə yönəlməsi isə təəccüblü deyil. Uzun müddətdir mərkəzsiz texnologiyalara maraq göstərən və "Bitcoin"i açıq şəkildə dəstəkləyən Dorsi "Twitter"da çalışdığı dövrdə bu gün "Bluesky" kimi tanınan layihəni də başlatmışdı. Lakin artıq bu layihə ilə birbaşa əlaqəsi yoxdur.

"Bitchat" hazırda "Apple"ın "TestFlight" platformasında sınaqdan keçirilir. Dorsi, artıq 10.000 nəfərlik istifadəçi limitinə çatıldığını və tətbiqin hələ də inkişaf mərhələsində olduğunu bildirib. Rəsmi şəkildə yayımlanmazdan əvvəl test mərhələsinin bir müddət daha davam edəcəyi dəqiqdir.

Paşa Məmmədli
 

Seçilən
47
valyuta.az

1Mənbələr