AZ

Kiçik sahibkarın yükü ağırlaşır: Post-terminal tələbi və vergi sistemi yenidən baxılmalıdır

"Vergi və istehlakçı hüquqlarının qorunması baxımından post-terminal cihazlarının fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır".

Bunu News24.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. 

İqtisadçı qeyd edib ki, cihazlarda nasazlığın baş verməsi və ya sahibkarın bilərəkdən istehlakçını aldatması, eləcə də ödənişi yalnız nağd şəkildə tələb etməsi qanunvericiliyin müddəalarına ziddir: "Alqı-satqı əməliyyatları zamanı istehlakçı nağd vəsaitin olmadığını bildirdikdə, bəzi hallarda ondan ödənişi birbaşa kart hesabına göndərməsi tələb olunur ki, bu da qanunvericiliyə uyğun olmayan bir praktika hesab olunur. Əgər istehlakçı ödənişi kart hesabına həyata keçirirsə, ona mütləq şəkildə kassa çeki və ya faktura təqdim edilməlidir. Həmin vəsait birbaşa satıcının və ya işçinin şəxsi hesabına deyil, rəsmi olaraq müəssisənin bank hesabına yönəldilməlidir".


Ekspert əlavə edib ki,  qanunvericiliyin tələblərinə əsasən, post-terminal və ya kassa aparatının olmaması, habelə vergi uçotunda olan şəxsin gəliri şəxsi kart hesabına köçürməsi nəzarətsiz ticarət fəaliyyəti kimi qiymətləndirilir və bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər qanunvericilik qarşısında məsuliyyət daşıyır.

Bununla yanaşı o, kartdan-karta ödəniş və post-terminal vasitəsilə aparılan ödənişlər bəzən sahibkarlar üçün əlavə inzibati və maliyyə yükü yaratdığını vurğulayıb. Ekspert bildirib ki,  qanunvericilikdə istənilən ticari fəaliyyətin vergi yükünə cəlb olunması nəzərdə tutulsa da, bu mexanizmin dövriyyə əsasında diferensiallaşdırılması daha məqsədəuyğun hesab oluna bilər: "Post-terminal cihazlarının quraşdırılması qanunvericiliklə tələb olunsa da, kiçik sahibkarlar üçün bu xərclər tez-tez mənfəəti aşır və iqtisadi səmərəsizlik yaradır. Məsələn, istehlakçı 1 manat dəyərində məhsul alarkən ödənişi post-terminal vasitəsilə həyata keçirmək istədikdə, əldə edilən mənfəətin əhəmiyyətli hissəsi komissiya və vergi xərclərinə yönəlir və nəticədə sahibkara xalis gəlir qalmır". 

G. Hüseynova diqqətə çatdırıb ki, qanunvericiliyə dəyişiklik edilməklə 5 manat və daha aşağı dəyərdə olan məhsulların satışının vergiyə cəlb edilməməsi, bu tip ödənişlərin nağd şəkildə həyata keçirilməsinə icazə verilməsi, yaxud kiçik sahibkarlar üçün post-terminal cihazlarının daha əlverişli şərtlərlə təqdim olunması zəruri görünür: "Mövcud iqtisadi durğunluq, alıcılıq qabiliyyətinin aşağı düşməsi, pul kütləsinin dövriyyə sürətinin azalması, geosiyasi risklər və likvidlik çatışmazlığı fonunda kiçik sahibkarların fəaliyyət imkanları ciddi şəkildə məhdudlaşıb. Nəticədə bir çox kiçik sahibkar fəaliyyətini dayandıraraq ölkəni tərk etmiş və xarici əmək bazarında potensial işçi qüvvəsinə çevrilmişdir. Bu reallıqlar fonunda mövcud tənzimləyici mexanizmlərin ya ləğv edilməsi, ya da onlara güzəştlərin tətbiqi aktuallıq kəsb edir"- deyə o əlavə edib. 


Xeyrənsə Piriyeva


Seçilən
20
news24.az

1Mənbələr