AZ

Bəstəkar ömrünün səhifələri

Sevib bağlandığı, ömrünün uzun illərini birlikdə addımladığı musiqi sənətinə məhəbbəti nə zaman yaranmışdı? Bilmirdi. 1930-cu il iyulun 15-də Bakıda dünyaya gələn görkəmli bəstəkar, Xalq artisti, professor Azər Rzayev körpəlikdən doğma ata ocağında musiqiyə böyük sevgi, ehtiram görmüşdü.

Azər Rzayevin atası Hüseyn Rzayev rejissor, anası Həqiqət Rzayeva isə məşhur opera müğənnisi  idi. Onları bir-birinə tanıdan da teatr olmuşdu. Ecazkar səsi ilə dinləyənləri heyran edən Həqiqət xanım 1927-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlamışdı. Həmin il rejissor Hüseyn Rzayevlə ailə qurmuşdu. Üç uşağı dünyaya gəlmişdi. Azər Rzayev onların ortancıl övladı idi.

Muğam üstə söylənən ana laylası

Onların evində musiqi, teatr, tamaşalarla bağlı söhbətlər heç bitməzdi. Valideynləri uzun illər idi ki, eyni teatrda çalışırdılar. Birlikdə işə gedir, birlikdə evə dönərdilər. Hüseyn Rzayev Opera və Balet Teatrında rejissor, daha sonra aparıcı rejissor kimi fəaliyyət göstərdi. Həqiqət Rzayeva isə həmin teatrda səhnələşdirilən tamaşalarda əsas qadın rollarının ifaçısı idi. 

İllər öncə müsahibimiz olmuş sənətkar uşaqlıq illərini, valideynlərini sonsuz sevgi və minnətdarlıqla yada salmışdır: "Atam xasiyyətcə tamamilə anamın əksinəydi, - Azər Rzayev deyirdi. - Anam nə qədər sərt, ağırtəbiətli idisə, atam bir o qədər mülayim, sakit idi. Qəribədir, o qədər fərqli olmaları onları bir-birindən nəinki uzaqlaşdırmadı, əksinə, daha da yaxınlaşdırdı. Anam daxilən güclü qadın idi. Amma uğurlarına özündən artıq sevinən həyat yoldaşının hər zaman yanında olması onu daha da ötkəm, arxayın edirdi".

Hələ körpə ikən ana laylasıtək dinlədiyi Azərbaycan muğamları ruhuna hopmuşdu. Azər Rzayev deyirdi: "Anamın uşaqlarının körpəliyindən danışmaqdan xoşu gəlirdi. Bizə deyirdi ki, siz balaca olanda muğam üstə laylay oxuyurdum. Gözlərinizi yumub sakit olurdunuz. Elə ki oxuya-oxuya bir muğamdan başqasına keçirdim, o dəqiqə gözlərinizi açıb baxırdınız. Hiss edirdiniz ki, oxumağımı dəyişdim".

Tanınmış sənətkarların övladı olmağın bir üstünlüyü də vardı. Azər Rzayev hələ kiçik yaşlarından evlərinə tez-tez gələn sənət adamlarını -Niyazi, Qurban Pirimov, Əlövsət Sadıqov, Hüseynağa Hacıyev, Bülbül və başqalarını tanıyırdı. Azər Rzayev yada salırdı: "Biz ağlımız kəsəndən evimizdə musiqi səsləri eşitmişdik. Yəqin elə buna görə musiqiçi olduq. Bacım Bülbül adına musiqi məktəbini bitirəndən sonra ərəb dilini öyrəndi, müəllimə işlədi. Ancaq qardaşım Həsənlə mən bəstəkar olduq. İkimiz də musiqi bəstələməyə kiçik yaşlarımızdan başladıq".

Unudulmaz görüş

Ömrünün ən unudulmaz günlərindən biri də dahi Üzeyir Hacıbəylinin görüşünə getdikləri gün idi. O vaxtlar qardaşı Həsən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin (indiki Bülbül adına musiqi məktəbi) altıncı, o isə dördüncü sinfində oxuyurdu. Həqiqət Rzayeva oğlanlarını konservatoriyaya aparırdı ki, onların bacarığına Üzeyir bəy qiymət versin. Onlar konservatoriyaya çatanda Üzeyir bəy pillələri enirdi. O, Həqiqət xanımdan soruşdu: "Bu uşaqları hara aparırsan?"  Həqiqət Rzayeva: "Üzeyir bəy, uşaqları gətirmişdim sizə göstərim. Bunlar kiçik mahnılar, balaca pyeslər yazırlar. İstəyirdim qulaq asasınız, görəsiniz bunlardan bir şey çıxar, ya yox. Amma gedirsiniz də... Eybi yoxdur, başqa vaxt gələrəm", - dedi. Üzeyir bəy razılaşmadı. Geri döndü. 

Azər Rzayev o günü təfərrüatı ilə xatırlayırdı: "Qayıtdı. Bizi apardı öz otağına. Oturduq. Üzeyir bəy bizdən soruşdu:

- Oğlanlar, hansınız qoçaqsınız?

Mən qardaşımdan dəcəl idim. Özüm də idmanla məşğul olurdum. Üzeyir bəyin sualını eşidən kimi cəld qalxdım ayağa.

- Mən!

- Hə, onda get, birinci sən başla çalmağa.

Mən, sonra da qardaşım kiçik əsərlər ifa etdik. Üzeyir bəy anama dedi:

- Sənin oğlanlarının ikisi də bəstəkar olacaq.

Zəngi basdı. Köməkçisi gəldi. Üzeyir bəy dedi:

- Bunların ikisini də Zeydmanın sinfinə yazdır.

Zeydman böyük müəllim idi. Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov və başqalarına dərs deyib. Üzeyir bəyin köməyi ilə Zeydmanın sinfində oxumağa başladıq.

Anam, deyə bilmərəm ki, dərslərimizlə həmişə məşğul olurdu, hər halda maraqlanırdı. Zeydmanın sinfində biz muğam dərsləri keçmirdik axı. Heç sonralar da anam heç vaxt bizim bəstəkarlıq məsələlərimizə qarışmadı".

Sənət uğurları

Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Azər Rzayev 1953-cü ildə konservatoriyanı iki ixtisas üzrə - bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitonun sinfini bitirdi. Onillik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster-müşayiətçi kimi əmək fəaliyyətinə başladı.

A.Rzayev gənc yaşlarından həm bəstəkar, həm də ifaçı kimi diqqəti cəlb etdi. Məsuliyyət, sevgi və zəhmətlə musiqi sənəti yolunda ilk addımlarını atdı. Onu bəstəkar kimi ilk tanıdan skripka ilə simfonik orkestr üçün 1 saylı konserti oldu. Azər Rzayev həmin əsərinə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların beynəlxalq müsabiqəsində laureat adına layiq görüldü. Sonralar beynəlxalq və ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gəncləri arasında keçirilən festivallarda həm bəstəkar, həm də ifaçı kimi laureat oldu.

1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1957-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş A.Rzayev ildən-ilə yaradıcılıq diapazonunu genişləndirdi, müxtəlif janrlı əsərlər yazdı. Onun yaradıcılığında əsas yeri instrumental musiqi janrları tuturdu. Azər Rzayev skripka ilə simfonik orkestr üçün 3 konsertin, 6 poemanın, eləcə də "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün konsertin, eləcə də "Hacı Kərimin Aya səyahəti" adlı operettasının, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara, filmlərə yazılmış musiqilərin müəllifidir.

Azər Rzayev Radio və Televiziya Verilişləri Komitəsində səs rejissoru (1958-1960), Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972-1987) olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrına rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə Azərbaycan bəstəkarlarının bir sıra yeni opera və balet əsərləri uğurla səhnələşdirilmişdir.

Bülbül adına orta ixtisas Musiqi Məktəbi nəzdində 1997-ci ildə "Uşaq simfonik orkestri" yaratdı. Bədii rəhbəri və dirijoru olduğu bu orkestrin fəaliyyəti  ölkəmizin musiqi həyatında mühüm hadisə idi.

Pedaqoq kimi də Azərbaycan musiqi sənətinin inkişafına xidmət göstərən Azər Rzayev yeni ifaçıların yetişməsi üçün bilik və bacarığını əsirgəməmişdir. O, 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında kamera ansamblı üzrə müəllim, baş müəllim, professor kimi fəaliyyət göstərmişdir. 

1963-cü ildən televiziya və radioda "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərinin müəllifi və aparıcısı olmuş A.Rzayev dövri mətbuatda da Azərbaycan musiqi mədəniyyətinin yorulmaz təbliğatçısı kimi tanınırdı. 

Əməyi yüksək dəyərləndirilən Azər Rzayev Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət" ordeninə layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunmuşdur.

Uzunillik yaradıcılıq yolu keçən, hər zaman özünəməxsus üslubda yazıb-yaradan, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri  olan Azər Rzayev 2015-ci il dekabrın 14-də Bakıda vəfat etmişdir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
92
azerbaijan-news.az

1Mənbələr