AZ

ECO-nun Xankəndi Zirvə görüşü bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına əminlik yaratdı - ŞƏRH

Bakı, 8 iyul, AZƏRTAC

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoyaraq dünyanın diqqət mərkəzinə çevrildi. Artıq bu ərazilər nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirdikləri məkana çevrilib. Son illər Qarabağ çoxlu sayda beynəlxalq tədbirlərə, musiqi festivallarına dünya miqyaslı idman yarışlarına ev sahibliyi edib. Xüsusilə qeyd etmək istərdik ki, 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşləri dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi Qarabağın və Şərqi Zəngəzurun Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına əminlik yaratdı. ECO-nun Zirvə görüşünün Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsindən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

Ə.Bədəlov ölkəmizin ECO-nun işində həmişə fəal iştirak etdiyini diqqətə çatdıraraq bildirib ki, Azərbaycanın bu quruma üzv ölkələrlə əlaqələri bu gün də uğurla inkişaf edir. Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirildi. Bu konfransda 197 ölkənin, 70 dövlət və hökumət başçısının iştirakı və 77 min şəxsin qeydiyyatdan keçməsi ölkəmizin dünyada artan reytinqinin göstəricisidir. Azərbaycan lideri həmişə ilkə imza atan dövlət başçısı kimi tanınır. Bu dəfə də elə oldu. Ölkəmizin təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirildi. Şuşada qurumun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edildi. Forumda iştirak edən nümayəndələr Ermənistanın 30 il işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşiliklər, habelə işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində görülmüş işlərlə tanış oldular. Hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan Bayrağı ilə birlikdə dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqlarının da dalğalanmasında qürur hissi keçirir. Bu baxımdan İƏT-in Zirvə görüşünün Xankəndidə təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi atıq Qarabağın regional və beynəlxalq dialoq, əməkdaşlıq və tərəfdaşlıq üçün mühüm bir mərkəzə çevrildiyindən xəbər verir.

Siyasi şərhçi deyib ki, Zirvə görüşünün iştirakçıları Ermənistanın müsəlman aləminə qarşı törətdiyi misilsiz qəddarlığın da şahidi oldular: “Prezident İlham Əliyev də çıxışında bu məqamları diqqətə çatdıraraq dedi ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. İşğal nəticəsində Azərbaycana vurulmuş zərər təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir”.

Ə.Bədəlov İƏT-in daim haqq-ədalət tərəfdarı olduğunu, Azərbaycanın haqq işinə dəstək verdiyini xatırladaraq deyib ki, keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunması ölkəmizdə yüksək qiymətləndirilib. Dövlətimizin başçısı da qeyd etdi ki, bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Zirvə görüşündə çıxış edən dost və qardaş ölkələrin prezidentləri də Xankəndidə - qədim Qarabağ torpağında görüşməkdən məmnun qaldıqlarını bildirdilər. Onlar əsl qardaşlar kimi bu bölgənin sülh və inkişaf məkanına çevrilməsindən razılıqlarını bildirdilər. İnamla qeyd edildi ki, Xankəndi Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq, eyni zamanda, münasibətlərin hərtərəfli inkişafına töhfə verəcək.

“Yadda qalan məqamlardan biri də İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib. Sənəddə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib və digər vacib məsələlər öz əksini tapıb”, - deyə siyasi şərhçi bildirib.

Seçilən
26
azertag.az

1Mənbələr