İyulun 3-4-də Xankəndi şəhəri öz tarixində yeni, parlaq bir səhifə açdı. Xankəndinin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə evsahibliyi etməsi, mühüm beynəlxalq tədbir olmaqla yanaşı, həmçinin Ermənistanın 30 illik işğalından sonra bərpa və quruculuq mərhələsinə qədəm qoymuş bir şəhərin dirçəlişinin rəmzi oldu. Bu, Azərbaycanın bölgədə artan nüfuzunun və diplomatik fəallığının bariz göstəricisidir.
Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi "İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!" müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sonsuz qürur və sevinc hissi yaratdı. Bu ifadə Azərbaycanın tarixi ədaləti bərpa etdiyini və artıq bu torpaqlarda sülh, sabitlik və inkişafın hökm sürdüyünü göstərdi.
Deputat diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən Zirvə görüşü çərçivəsində ECO-ya üzv dövlətlərin başçıları və yüksəksəviyyəli nümayəndə heyətləri ilə keçirdiyi çoxsaylı görüşlər istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin əsasını qoydu: "Dövlət başçısının "Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə evsahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir" sözləri ilə Xankəndidə keçirilən budəfəki görüşün tarixi və strateji əhəmiyyətini xüsusi olaraq vurğulaması təsadüfi deyil. Dövlət başçısının qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərdə artıq bir neçə nüfuzlu beynəlxalq tədbirlər keçirilib. Bu sıraya 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və 2025-ci ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşü daxildir. Bütün bu tədbirlər Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artırmaqla yanaşı, azad edilmiş torpaqlarımızın sülh, inkişaf və əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir".
K.Bayramov qeyd edib ki, Azərbaycanın bu gün təkcə regional deyil, həm də qlobal enerji təhlükəsizliyində oynadığı rol əhəmiyyətli dərəcədə artmaqdadır. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında bildirdiyi kimi, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu rəqəm dinamik şəkildə artır. Bu, Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi nüfuzunu daha da möhkəmləndirir. Eyni zamanda ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzərində yerləşərək mühüm tranzit mərkəzinə çevrilib. Bu üstün mövqeyi ilə Azərbaycan ECO məkanında nəqliyyat və logistika sahəsində strateji ölkə kimi tanınır. Bu imkanlar sayəsində ölkəmiz həm regional, həm də qlobal səviyyədə inteqrasiyanı və iqtisadi əməkdaşlığı təşviq edən əsas platformalardan birinə çevrilibdir.
Deputat xüsusi olaraq qeyd edib ki, Müzəffər Ali Baş Komandanın çıxışları yalnız hərbi güc və siyasi iradə üzərində qurulmur, eyni zamanda bölgədə ədalətli və dayanıqlı sülhün təmin edilməsinə çağırış xarakteri daşıyır. Xankəndidə keçirilən ECO Zirvə görüşündə də Prezident bu mövqeyi qətiyyətlə ifadə edərək ali qonaqların diqqətinə tarixi bir reallığı çatdırdı: "Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar".
K.Bayramov əlavə edib ki, dövlət başçısının çıxışında toxunduğu digər mühüm məqam isə qərbi azərbaycanlıların öz doğma torpaqlarına sülh yolu ilə qayıdışı məsələsi idi: "Prezident bu barədə açıq şəkildə bəyan etdi: "Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək". Ölkəmizin rəhbərinin bu fikirləri təkcə Azərbaycanın daxili siyasi iradəsinin deyil, həm də beynəlxalq hüququn və insan hüquqlarının müdafiəsi istiqamətində atılmış açıq və prinsipial addımdır. Azərbaycanın haqq səsi artıq regional deyil, qlobal miqyasda eşidilir".
O bildirib ki, Ali Baş Komandanın çıxışlarının əsas qayəsini yalnız hərbi zəfərin və siyasi qətiyyətin nümayişi deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması təşkil edir. Prezident Xankəndidə keçirilən Zirvə görüşündə bu məqamı bir daha diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan hər zaman qarşı tərəfə sülh çağırışı edib, lakin torpaqlarımızın işğaldan azad olunması üçün zəruri olan anda qətiyyətli və hüquqi əsaslı hərbi addım atmaqdan da çəkinməyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının bu yaxınlarda İstanbulda 57 üzv dövlətin yekdil qərarı ilə qəbul etdiyi qətnaməni də xatırladaraq, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyəti tərəfindən dəstəkləndiyini nümayiş etdirdi. Bu isə bölgədə sülh və sabitliyin yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olduğunu bir daha göstərdi.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"