ABŞ Prezidenti Donald Tramp administrasiyası, Yaponiyadan və Cənubi Koreyadan idxal olunan məhsullara qarşı 25 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlayıb. Bu barədə prezidentin şəxsən imzaladığı məktublar artıq iki ölkəyə göndərilib. Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, bu məktublar daha 12 ölkəyə də göndəriləcək.
SOUNDBITE (İngilis): Karoline Leavitt, Ağ Evin mətbuat katibi:
"Bu gün həm Cənubi Koreyaya, həm də Yaponiyaya göndərilən imzalanmış məktublar əlimdədir. Təxminən 12 başqa ölkə də ABŞ prezidentindən birbaşa məktub və bildiriş alacaq. Bir neçə həftə əvvəl bu tribunada dayanaraq sizə demişdim ki, prezident planetdəki hər bir ölkə üçün xüsusi ticarət planları hazırlayacaq. Bu administrasiya məhz bu istiqamətə fokuslanmağa davam edir."
Tariflərə dair yeni plan 1 avqustdan etibarən qüvvəyə minəcək. Əvvəllər 9 iyul tarixində tətbiq olunacağı gözlənilən tariflər Trampın qərarı ilə təxirə salınmışdı. Prezidentin sözlərinə görə, bu müddət ərzində digər ölkələrlə danışıqlara vaxt verilib.
Yaponiyadan ABŞ-a ötən il 148 milyard dollardan çox məhsul göndərilib. Bu, Yaponiyanı ABŞ-ın ən böyük beşinci ticarət tərəfdaşına çevirib. Cənubi Koreya da ilk onluğa daxil olan ölkələr sırasındadır.
Tramp administrasiyası təkcə Asiya ölkələrinə deyil, eyni zamanda Myanma, Laos, Cənubi Afrika və Malayziya kimi ölkələrə qarşı da 25-40% arasında dəyişən tariflər tətbiq edəcəyini açıqlayıb.
Prezidentin sosial mediada paylaşdığı məktublarda bildirilir ki, BRICS kimi "anti-Amerika siyasətləri"ni dəstəkləyən ölkələrə əlavə 10 faiz cərimə tarifi tətbiq olunacaq. “Bu siyasətə heç bir istisna olmayacaq,” – deyə Tramp bəyan edib.
Hazırda ABŞ yalnız Böyük Britaniya, Vyetnam və Çinlə qismən ticarət razılaşması əldə edib. Avropa İttifaqı ilə danışıqlar isə davam edir. Tramp son bəyanatında Avropa ölkələrini də 50 faizlik avtomobil və polad tarifləri ilə təhdid edib.
Hazırkı ticarət strategiyası, Trampın sözləri ilə desək, "Amerika istehsalçısını qorumağa və yerli iş yerlərini artırmağa" yönəlib. Lakin iqtisadçılar bu tariflərin ABŞ-da qiymət artımına və beynəlxalq ticarətdə geriləməyə səbəb olacağını bildirirlər.
Bu arada ABŞ-ın əsas səhmdar indeksləri azalma göstərib, xüsusilə Toyota-nın ABŞ bazarındakı səhmləri 4 faiz dəyər itirib. Ağ Ev isə bu təzyiqlərin digər ölkələri danışıqlara məcbur edəcəyinə əmindir.
Hazırda diqqətlər avqustun 1-nə – yeni tariflərin qüvvəyə minəcəyi tarixə yönəlib. Dünya liderlərinin və şirkətlərinin bu proteksionist siyasətə verəcəyi cavab yaxın günlərdə daha da aydın olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta