BAKI, 7 iyul. TELEQRAF
"Soyadılarımızdan "ov", "ova" və s. kimi sonluqları çıxarmaq üçün insanları maarifləndirmək lazımdır".
Bu fikirləri Teleqraf-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli deyib.
O bildirib ki, illərdir müstəqil olan ölkənin milli dəyərlərinə hərtərəfli diqqət yetirməsi vacibdir:
"Hər millətin atributu var. Fars, erməni, gürcü və başqaları soyadlarında öz sonluqlarından istifadə edir. Bəs azərbaycanlılar nə zaman ayılacaqlar? Bu məsələ Milli Məclisdə də müzakirə olunub. Əgər insanlar bundan nəticə çıxarmayıblarsa, onda sözüm yoxdur. Soyadalarımızın sonunda "lı", "li" ola bilər. Bu yöndə insanları maarifləndirmək şərtdir. Adıçəkilən məsələ ilə bağlı cəza mexanizmi də yoxdur. Humanitar sahədir. Cəza tədbirləri də tətbiq etmək o qədər də doğru olmaz. Problemlərdən danışırsan, bu məsələləri qabardırsan, olursan pis. Trollar üzərinə hücum çəkir. "ASAN" xidmətdən bizə onlarla məktub daxil olur. Valideyn övladının adını Mühəmməd qoymaq istəyir. Axı dilimizdə ahəng qanunu var, bunu niyə korlayırsınız. Bundan başqa, uşağın adını Əyyar qoyurlar. Əyardır, Əyyar deyil. Əyyar oğru, dələduz deməkdir. Bundan başqa, Taleh yox, Tale. O qədər belə nümunə göstərmək olar ki. "ASAN" xidmət, Ədliyyə Nazirliyi və digər müvafiq qurumlar müraciət zamanı vətəndaşlara yox deməyi bacarsa, problem həll olar. Millətin gərək şüuru oyansın. Qurumlar bunu etsə, 5 dəqiqəyə problem həll olunacaq. Ad elə bir şeydir ki, ömrü boyu onu müşayiət edir".
N.Məmmədli bildirib ki, yol kənarlarındakı reklam lövhələrində də ciddi problemlər var:
"Şəhərin küçələrinə baxın, görün nə gündədir. Danışırsan, deyirsən, xeyri yoxdur. Uzağa getməyək, Türkmənistanda Dilçilik İnstitutunun razılığı olmadan bir reklam lövhəsi də quraşdırmaq mümkün deyil. Ancaq bizdə... Vergilər Nazirliyi bir pəncərə sistemi açdıqda niyə müəssisələrdən tələb etmir ki, qoyulan türk adı olsun. Dediyim kimi, bu, humanitar sahədir. Cəza tədbirləri doğru da olmaz. İnsanların şüuru dəyişməli, düzgün yanaşma olmalıdır".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Musrafa isə qeyd edib ki, sözügedən məsələ insanların şəxsi seçimindən asılıdır:
"Qanunvericilikdə nəzərdə tutulduğu kimi, bu, qətiyyən məcburi xarakter daşımayan normalardır və insanların şəxsi seçimindən asılıdır. Əgər kimsə bunu mənəvi məsuliyyət hesab edirsə, gedib soyadını dəyişə bilər. Yəni soyadı "ov"la bitən birinin vətənpərvərliyinə və ya xalq sevgisinə şübhə yaratmaq doğru deyil. Məsələ ətrafında gündəm yaradılması doğru olmaz. Qanun qəbul olunub. Ona görə də insanlar seçimini etsinlər".