AZ

2024-2025-ci tədris ilinin hesabatı təqdim olunub

Məktəbəqədər və ümumi təhsil 

109 550 uşaq məktəbəqədər təhsil alır

Hazırda ölkə ərazisində 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib. Ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.

Yeni fəaliyyətə başlayan məktəbəqədər təhsil müəssisələri

2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın (2-si açılıb, 9 bağçanın açılması planlaşdırılır: ümumi tutumu - 900 yer) fəaliyyətə başlaması nəzərdə tutulub.

Məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə dəstək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi həyata keçirilir. Müsabiqəyə 205 layihə təqdim edilib və onlardan 188-i qrant qazanıb. Müsabiqə çərçivəsində 188 mərkəzdə 341 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 4800-dən çox məktəbəqədər yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə təxminən 300 nəfər tərbiyəçi-müəllim məşğul olmaqdadır.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə dövlət-özəl əməkdaşlığı modeli ilə əlaqədar olaraq məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” elan edilib. Müsabiqənin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən hazırda 24-də 1200-dən çox uşaq təhsil almaqdadır.

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 886 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 18 300 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə 1046 tərbiyəçi-müəllim məşğul olur.

Məktəbəqədər təhsildə kadr potensialının yaxşılaşdırılması

Son 3 il ərzində məktəbəqədər təhsil müəssisələrinə 800-ə yaxın tərbiyəçi-müəllim, 81 nəfər direktor təyin olunub. İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 10 000-ə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil edilib.

Məktəbəqədər təhsil müəssisələrində qida monitorinqi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 3200-ə yaxın direktor, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib. 900 müəssisədə qida və infrastruktur üzrə monitorinqlər aparılıb və laboratoriya qiymətləndirmələri həyata keçirilib.

Pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi

2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib.

1 nəfər tərbiyəçi-müəllim maksimum 60 bal toplayıb.

50 baldan yuxarı toplayanların sayı – 324 nəfər (2.9%)

46 baldan 51 bala qədər – 911 nəfər (8.1%)

41 baldan 46 bala qədər – 1380 nəfər (12.3%)

36 baldan 41 bala qədər – 1624 nəfər (14.5%)

30 baldan 36 bala qədər – 2002 nəfər (17.8%)

30 baldan aşağı toplayanların sayı – 4977 nəfər (44.4%)

 

 

Metodistlərin təyinatı

Məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu üzrə müsabiqədə 40 nəfər uğur qazanıb, onlardan 20 nəfər təyinat alıb

1 704 065 təhsilalan

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 704 065 nəfər təşkil edib. 134 600 uşaq birinci sinfi bitirib, 90 732 uşaq məktəbəhazırlıq qruplarında təhsil alıb.

Təkmilləşdirilən fənn kurikulumları

Azərbaycan dili, ədəbiyyat, fizika, coğrafiya, informatika fənləri üzrə kurikulum təkmilləşdirilərək təsdiq edilib. Beləliklə, təkmilləşdirilən fənn kurikulumların sayı 9-a çatıb. Bir fənn (təbiət) kurikulumu isə yeni yazılıb. Hazırda bu kurikulumlardan 8-i tətbiq edilməkdədir. Yenilənmiş iki fənn kurikulmu isə 2025-2026-cı tədris ilindən tətbiq olunacaq.

“Rəqəmsal məktəb”

Cari ildən etibarən “Rəqəmsal məktəb” platforması Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadəyə verilib. “Rəqəmsal məktəb” təhsil sistemində müasir texnologiyaların tətbiqini təmin edir, tədris və idarəetmə proseslərini təkmilləşdirir, şəffaflığı artırır. Məqsəd təhsil keyfiyyətini yüksəltmək və müəllim–şagird arasında interaktiv əlaqəni gücləndirməkdir.

Hazırda platforma 30 mindən çox pedaqoji heyəti və 500 mindən artıq şagirdi əhatə edir. 

Platformanın ölkə üzrə tətbiqi gələcək mərhələlərdə nəzərdə tutulub.

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi

Ümumilikdə ölkə üzrə 4246 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 2463 optik (1743 FO və 720 GPON), 1498 simsiz və 285 ADSL rabitə kanalı vasitəsi ilə çıxışla təmin edilib. 

Böyük Qayıdış üzrə I Dövlət Proqramı

2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə 2400-dən çox şagird və 284-dək təhsilverən daxil olmaqla 14 ümumi təhsil müəssisəsi, 209 uşaq və 20 təhsilverən daxil olmaqla 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Uşaq və gənclərin inkişafı

2024–2025-ci tədris ilində şagird və tələbələrin iştirakı ilə 1 beynəlxalq tədbir, 2 intellektual oyun, 2 respublika müsabiqəsi və 1 sərgi-festivalı, 6 bədii konsert proqramı,1 ağacəkmə aksiyası, 6 ekoloji tədbir, “Məktəblinin hüquq bələdçisi” layihəsi, ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqası, bir sıra idman tədbirləri və həmin tədbirlərə könüllülərin cəlb olunması, həmçinin müxtəlif mövzulara həsr edilmiş aylıqlar, teatr tamaşaları, interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər təşkil edilib. Sözügedən tədbirlərə 100 000-dən çox iştirakçı cəlb olunub.
Şagirdlərimizin beynəlxalq uğurları

Cari ildə milli komandalarımız beynəlxalq olimpiadalardan 5 qızıl, 9 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 35 medal və 5 həvəsləndirici mükafat qazanıblar.

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsi

ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə IX-XI siniflərdə təhsil alan şagirdlər arasında 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə “Sabahın alimləri” XIV Respublika Müsabiqəsi keçirilib. 138 layihə sərgidə iştirak edib. Hər istiqamət üzrə I yer – 1 layihə, II yer 2 layihə, III yer – 3 layihə, ümumilikdə 58 layihə 106 şagird qalib elan edilib. 106 nəfər şagirddən 4-ü xüsusi mükafata layiq görülüb. 10-16 mayda ölkəni təmsil etmək üçün 5 layihə üzrə 9 şagird ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərinə səfər edib. Kompüter elmləri üzrə 1 layihə bürünc medal qazanıb.

STEAM

2024-2025 - ci tədris ilində STEAM layihəsi 398 ümumi təhsil məktəbindən IV-IX siniflər üzrə 252 711 şagirdi əhatə edib. Ölkə üzrə 21 STEAM Mərkəzində təhsilalanların STEAM istiqamətli fəaliyyətləri, eləcə də müsabiqə və yarışlara hazırlıq prosesləri həyata keçirilib.

STEAM layihəsinin 2025–2026-cı tədris ilində əlavə olaraq 7 yeni ümumi təhsil müəssisəsində də tətbiqi nəzərdə tutulur. Nəticədə layihənin ümumi əhatə dairəsi 405 məktəbə çatacaq və ümumilikdə 300 000 şagirdi əhatə etməsi gözlənilir. Eyni zamanda, layihənin növbəti tədris ilindən ilk dəfə olaraq 3-cü siniflərdə də tətbiqinə başlanılacaq.
Rəqəmsal bacarıqlar

2017-ci ildən ölkədə tətbiq edilən “Rəqəmsal bacarıqlar” layihəsi 2024-2025-ci tədris ilində əlavə 230 ümumi təhsil müəssisəsində tətbiq edilib. “Rəqəmsal bacarıqlar” layihəsinin 2025–2026-cı tədris ilində əlavə 29 ümumi təhsil müəssisəsində tətbiqi planlaşdırılır. Bununla da layihənin ümumilikdə 773 məktəb və 530 000 şagirdi əhatə etməsi gözlənilir. Layihənin geniş tətbiqi nəticəsində Bakı şəhəri üzrə qoşulması mümkün olan bütün təhsil müəssisələri rəqəmsallaşmış olacaq.

Peşə təmayüllü siniflər

2024-2025-ci tədris ilində peşə təmayüllü siniflər əlavə 53 məktəbdə fəaliyyətə başlayaraq əhatə dairəsini genişləndirib və ümumilikdə 249 məktəbi əhatə edib. 2024-2025-ci tədris ilində layihə çərçivəsində 4 yeni pilot ixtisasın tədrisinə başlanılıb. Layihə 1087 nəfər müəllim, 7000-dən çox şagirdi əhatə edir.

“Peşə təmayüllü siniflər” layihəsinin 2025–2026-cı tədris ilində 89 yeni təhsil müəssisəsində də tətbiqi planlaşdırılır. Bu genişlənmə nəticəsində peşə təmayüllü siniflərdə 10 000-dən çox şagirdin təhsil alması nəzərdə tutulur.

İnklüziv təhsil

2024–2025-ci tədris ilində  Bakı şəhəri üzrə 33, Abşeron rayonu üzrə 3, Sumqayıt şəhəri üzrə 5, Şəki şəhəri üzrə 2, Biləsuvar rayonu üzrə 1, Şirvan şəhəri üzrə 2, Qusar rayonu üzrə 1, Şabran rayonu üzrə 1, Göygöl rayonu üzrə 1, Beyləqan rayonu üzrə 1, Saatlı rayonu üzrə 1, Mingəçevir şəhəri üzrə 3, Qazax rayonu üzrə 3, Tovuz rayonu üzrə 2, Şamaxı şəhəri üzrə 1, İmişli rayonu üzrə 2, Gəncə şəhəri üzrə 3, Xaçmaz rayonu üzrə 1, Qəbələ rayonu üzrə 1, Quba rayonu üzrə 1, Zəngilan rayonu üzrə 1 olmaqla ümumilikdə 67 ümumi təhsil müəssisəsində inklüziv siniflər fəaliyyət göstərib.

Məktəbdənkənar təhsil sahəsində elektron yenilik

Ötən ildən etibarən məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu ilk dəfə olaraq elektron sistem vasitəsilə həyata keçirilib. Pilot layihə çərçivəsində 20 müəssisəni əhatə edən bu yenilik nəticəsində 13000-dən çox müraciət qeydə alınıb və 10000 şagird məktəbdənkənar təhsil müəssisələrinə qəbul olunub.

2025-ci ildə elektron sistemin əhatə dairəsi genişləndirilərək pilot müəssisələrin sayı 50-yə çatdırılıb. 50 müəssisədə həyata keçiriləcək elektron qəbulda 25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır. 

Hazırda məktəbdənkənar təhsil sahəsində ümumilikdə 29 idman növü və optimallaşdırma nəticəsində 10 istiqamət üzrə 73 adda dərnək fəaliyyət göstərir.

İdman və yaradıcılıq tədbirləri

2024-2025-ci tədris ili ərzində məktəbdənkənar təhsil istiqaməti üzrə 37 tədbir həyata keçirilib. İdman istiqaməti üzrə keçirilən 18 sayda müxtəlif yarış və tədbirə 100000-ə yaxın məktəbli, yaradıcılıq istiqaməti üzrə keçirilən 19 sayda tədbir, festival, müsabiqə və sərgiyə 50000-ə yaxın məktəbli cəlb edilib

İdarəetmənin təkmilləşdirilməsi

2024–2025-ci tədris ilində 145 məktəbdənkənar təhsil müəssisəsində monitorinqlər aparılıb. Monitorinqin nəticələrinə əsasən, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib. Bununla yanaşı, tədris keyfiyyətinin artırılması məqsədilə müvafiq tövsiyələr verilib və icrası nəzarətdə saxlanılır. Eyni zamanda, yüksək nəticə göstərən qrupların təcrübəsinin digər müəssisələrdə tətbiqi nəzərdə tutulur.

Məktəbdənkənar uğurlar
2024-2025-ci tədris ili ərzində məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri müxtəlif yerli müsabiqə və beynəlxalq tədbirlərdə iştirak edib.

Sözügedən tədbirlərə uşaq-gənclər inkişaf mərkəzlərindən ümumilikdə 1500-ə yaxın dərnək üzvü cəlb edilib. Onlardan 92 nəfər I yerin, 72 nəfər II yerin, 116 nəfər III yerin qalibi olub. 193 nəfər dərnək üzvü beynəlxalq (Türkiyə, Özbəkistan, Azərbaycan, Albaniya, Gürcüstan, Bəhreyn, Latviya) müsabiqə və yarışlarda iştirak edib, onlardan 36 nəfəri I yerin, 4 nəfər II yerin, 1 nəfər III yerin qalibi olub. 32 dərnək üzvü “Grand Pri” və  “Laureat”a layiq görülüb.

2024-2025-ci tədris ilində idman sahəsində uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda ümumilikdə 1649 medal əldə ediblər. Yerli yarışlarda 436 qızıl, 433 gümüş, 587 bürünc medal, beynəlxalq yarışlarda ümumilikdə 193 medal qazanıblar. Bunlardan 76-sı qızıl, 52-si gümüş, 65-i isə bürünc medaldır. 

Peşə təhsili

Tələbə qəbulu 25 000 nəfərə yaxın olub

2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub.

Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub. Onlardan 15 890 nəfəri kişi, 8 931 nəfəri (36%) qadındır. 21 179 nəfər (85%) dövlət sifarişli, 3 642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Həmçinin 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb.

Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artıb. Bu, 2021-2022-ci tədris ilində 14 160, 2022-2023-cü tədris ilində 16 040, 2023-2024-cü tədris ilində 18 290, 2024-2025-cü tədris ilində isə 23185 nəfər olub.

Dual peşə təhsili 

2024-2025-ci tədris ilində 70 qrup üzrə 1273 nəfər dual peşə təhsil proqramına qəbul olub. Tələbə qəbulunda keçən illə müqayisədə 46 faiz artım olub. Proqram 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə Bakı şəhəri də daxil olmaqla 16 regionda (Bakı, Zaqatala, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Lənkəran, Neftçala, Saatlı, Sumqayıt, Şəki) həyata keçirilir. Proqram çərçivəsində ümumilikdə 30 ixtisas tədris olunur.

Yüksək texniki peşə təhsili

2024-2025-ci tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 2453 nəfər tələbə adını qazanıb. 2024-cü ildə bu peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i (52.7%) ali təhsil müəssisəsinə imtahansız qəbul olub. 

“Təhsilin bərpası”, “Təhsilalanların köçürülməsi” xidməti

2024-2025-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası ilə bağlı “Təhsilin bərpası” xidməti üzrə 125 nəfər müraciət edib, onlardan 56 nəfərin müəssisələrə bərpası həyata keçirilib. “Təhsilalanların köçürülməsi” xidməti üzrə isə I yarımil ərzində müraciət edən 53 nəfərdən 24-nün köçürülməsi həyata keçirilib.

Qarabağda tikintisi davam edən peşə təhsil mərkəzləri

Füzuli Peşə Təhsil Mərkəzinin 700 nəfərlik tələbə tutumuna malik yeni binasının tikintisi sürətlə davam edir. Mərkəzdə müasir əmək bazarının tələblərinə uyğun olaraq təyyarə və uçan aparatların mühərrikləri üzrə mexanik, pilotsuz uçuş aparatlarının (PUA) təmiri üzrə texnik, yerüstü aviasiya avadanlıqları üzrə mexanik kimi ixtisaslarla yanaşı, bir sıra digər qabaqcıl və innovativ ixtisasların tədrisi planlaşdırılır.

Elm və ali təhsil

Elm

Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalara çıxış imkanı

2024-cü ildə “Elsevier” və “Clarivate Analytics” şirkətləri ilə yenidən imzalanmış müqavilələr əsasında 100-dən çox elm və ali təhsil müəssisəsinin “Scopus”, “Science Direct” və “Web of Science” elmmetrik bazalarına çıxış imkanı yaradılıb.

Alimlərin mükafatlandırılması

Ötən ildən başlayaraq nazirliyin tabeliyindəki elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara hər ay 1000 manatadək ödənişlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, bu yanaşma cari ildə daha da təkmilləşdirilib və layihə çərçivəsində 22 müəssisədən 300 nəfərədək alimin mükafatlandırılması həyata keçirilib.

2025-ci ilin elmmetrik göstəriciləri

2025-ci ilin ilk 5 ayı ərzində “Scopus” elmmetrik bazasında ümumilikdə 2755 məqalə nəşr olunub. Bu məqalələrdən 2000-dən çoxu Q1 və Q2 indeksli elmi jurnallarda nəşr olunub. Q1 indeksli jurnallarda məqalə sayı Q2 indeksli jurnallarda əks olunan məqalə sayından təxminən 2.7 dəfə çox olub (Q1-1465, Q2-546).

Qeyd edək ki, 2024-cü il ərzində Q1 və Q2 indeksli elmi jurnallarda nəşr sayı cəmi nəşr sayının 53%-ni təşkil edirdisə, cari ilin ilk 5 ayı ərzində bu nisbət 73% olub (2024-cü il üzrə 2447 Q1 və Q2, 2025-ci ilin 5 ayı ərzində 2011 Q1 və Q2).

“Clarivate TM” şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2025-ci ilin ilk 5 ayı ərzində 1322 məqalə nəşr olunub.

(“Web of Science” elmmetrik bazası üzrə kvartil göstəriciləri ilin yekunundan 6 ay sonra açıqlandığı üçün təhlilə daxil edilmir).

“Scopus AI” – süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı

2024-cü ilin avqust ayında Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib. “Elsevier” şirkəti tərəfindən yaradılmış bu alət 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib.

Yerli jurnalların dəstəklənməsi və elmi jurnalların nüfuzunun artırılması

Jurnalların beynəlxalq elmi məkanla inteqrasiyasının gücləndirilməsi, rəqabətədavamlılığının artırılması, yüksək keyfiyyətli elmi məqalələrin nəşrinin təşviqi və rəqəmsal infrastrukturun müasirləşdirilməsi məqsədilə pilot layihə çərçivəsində müxtəlif elm sahələrini əhatə edən, elmi və ali təhsil müəssisələri tərəfindən nəşr olunan 6 jurnal seçilərək bu jurnalların elmi göstəricilərinin yüksəldilməsi, maliyyə dəstəyi göstərilməsi və veb platformalarının yenilənməsi istiqamətində işlərə başlanılıb.

Elmi Tədqiqatların Əlaqələndirilməsi və dissertasiya mövzularının idarəolunması

2024-cü ildən yaradılan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ)  mütəmadi iclasları keçirilib. Ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən ETƏŞ-ə təqdim olunan dissertasiya işlərinin mövzuları müvafiq rəy və düzəlişlərdən keçərək ETƏŞ-in iclaslarında müzakirə olunub və nəticədə 100-ə yaxın müəssisə və təşkilatdan təqdim edilmiş 1300-dən çox dissertasiya mövzusu ETƏŞ tərəfindən təsdiq edilib.

Ali təhsil

74112 nəfər tələbə

2024–2025-ci tədris ilində bakalavriat səviyyəsinə 59026 nəfər, magistratura səviyyəsinə 14104 nəfər, doktorantura və dissentanturaya isə 982 nəfər qəbul olunub. Bakalavriat səviyyəsində 13523 nəfər, magistratura səviyyəsində 3267 nəfər, (ümumi 16790 nəfər) texniki, texnoloji və innovasiya yönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olub. SABAH qruplarına bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə 512 tələbə qəbul olub.

Qarabağ Universiteti

2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə (Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, Mühəndislik, İqtisadiyyat və Turizm) 27 ixtisas üzrə həyata keçirilir. Növbəti illərdə Tibb və Aqrar elmlər fakültələrinin yaradılması planlaşdırılıb.

Türkiyə-Azərbaycan Universiteti

Yeni yaradılmış ali təhsil müəssisəsi olan Türkiyə-Azərbaycan Universitetində də 2024-2025-ci tədris ilindən etibarən 3 ixtisas üzrə 84 tələbə qəbul olub və qəbul planı 97% yerinə yetirilib.

Təhsilalanların köçürülməsi

Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi prosesi təmin edilib. Belə ki, 2024-2025-ci tədris ili üçün ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Kolleclərdə monitorinqlər davam edib

Tədris ili ərzində orta ixtisas təhsili müəssisələrində fəaliyyətin təhlili və qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə əsasən idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb və rəhbər heyətin yenilənməsi prosesi davam etdirilib. Bu çərçivədə müxtəlif kolleclərə ümumilikdə 20 nəfər direktor və direktor müavini vəzifələrinə təyinat həyata keçirilib.

Əlavə təhsil müəssisələrinə lisenziya verilməsi

7 əlavə təhsil mərkəzinin fəaliyyətinə lisenziya verilməsinə dair monitorinq baxışı həyata keçirilib, bunlardan 6 müəssisəyə müsbət rəy verilib.

SABAH qrupları

2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olub.  "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə  4134 tələbəni və 6842 məzunu əhatə edir.

“CodeForFuture” layihəsi

Layihə üzrə 2024-2025-ci tədris ili üzrə ümumilikdə 6 ali təhsil müəssisəsinin 3 və 4-cü kurslarında təhsil alan 1400 dən artıq tələbəyə 10 ixtisaslaşma üzrə, o cümlədən, “Front-end Proqramlaşdırma”, “Back-end proqramlaşdırma”, “Kiber təhlükəsizliyin əsasları”, “Autocad & Solidworks”, “Pyhton Proqramlaşdırma”, ”Vebtərtibatçı”, “Sistem inzibatçılığı”, “Proqram təminatının test edilməsi (QA)”, “İT Mütəxəssis” və “İnformatika müəllimliyi” modulları üzrə kurslar tədris edilib. 2024-2025-ci tədris ilində layihənin dəstəyi ilə beynəlxalq səviyyəli “Pearson”, “CERTNEXUS”, “CERTİPORT” kimi şirkətlər tərəfindən təqdim olunan HTML, Networking, RedHat sertifikatları 186 tələbə tərəfindən əldə edilib.

Hökumətlərarası Təqaüd Proqramları (HTP)

2024-2025-ci tədris ilində HTP çərçivəsində Macarıstanda 129, Çində 28, Latviyada 8, Qazaxıstanda 9, Türkiyədə 6 (YTB xətti ilə doktorantura üzrə), Rusiyada (MGIMO) 5, Rumıniyada 2, Slovakiyada 1, Tacikistanda isə 2, ümumilikdə isə 192 Azərbaycan vətəndaşı dünyanın sözügedən 9 müxtəlif ölkəsinə aid 58 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Bununla yanaşı, 2024-2025-ci tədris ilində Küveyt dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təlim proqramında təhsil almaq hüququ qazanıb.

HTP çərçivəsində növbəti tədris ilində (2025–2026) Macarıstan, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Türkiyə Respublikası, Rumıniya və Latviyada təhsil almaq üçün portal.edu.az üzərindən 600-ə yaxın müraciət daxil olub.  2025-2026-cı tədris ilində HTP çərçivəsində təhsil almaq üçün müraciət edən ərizəçilərlə təşkil edilən müsahibələrin nəticəsində 200 əsas, 68 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 268 nəfərin namizədliyi Macarıstan, 40 əsas, 5 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 45 nəfərin namizədliyi Çin, 20 nəfərin namizədliyi Türkiyə, 10 nəfərin namizədliyi Qazaxıstan, 8 nəfərin namizədliyi Rumıniya tərəfinə təqdim edilib. Həmçinin 7 nəfər Azərbaycan Respublikası vətəndaşının namizədliyi Küveyt Universiteti nəzdində fəaliyyət göstərən Dillər Mərkəzində təlim proqramında təhsil almaq üçün təqdim edilib.

Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilib

Cari ilin mart ayında Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilib.  Təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edib və sözügedən ölkədə müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat veriblər. Azərbaycan və Qazaxıstanın 17 universiteti 40-dan çox əməkdaşlıq barədə sənəd imzalayıb.

 

Dünyanın 105 ölkəsindən təhsil alan beynəlxalq tələbə

Hazırda ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən çoxsaylı əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr, əsasən, Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində dövlət hesabına təhsil

Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2024-2025-ci tədris ili üzrə müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.

Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura, rezidentura, doktorantura təhsil səviyyələrində təhsil almaq hüququ qazanıblar.

Təhsil qrantı proqramları ilə 50-yə yaxın ölkədən beynəlxalq tələbə

Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018-2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində beynəlxalq tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. Qeyd olunan təhsil qrantı proqramları çərçivəsində 50-dək ölkədən 70-ə yaxın beynəlxalq tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.

HTP çərçivəsində 4 fərqli ölkədən 110-a yaxın beynəlxalq tələbə

2024-2025-ci tədris ili üzrə Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası və Rumıniyadan olan 46 beynəlxalq tələbə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistandan olan 110-a yaxın beynəlxalq tələbə hazırda ölkəmizin ali təhsil müəssisələrində təhsil alır.

İlk “Study in Azerbaijan” təhsil sərgisi Özbəkistanda keçirilib

Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 27–31 may tarixlərində Elm və Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisi təşkil olunub. Sərgidə ölkəmizi 17 ali təhsil müəssisəsi təmsil edib.

Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində müvəffəqiyyətlə təmsil olunması

Azərbaycan ali təhsil müəssisələrinin “Quacquarelli Symonds (QS)” beynəlxalq reytinq cədvəllərində təmsil olunma göstəricisi aşağıdakı kimidir:

QS 2026 Dünya Universitetlərinin Reytinqi (QS World Universities Rankings 2026)  

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. 

Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib.  

İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır. Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub

Azərbaycan ali təhsil müəssisələrinin “Times Higher Education (THE)” beynəlxalq reytinq cədvəllərində təmsil olunma göstəricisi aşağıdakı kimidir:

THE 2025 Dünya Universitetlərinin Reytinqi (Times Higher Education World University Rankings 2025)  

2 ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti (1501+), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1501+). 

 

“Elmdə Qadın və Qızların Dünya Paytaxtı” olan Azərbaycan

“Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikası 1 il müddətinə (sentyabr 2024-sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilməsi ilə əlaqədar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “RASIT”in birgə əməkdaşlığı ilə 24-25 oktyabr 2024-cü il tarixlərində “Qadın Tədqiqatçılara Dəstək” mövzusunda onlayn vörkşop təşkil olunub. Vörkşopda 21 ölkədən 150-ə yaxın magistrant və doktorant və peşəkar qadın tədqiqatçılar iştirak ediblər.

Xaricdə təhsil üçün Dövlət Proqramları

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Bu proqramlar üzrə ümumilikdə  qəbul olan tələbə sayı 1041, məzun sayı isə 266 nəfər olaraq müəyyən edilib.

Beynəlxalq ikili diplom proqramları

Bakalavriat səviyyəsində:

Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 319 nəfər olub.

Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti ilə mühəndislik ixtisasları üzrə (aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat, aqronomluq) təhsil almaq hüququ qazananların sayı 330, məzun sayı isə 39 nəfər olub.

Magistratura səviyyəsində:

Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom proqramının təhsil və insan kapitalının inkişafı ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 127, məzun sayı 83 nəfər olub.

ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə kompüter elmləri və verilənlərin analizi, elektrik mühəndisliyi ixtisasları üzrə təhsil almaq hüququ qazananların sayı 124, məzun sayı 83 nəfər olub.

Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisasında təhsil almaq hüququ qazananların sayı 20 nəfər olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İngiltərənin Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 40 nəfər olub.

“2019-2023 Dövlət Proqramı”

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə 7 prioritet ixtisas istiqaməti üzrə dünyanın 23 ölkəsinə aid 106 universitetdə 284 nəfər təhsil almaq hüququ qazanıb. 5 nəfər isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb.     

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.

Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan 13 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.

Proqram çərçivəsində dünyanın 16 ölkəsinə aid 76 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.

Təhsil Tələbə Krediti

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək (13.06.2025) e-ttkf.edu.az elekton portala 70 393 müraciət daxil olub, 57 025 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Onlardan 19 710-u (34.6%) sosial, 37 315-i (65.4%) standart növ təhsil tələbə kreditidir. Gender bölgüsü üzrə kredit müqavilələrinin 35 128-i (61.6%) qadın, 21 897-si (38.4%) kişi tələbələrin payına düşür. Rəsmiləşdirilən kreditlərdən 39 528-i (69.3%) bakalavriat, 14 080-i (24.7%) magistratura, 3 171-i (5.5%) orta ixtisas təhsili, 246-sı (0.5%) isə peşə təhsilinə aiddir. Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə 428 Sosial TTK müqaviləsi üzrə 50 faiz və 990 Standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 466 min manatdan bir qədər çox  vəsait bağışlanıb.

Xarici kvalifikasiyaların tanınması

Cari ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı 2138 müraciət üzrə ekspertiza həyata keçirilib. Ekspertiza nəticəsində 1780 müraciət üzrə müsbət rəy verilib və müraciət edənlərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Digər 358 müraciət üzrə mənfi rəy verilib və müraciət edənlərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı:

Türkiyə Respublikası (644), Rusiya Federasiyası (522), Ukrayna (407), Birləşmiş Krallıq (108), Gürcüstan (101).

Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:

İstanbul Universiteti (65), Xarkov Milli Daxili İşlər Universiteti (37), Tbilisi Humanitar Tədris Universiteti (34), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (32), Ukrayna Milli Mülki Müdafiə Universiteti (30)

Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:

Hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, menecment.

Qeyri-formal və informal təcrübənin tanınması

2024-2025-ci tədris ili ərzində formal təhsilə çıxış imkanı olmayan vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə 6 yeni peşə ixtisası üzrə (“Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “İnşaat ustası”, “Kompüter operatoru”, “Poliqrafiya üzrə dizayner” və “Təmirçi-çilingər”) qiymətləndirilmə və tanınma həyata keçirilərək peşə ixtisaslarının sayı 20-dən 27-yə çatdırılıb.

 

Cari tədris ilində qiymətləndirilmə və tanınma nəticəsində ümumilikdə 11 peşə ixtisası üzrə 196 nəfər vətəndaşa peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib.

Akkreditasiya qiymətləndirilməsi

2024-2025-ci tədris ilində ölkə üzrə 12 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Qrafikə uyğun olaraq, Naxçıvan Dövlət Universiteti, Azərbaycan İdman Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Bakı Dövlət Universitetinin Qazax filialında isə təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

 

11 ATM-də (Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də onun Ağcabədi, Quba, Cəlilabad və Şəki filialları, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) “İbtidai sinif müəllimliyi”  ixtisası və 7 ATM-də (Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də onun Ağcabədi, Quba, Şəki, Cəlilabad filialları, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti) “Məktəbəqədər təhsil” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib.

 

Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2024-2025-ci tədris ilindən başlayaraq növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsi və Gəncə Dövlət Universitetinin qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il üçün uzadılması, həmçinin 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub. Akkreditasiya Şurasının eyni tarixli iclasında dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə (Azərbaycan Dövlət Pedaqoji Universiteti - Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti - Ege, Bakı Mühəndislik Universiteti - İNHA Universiteti, ADA Universiteti - Corc Vaşinqton Universiteti) 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılaraq bu proqramlar üzrə nəticələr ictimaiyyətə elan edilib. Müvafiq iclasda həmçinin 3 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi nəticələri barədə qərar qəbul edilib. Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavriat səviyyəsində tədris olunan 2 ixtisası (“İnşaat mühəndisliyi” və “Nəqliyyat tikintisi mühəndisliyi”), magistratura səviyyəsində tədris olunan 1 ixtisası (“İnşaat mühəndisliyi”), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsində tədris olunan 3 ixtisası (“Operator sənəti”, “Aktyor sənəti” və “Teatrşünaslıq) və Azərbaycan İdman Akademiyasının bakalavriat səviyyəsində tədris olunan 1 ixtisası (“İdman menecmenti və kommunikasiya”), magistratura səviyyəsində tədris olunan 2 ixtisasının (“İdman tibbi və reabilitasiya” və “İdman menecmenti”) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.

 

 

Peşə təhsili səviyyəsində xarici keyfiyyət təminatı

4 peşə təhsil müəssisəsinin (Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

 

Təhsil fəaliyyətinin lisenziyalaşdırılması

TKTA 21 özəl təhsil müəssisəsinin (8 məktəbəqədər, 8 ümumi təhsil, 5 əlavə təhsil müəssisəsi) təhsil fəaliyyətinin lisenziyalaşdırılması ilə əlaqədar sahə baxışlarında və rəylərin formalaşdırılmasında iştirak edib.

“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı
Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Proqram çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlar üçün təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd  təqdim olunur. Hazırda təqaüd alan qızların sayı 131 nəfərdir.

“Zərif mühəndislər” təqaüd proqramı 
“Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər təqaüd almaqla yanaşı, təcrübə və təlim proqramlarından yararlanmaq, sahə səfərlərində iştirak etmək imkanı əldə edib.

“Parla” təqaüd və inkişaf proqramı 
Təhsilin İnkişafı Fondu “NEQSOL Holding” ilə birgə “Parla” təqaüd və inkişaf proqramını həyata keçirir. Əməkdaşlığa dair razılaşmaya əsasən, Azərbaycanda hər il 50 tələbə qız bu təqaüd proqramına qoşulur. Aylıq təqaüdlə yanaşı, proqram iştirakçılara təcrübə, mentorluq, təlimlərdə iştirak və “NEQSOL Academy” və “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanları yaradır. Bundan əlavə, proqram çərçivəsində qızlar ingilis dili, IELTS imtahanına hazırlıq üzrə kurslara cəlb edilir, IELTS imtahanında ödənişsiz iştirak etmək  fürsəti əldə edir, “Neqsol Holding”in qrup şirkətlərinin istehsalat zavodlarına sahə turlarında iştirak edirlər. 100 tələbə qız bu təqaüd proqramından yararlanıb. Onlardan 5-i şəhid yoldaşıdır.

"TələbəPlus" layihəsi
“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbək, promokod və endirimlərdən yararlana biləcəklər. Layihəyə 350-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və digər məkanlarda müəyyən güzəştlər edilir. Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 24 universitetdə bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə 200 minə yaxın tələbə “TələbəPlus” kartı ilə təmin edilməkdədir.

Ümumtəhsil müəssisələrinin təmir və tikintisi
Təhsilin İnkişafı Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olan “Təhsil müəssisələrinin infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” sahəsində Fond və “Silkway Vest aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulub. Hazırda 7 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır.  Bunlardan 5 -i Abşeron, 1-i Kürdəmir, 1-i isə Qubadlı rayonunda yerləşir.

 

“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və tələbələrin IELTS imtahanına təşviq edilməsi” layihəsi
2022-ci ildən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsi icra olunur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 600-dən çox akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. 2024-2025-ci tədris ilində layihədən 661 iştirakçı faydalanıb.


“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı” 
2024-cü ildə Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı” təsis edilib. Ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar üçün müraciət açıq elan edilib. Proqram çərçivəsində bütün mərhələlərdən uğurla keçən 23 tələbə 2024-2025-ci tədris ilində aylıq 200 manat məbləğində təqaüd qazanıb.

 

“ASAN xidmət” mərkəzlərində elm və təhsil xidmətləri

2024-2025-ci tədris ilində Şuşa və Naxçıvanda yerləşən “ASAN xidmət” mərkəzlərində elm və təhsil xidmətləri göstərilməyə başlanılıb. Bütün respublika üzrə elm və təhsil xidmətləri göstərən "ASAN xidmət” mərkəzlərində 27203 vətəndaşa xidmət göstərilib.

 

Dövlət Xidmətlərinin Elektron Reyestrində elm və təhsil xidmətləri

Dövlət Xidmətlərinin Elektron Reyestrində olan 39 elm və təhsil xidmətindən 24-ü yenilənib.

Seçilən
17
24
operativmedia.az

10Mənbələr