Azərbaycan və Özbəkistan FIFA U-20 2027 Dünya Çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, FIFA 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirməsinə başlayıb.

Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər.

Bu gün Azərbaycan Özbəkistanla birlikdə belə nüfuzlu yarışa ev sahibliyi etməyə tam hazırdır. Ölkəmizdəki bir sıra stadionlar beynəlxalq standartlara cavab verir.

Azərbaycan son illərdə bir sıra böyük turnirlərin təşkilində əhəmiyyətli təcrübə qazanıb. Bura AVRO-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatı daxildir.

FİFA və UEFA rəsmiləri Bakıda keçirilən mötəbər turnirləri yüksək qiymətləndiriblər.

Qeyd edək ki, FIFA U-20 dünya çempionatı hər 2 ildən bir keçirilir. Bu yarışda hamıdan çox Argentina (6 dəfə) və Braziliya (5 dəfə) yığmaları çempion olublar. Son çempion Uruqvay seçmə komandasıdır.

U-20 dünya çempionatı bu il Çilidə təşkil olunacaq. Növbəti - 2027-ci il dünya çempionatının ev sahibliyinə digər namizədlər barədə məlumat yoxdur. Böyük ehtimalla, FIFA 2 ildən sonra keçiriləcək yarışın ev sahibinin adını bu ilin sonunadək açıqlayacaq.