Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiq edilmiş, vergilərin azaldılmasını və borc tavanının artırılmasını nəzərdə tutan hökumət xərcləri haqqında qanun layihəsini imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
“Bu, tarixdə ən böyük qanun layihəsidir. Heç vaxt belə bir qanun olmayıb”, - Amerika lideri qeyd edib.
Onun sözlərinə görə, sənəd Amerika tarixində ən böyük vergi endirimini nəzərdə tutur.
Trampın “böyük gözəl qanun layihəsi” adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.
Vaşinqton administrasiyasının təşəbbüsü ilə hazırlanmış sənəd həmçinin, müdafiə xərclərinin artırılmasını, xüsusən də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasını təklif edir.
Bundan əlavə, o, sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirləri ehtiva edir, eyni zamanda, bu sahədə xərclərin artırılmasını nəzərdə tutur.
Qeyd edək ki, “SpaceX”in qurucusu, ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) sabiq koordinatoru İlon Mask borc tavanının 5 trilyon dollar artırılması da daxil olmaqla qanun layihəsini dəfələrlə tənqid edib. Həmçinin, Mask gələn il keçiriləcək aralıq seçkilərdə qanun layihəsini dəstəkləyən respublikaçı qanunvericilərin əleyhdarlarına kömək etməyə hazır olacağını bildirib.
Xatırladaq ki, iyunun əvvəlində Konqresin Büdcə Ofisi qanun layihəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin növbəti onillikdə ABŞ-nin büdcə kəsirinin 2,4 trilyon dollar artmasına səbəb ola biləcəyi ilə bağlı hesablamaları təqdim edib. Bu hesablamalara görə, 10 il ərzində büdcə gəlirləri 3,6 trilyon dollar azalacaq. Eyni zamanda, eyni müddət ərzində xərclərin 1,2 trilyon dollar azalacağı gözlənilir.
ABŞ Senatı qanun layihəsini iyulun 1-də, Nümayəndələr Palatası isə iyulun 3-də təsdiqləyib.
Hazırda ABŞ-nin borcu 36 trilyon dolları ötür.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.