AZ

ECO-nun Xankəndi Zirvəsi baş tutdu – Bu görüş regiona hansı iqtisadi töhfə verəcək?

Bu gün Xankəndi şəhəri mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. Burada İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Sammitin əsas mövzusu “Dayanıqlı və iqlim dəyişikliyinə davamlı bir gələcək naminə yeni İqtisadi Əməkdaşlıq Təşkilatı vizyonu” olub.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Məsud Pezeşkian, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və digər rəsmi şəxslər iştirak ediblər.

Zirvə görüşü çərçivəsində iqlim dəyişikliyi, dayanıqlı inkişaf, regional ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, eləcə də təşkilat daxilində islahatlar kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, üzv ölkələr arasında gələcək əməkdaşlıq perspektivləri və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Valyuta.az keçirilən Zirvə görüşünün iqtisadi məqamlarını iqtisadçı Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov bildirib ki, Xankəndidə keçirilən bu Zirvə görüşü bir çox aspektdən olduqca diqqətəlayiq və əhəmiyyətli tədbirdir:

“Bu görüşün həm siyasi, həm iqtisadi tərəfləri maraqlı idi. Xüsusilə iştirakçı dövlət başçılarının səsləndirdiyi fikirlər və təkliflər diqqətçəkicidir. Məsələn, İran Prezidenti Məsud Pezeşkianın azad ticarətlə bağlı söylədiyi təklifin icrası mümkündür. Lakin onun praktik effektivliyi üçün ilk növbədə üzv ölkələr arasında ticarət dövriyyəsi artırılmalıdır. Hazırda təşkilata üzv ölkələrin bir-biri ilə ticarət dövriyyəsi ümumi ticarət dövriyyəsinin 10 faizidir. Belə bir mühitdə azad ticarətin effektivliyindən danışmaq çətindir. Bu səbəbdən daxili istehsal artırılmalı və rəqabətqabiliyyətli məhsul istehsal edilməlidir ki, effektiv ticarət mühiti yaransın. Əgər iki ölkə eyni məhsulu həm idxal, həm də ixrac edirsə, bu, onların ticarət tərəfdaşlığına real töhfə vermir”.

Ekspert həmçinin qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin investisiya fəaliyyəti və regional dəhlizlərlə bağlı təklifləri də çox önəmli idi:

“Hesab edirəm ki, bu Zirvə görüşü regionda yeni bir diplomatik xəritənin formalaşmasına təkan verəcək. Təşkilata üzv ölkələr arasında əlaqələrin dərinləşməsi, strateji əməkdaşlığın güclənməsi hər bir iştirakçı ölkəyə öz töhfəsini verəcək. Azərbaycan bu ölkələr arasında ilklərdən olanlardır. Çünki təvəzökarlıqdan uzaq olsa da, Azərbaycan artıq bir yol göstərən ölkə formatında çıxış edir”.

Günay

Seçilən
15
valyuta.az

1Mənbələr