AZ

Qanunla haram, dinlə halal?

Son günlər sosial şəbəkələrdə və media resurslarında   geniş rezonansa səbəb olan bir xəbər cəmiyyətdə ciddi narahatlıq doğurub. Söhbət Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirovun 16 yaşlı bir qızı qaçırması barədə yayılan məlumatlardan gedir. İddialara görə, dini təhsil almaq məqsədilə məscidə gedən yeniyetmə qız axund tərəfindən Göyçaya aparılıb və orada onunla ailə qurmağa məcbur edilib. Məsələ ilə bağlı müxtəlif tərəflərdən səsləndirilən ziddiyyətli açıqlamalar isə hadisəyə münasibətdə suallar doğurmaqla yanaşı, dərin ictimai və hüquqi müzakirələrin əsasını qoyub.

Məlum olduğu kimi, yeniyetmə qız daha sonra sosial şəbəkədə video paylaşaraq, heç bir zorakılıqla qarşılaşmadığını, Turab Tahirovla könüllü şəkildə ailə qurduğunu bildirib. Lakin bu açıqlama cəmiyyətdəki narahatlığı azaltmaq əvəzinə, əksinə, daha da artırıb. Çünki məsələ sadəcə bir şəxsi münasibət deyil, həm də hüquqi, dini və mənəvi müstəviləri əhatə edir. Qızın atası Emin Babayev isə qəti şəkildə bildirir ki, qızı zorla aparılıb, onun razılığı alınmayıb və bu münasibət heç bir şəkildə qanunla əsaslandırıla bilməz. O, övladının həyatının, təhsilinin və gələcəyinin təhlükə altında olduğunu söyləyərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu hadisə təkcə bir ailənin faciəsi və ya fərdi insident kimi qiymətləndirilmir. Məsələ həm də yetkinlik yaşına çatmayan şəxslə dini nikah bağlamağın qanunvericiliklə tənzimlənməsi, dini və hüquqi normaların pozulması, məscid institutuna olan ictimai inamın sarsılması və gənc qızların təhlükəsizliyi ilə bağlı geniş miqyaslı müzakirələrin başlanmasına səbəb olub. Ən önəmlisi isə, bu tip hadisələrin cəmiyyətin gözünün önündə baş verməsi və bəzi hallarda "dini əsaslarla" ört-basdır edilməyə çalışılmasıdır.

Mövzu ilə bağlı İlahiyyatçı Yaşar Qurbanov Olaylar.az-a danışıb. İlahiyyatçı bildirib ki, İslamda valideyn razılığı olmadan qız qaçırıb evlənmək haramdır və belə bir kəbin batil sayılır:

"İslam dinində "qaçmaq" anlayışı - yəni bir qızın özbaşına qərar verərək, valideynin razılığı olmadan ailə qurması - qəbul edilmir. Hətta qız həddi buluğa çatsa belə, "mən istədiyimə qaçıb gedərəm, ailə quraram" düşüncəsi dinimizə ziddir. Çünki evlilik yalnız dini və hüquqi çərçivədə, düzgün formada kəsilmiş kəbinlə mümkündür. Kəbinin isə bir neçə əsas şərti var: qızın vəlisinin - yəni atası və ya digər yaxın kişi qohumunun - razılığı, iki şahidin iştirakı və mehrin müəyyən edilməsi.

Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) bu mövzuda çox aydın və qəti şəkildə buyurur:

"Əgər bir qadın vəlisinin izni olmadan evlənərsə, o kəbin batildir, batildir, batildir."

Bu ifadə bir neçə dəfə təkrar olunaraq məsələnin ciddiliyini vurğulayır. Deməli, ata və ya qanuni vəlinin icazəsi olmadan bağlanan nikah dini baxımdan keçərli sayılmır. Belə bir nikah nə doğru, nə də bərəkətli olar. Bu səbəbdən də qız qaçırmaq, məcburi şəkildə evlənmək və ya dini kəbinin qeyri-qanuni üsulla bağlanması cahillik və savadsızlıq sayılır. Təəssüf ki, bu cür hallar hələ də bəzi bölgələrimizdə yaşanır və insanlar bu davranışı dinlə əlaqələndirməyə çalışırlar. Halbuki bu, İslamın ruhuna ziddir".

İlahiyyatçı əlavə edib ki, dini vəzifə daşıyan şəxslər savadlı, məsuliyyətli olmalı, xüsusilə də qadınlara yönəlik dini təlimlər qadın din xadimələri tərəfindən keçirilməlidir.

"Bu cür hallarda kəbin kəsən şəxslərin - yəni imamların, axundların - məsuliyyəti daha da böyükdür. Dində nüfuz sahibi olan şəxslər ilk növbədə şəriət biliklərinə sahib olmalı, dini hökmləri dəqiq bilməli və savadlı yanaşmalıdırlar. Yalnız Qurani-Kərimi oxuya bilmək, ayə əzbərləmək və ya dini mərasimlərdə iştirak etmək imamlıq vəzifəsi üçün yetərli deyil. Həqiqi dini təhsil görmüş, məsuliyyətli, əxlaqlı, vicdanlı və Allahdan qorxan şəxslər məscidlərdə dini rəhbər olmalıdır.

Bəzi hallarda kəbinlərin, xüsusilə də qızqaçırma hallarının axundlar tərəfindən "halal" elan edilməsi, ciddi dini və hüquqi pozuntudur. Belə şəxslərin axund və ya imam təyin olunması düzgün deyil və bu, cəmiyyət üçün zərərli nəticələr doğura bilər. Dini vəzifə daşıyan insanlar hərəkət və qərarlarında İslamın prinsiplərinə əsaslanmalı, xalqı doğru yola yönəltməlidirlər.

Digər bir məsələ isə qadınların dini təhsili ilə bağlıdır. Əgər qadınlara Qurani-Kərim dərsi və ya dini maarifləndirmə keçirilirsə, bunu qadın din xadiməsi - dini təhsilli, savadlı bir qadın etməlidir. İslamda qadınlara dini dərslərin kişi din xadimləri tərəfindən keçirilməsi məqsədəuyğun sayılmır. Xüsusilə də məscid daxilində bu işlər daha həssaslıqla tənzimlənməlidir. Qadınlara dini bilikləri öyrətmək, onları maarifləndirmək üçün qadın müəllimələr yetişdirilməlidir. Axund və ya kişi imamın qadınlara dərs keçməsi, onları fərdi şəkildə təlim etməsi uyğun hesab olunmur və bu, dini prinsiplərlə ziddiyyət təşkil edir".

Yaşar Qurbanov  qeyd edib ki, ailə həyatı qurmaq məsuliyyət tələb edən bir qərardır. Bu qərar yalnız hissə və emosiyaya deyil, dini və hüquqi çərçivəyə əsaslanmalıdır. Valideyn razılığı, dini qaydalara uyğun kəbin, qarşılıqlı hörmət və məsuliyyət olmadan qurulan evliliklər nə dini, nə də ictimai baxımdan qəbul edilə bilər. Cəmiyyət olaraq bu məsələlərə ciddi yanaşmalı, din adı ilə savadsızlıq və cahilliyi təşviq edənlərə qarşı çıxmalıyıq.

Sosioloq Elçin Bayramlının  məsələyə münasibəti  isə  fərqlidir. Sosioloqun sözlərinə görə, bəzi gənclər 17 yaşında ailə qurmağa bioloji və psixoloji cəhətdən hazır olsa da, qanun bunu nəzərə almır və nikaha mane olur:

"Bu məsələ ilə bağlı həmin qız özü açıqlama verib və bildirib ki, 17 yaşı var. Heç bir zorakılıq tətbiq olunmayıb, hətta özü israrla ailə qurmaq istədiyini deyib. Onlar könüllü şəkildə nikaha daxil olublar. Doğrudur, bu hal hüquqi baxımdan nikah yaşından bir il aşağıdır. Problem də elə buradadır - bizdə nikah yaşı təbiətin bioloji qanunlarına zidd müəyyən olunub. Çünki həm oğlanlarda, həm də qızlarda 15-16 yaşında orqanizm bioloji olaraq ata-ana olmağa hazır olur. Bu min illərdir belədir, dünyanın bir çox ölkəsində də vəziyyət bu cürdür. Təbiətdə hər bir canlının cütləşmə yaşı orqanizmin bioloji hazırlığına uyğun təyin olunur. İnsan istisna deyil.

Bir çox ölkələrdə, xüsusilə də ABŞ və Avropada, 15-16, bəzən hətta 14 yaşda belə nikaha icazə verilir. Bizdə isə hüquqi sistem bioloji qanunlarla üst-üstə düşmür. Nəyə əsasən 18 yaş təyin olunub? Hansı elmi, tibbi və ya mənəvi arqumentə əsaslanır?

Allah insanı bu yaşda orqanizmi ilə birlikdə yaradıb və bu imkanları ona təbii olaraq verib. Bəziləri bu yaşda psixoloji və ya fiziki baxımdan hazır olmaya bilər - bu, fərdi haldır. Amma elələri də var ki, 17 yaşında tam şəkildə yetkin, savadlı, işləyən, psixoloji baxımdan hazır, ailə saxlamağa qadir olur. Belə halda bu şəxsin ailə qurmasına hansı əsasla maneə yaradılır?".

Elçin Bayramlı bildirib ki, təbiət 17 yaşda ailə qurmağa imkan verirsə, qanunların buna mane olması həm bioloji, həm də sosial baxımdan ziddiyyət yaradır.

"Maraqlıdır ki, 17 yaşında normal, əxlaqlı şəkildə ailə quranlara cəmiyyət hücum edir. Amma 15-16 yaşında sosial şəbəkələrdə açıq-aşkar əxlaqsızlıq edənlərə heç nə deyilmir. Bu nə deməkdir? Qanun 16 yaşda qızın qeyri-rəsmi münasibət yaşamasına dolayısı ilə imkan verir, amma 17 yaşda ailə qurmasına icazə vermir?

Əsl problem erkən evlilik deyil, gec evlənmədir. Gec ailə qurma tendensiyası genefondu zəiflədir, ailələrin qurulmasını azaldır. 35 yaşdan sonra oğlan və qızların evlənməsi çətinləşir."

Sosioloq vurğulayıb ki, qanunlar bioloji və mənəvi reallıqlara uyğunlaşdırılmasa, insanlar hüquqi deyil, təbii normaya üstünlük verəcək və bu, daha ciddi sosial problemlərə yol açacaq.

" Əsl faciə erkən evlilik deyil, 16 yaşdan başlayaraq əxlaqsızlıq mühitinin yayılmasıdır. Buna isə göz yumulur. Cəmiyyət artıq təbii, normal və mənəvi dəyərləri bir kənara atıb. Bu məsələ nə vaxtsa obyektiv yanaşma ilə həll olunmalıdır. İnsanlar biologiyaya uyğun yaşamalıdır. İnsan orqanizminin və anatomiyasının qanunlarını pozmaq, hüquqi zorla tənzimləməyə çalışmaq, nəticədə sosial problemlərə yol açır. Bu qanunlar düzgün və obyektiv olmadığı müddətdə, cəmiyyət tərəfindən qəbul edilməyəcək. Nəticədə insanlar hüquqi normanı yox, bioloji və mənəvi normaları əsas götürəcək. O zaman da heç kim bu insanları günahlandıra bilməz.

Zorla ailə qurdurma halları, əlbəttə ki, insan hüququ pozuntusudur və qanun çərçivəsində qarşısı alınmalıdır. Amma könüllü, qarşılıqlı razılaşma ilə qurulan ailələrə eyni münasibət göstərmək düzgün deyil. Əks halda, cəmiyyətdə ailə institutuna inam daha da zəifləyəcək, insanlar qanunsuz yollara yönələcək və nəticədə daha dərin sosial problemlər ortaya çıxacaq".

Səidə Ramazanova 

MÜƏLLİFDƏN SÖZARDI

Əgər bir gənc 16 yaşında ailə qura bilirsə, o zaman bu yaşda həmin gənc əsgərliyə gedə biləcəkmi? O, həyat yoldaşını və ola bilsin, tezliklə dünyaya gələcək uşağını dolandıra biləcəkmi? Kim ona və hansı işi verəcək? Hansı müəssisə onunla əmək müqaviləsini imzalayacaq? Hansı bank ona kredit verəcək? Hansı dövlət orqanı onun valideyn statusunu ciddiyə alacaq? Yaxud, bu yaşda ailə qurmaq ona hansı psixoloji yükü, hansı təhsildən, hansı gələcəkdən imtinanı bəxş edəcək? Dövlətin, hüququn, təhsilin və əmək bazarının rəsmi olaraq hələ "uşaq" hesab etdiyi bir insanın birdən-birə "ailə başçısı" rolunu üzərinə götürməsi nə dərəcədə məntiqlidir? Bəlkə də bu sualların cavabını biz artıq bilirik, amma cavabdan qaçırıq. Əgər cəmiyyətimiz bir gəncə yalnız 18 yaşdan sonra səsvermə haqqı verirsə, əsgərlik çağırışı göndərirsə, əmək münasibətlərini tənzimləyirsə - o zaman niyə bu sistemin içində 15-16 yaşlı bir qızın və ya oğlanın "ailə həyatı" normal hesab olunmalıdır? Hər şeyin başında duran əsas məsələ budur: biz nə qədər özümüzə səmimi cavab verə bilirik? Sırf fərdi razılıq ifadə olunub deyə, 16 yaşlı bir insanın ailə qurması cəmiyyət üçün qəbulolunanmı olmalıdır? Məncə, razılıq anlayışını sadəcə söz kimi yox, yetkin qərarvermə qabiliyyəti ilə ölçmək lazımdır. Və nəhayət, bu cür münasibətlərdə fərdi "seçim" deyil, sosial məsuliyyət, dövlət və cəmiyyət qarşısında cavabdehlik əsas götürülməlidir.

Bu  da  təptəzə  məlumat.Yardımlıda  repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi olan qızı qaçırıb. Qeyd edək ki, qız bu il 11-ci sinifi bitirib. Həmin məsələ ilə bağlı hazırda Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin araşdırma zamanı 17 yaşı tamam olmuş yeniyetmənin məktəbli olmadığı müəyyən edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
17
olaylar.az

10Mənbələr