AZ

Xıdırlı: “Prezidentlərin Tarixi Ziyarəti, Qarabağın Ürəyində Yeni Həyatın və Türk Birliyinin Simvolik Doğuluşu” - Politoloq » AzadMedia.az

Xıdırlı:
Ülkər Piriyeva
Politoloq


Bakı, 3 İyul — Azadmedia.az


3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Ağdam rayonunun Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirakı, təkcə bir infrastruktur layihəsinin deyil, yeni regional sabitlik modelinin rəmzinə çevrildi.

Xıdırlı kəndi – yalnız bir yaşayış məntəqəsinin bərpası deyil, Azərbaycanın post-münaqişə dövründə dövlət idarəçiliyinin, planlı inkişaf strategiyasının və milli iradəsinin təntənəsidir. Ən müasir urbanizasiya nümunələrinə əsaslanan kəndin tikintisi, təkcə fiziki məskunlaşma deyil, mədəni, sosial və iqtisadi reinteqrasiyanın canlı şahididir.

Bu səfərin beynəlxalq əhəmiyyəti isə təkcə iki qardaş ölkənin liderlərinin görüşü ilə məhdudlaşmır. Əksinə, bu, türk dövlətləri arasında qarşılıqlı dəstəyin, mənəvi həmrəyliyin və yeni dövrün çağırışlarına cavab verən geosiyasi birliyin nümayişidir. Qırğızıstan Prezidenti Sadır Japarovun işğaldan azad olunmuş ərazilərə səfəri, faktiki olaraq, Türk Dövlətləri Təşkilatının ruhunu Qarabağ torpağında yaşatmaq deməkdir.

Prezidentlərin Xıdırlı körpələr evi-uşaq bağçasında, klub-icma mərkəzində və Manas adına tam orta məktəbdə tanış olduqları şərait – Azərbaycanın “Ağıllı kənd” və “yaşıl enerji” konsepsiyasını da əks etdirir. Günəş panelləri ilə təchiz olunmuş uşaq bağçası, çoxfunksiyalı sosial obyektlər, geniş idman və oyun sahələri – bu kəndi təkcə yaşayış yeri deyil, gələcəyin model cəmiyyəti halına gətirir.

Heydər Əliyev siyasi irsinin davamı – bu obyektlər və bütövlükdə Xıdırlı kəndi layihəsi, Azərbaycanın sabit inkişafını təmin edən siyasi kursun davam etdirilməsi baxımından, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin təcəssümüdür..

Xüsusi diqqətəlayiq məqam – Prezidentlərin sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etməsi – dövlətin vətəndaşa olan birbaşa qayğısının və “xalq üçün dövlət” konsepsiyasının real təzahürüdür. Bu, həm də Azərbaycan dövlətinin Qarabağda hərtərəfli reinteqrasiya prosesinə və insan kapitalına verdiyi önəmin açıq mesajıdır.

Qırğız yurtasının məktəbin həyətində sərgilənməsi, bir simvol olaraq, ortaq türk mədəniyyətinin köklərinə ehtiramı və bu torpaqlarda birliyimizin tarixi hafizəsini yaşatmağı göstərir.

Bu ziyarət və kəndin istifadəyə verilməsi bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən yenidənqurma və bərpa siyasəti – qələbənin davamıdır. Bu qələbə artıq təkcə hərb meydanında deyil, həyatın bütün sahələrində – təhsildə, səhiyyədə, sosial təminatda və diplomatiyada öz bəhrəsini verir.

Seçilən
8
1
azadmedia.az

2Mənbələr