Prezident cənab İlham Əliyevin Özbəkistana investisiyaları prioritet elan etməsi Azərbaycanın bir sıra strateji məqsədlərinə xidmət edir.
Azərbaycanın neft-qaz sektorundan asılılığını azaltmaq üçün iqtisadiyyatın diversifikasiyası vacibdir. Özbəkistana investisiyalar bu prosesə töhfə verə bilər, çünki iki ölkə müxtəlif sahələrdə qarşılıqlı əlaqəli layihələr həyata keçirə bilərlər.
Artıq yaradılmış Birgə İnvestisiya Fondu praktiki olaraq layihələrlə təmin edilib və 10-dan çox layihə üzrə investisiya qərarları qəbul mərhələsindədir.
Özbəkistan Mərkəzi Asiyanın ən böyük ölkəsi olduğu üçün bu regionda Azərbaycanın təsirini artıra bilər. Bu da Azərbaycanın qlobal geosiyasi və geoiqtisqdi mövqeyini gücləndirir, yeni bazarlara çıxış imkanı yaradır.
Azərbaycan və Özbəkistan şəhərsalma, turizm, sənaye və kənd təsərrüfatı sahələrində əvvəllər razılaşdırılmış layihələrin icrası və yeni investisiya təşəbbüsləri barədə müzakirə aparıblar. Bu sahələr Azərbaycan üçün yeni ixrac imkanları və bazarları yarada bilər.
Özbəkistanın iqtisadi islahat prosesində qazandığı təcrübə və yeniliklər Azərbaycan üçün də faydalı ola bilər. Həmçinin, Azərbaycanın neft-qaz sektorundakı texnologiyaları və iqtisadi islahat təcrübəsi Özbəkistan üçün dəyərli sayıla bilər. Hər iki qardaş və müttəfiq ölkənin iqtisadi sahədə sıx əməkdaşlığı hər iki tərəfə böyük uğur vəd edir.
Tahir Mirkişili
Milli Məclisin deputatı