AZ

Biləsuvarda ölkənin ən böyük Günəş elektrik stansiyası tikilir FOTO

Biləsuvar, 3 iyul, İlkin Adıyev, AZƏRTAC

Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Biləsuvar rayonu ərazisində ölkənin ən böyük Günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, stansiya dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazini əhatə edəcək. Günəş elektrik stansiyasının ümumi gücü 445 meqavat olacaq ki, bu da ölkənin enerji sistemində dayanıqlığın artırılmasına mühüm töhfə verəcək.

Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəlahəddin Yunsurovun sözlərinə görə, hazırda tikinti sahəsində ofis düşərgəsinin qurulması, ərazinin hasarlanması və ilkin mobilizasiya işlərinə başlanılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər.

“Eyni zamanda, Biləsuvar rayonundan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır. Tikinti işlərinin növbəti mərhələsində transformator infrastrukturunun yaradılması və günəş panellərinin quraşdırılması işlərinə start veriləcək” , - deyə o əlavə edib.

Mütəxəssislərin fikrincə, stansiyanın fəaliyyəti nəticəsində hər il əhəmiyyətli miqdarda karbon qazı emissiyasının qarşısı alınacaq, bu isə həm ekoloji tarazlığın qorunması, həm də iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından olduqca vacibdir.

Qeyd edək ki, Biləsuvarda icra olunan bu layihə ölkədə bərpaolunan enerjidən istifadənin genişlənməsinə və enerji balansında təmiz enerji mənbələrinin payının artmasına mühüm təsir göstərəcək.

 

 

Seçilən
1
4
azertag.az

5Mənbələr