AZ

Azərbaycanın ARTAN NÜFUZU – ECO-nun Xankəndi zirvəsinin STRATEJİ PERSPEKTİVLƏRİ

Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçiriləcək. Tədbirdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları, o cümlədən bir sıra yüksəkvəzifəli rəsmiləri iştirak edəcəklər. Artıq işğaldan azad olunmuş ərazilərimizdə ECO çərçivəsində bir sıra mühüm forumlar da baş tutub.

ECO nədir?

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.

ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. ECO üzvləri arasındakı illik ticarət dövriyyəsi isə 76 milyard dollara çatır. Üstəlik, ECO ölkələrinə birbaşa xarici investisiya axını son vaxtlar 20 % artaraq 25,7 milyard dollara çatıb

Azərbaycanın ECO çərçivəsində təşəbbüsüləri

Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə təşkilata üzv olub.

Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Üstəlik, Azərbaycanın coğrafi mövqeyi təşkilata üzv ölkələr arasında inteqrasiyanın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan mühüm önəmə malikdir. Sözügedən kommunikasiyalar vasitəsilə Azərbaycan Orta Asiya ölkələri ilə Avropa arasında körpü rolunu oynayır.

Bundan əlavə, hazırda ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Bu baxımdan, Orta Dəhlizin Cənub marşrutu, Şimal-Cənub dəhlizinin ECO-ya üzv ölkələr üçün əhəmiyyəti danılmazdır.

Təsadüfi deyil ki, ECO-nun 16-cı Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev təşkilata üzv ölkələrlə logistika sahəsində əməkdaşlığı xüsusilə vurğulayıb:

“Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.

Azərbaycan-ECO əlaqələri

Azərbaycan 2006 və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) iki önəmli Zirvə görüşünə ev sahibliyi edib. Bu görüşlər regionun iqtisadi gələcəyinin qurulması istiqamətində atılan mühüm addımlar kimi tarixə düşüb.

5 may 2006-cı il tarixində Bakıda keçirilən Zirvə görüşü ilə təşkilat yeni inkişaf mərhələsinə qədəm qoydu. Bakı zirvəsi, nəqliyyat və enerji layihələrində qarşılıqlı əməkdaşlığın nə qədər vacib olduğunu nümayiş etdirdi. Toplantıda ECO Nəqliyyat-Transpoirt Çərçivə Sazişinin (TTFA) təsdiqlənməsi və ECO Ticarət və İnkişaf Bankının tam şəkildə formalaşdırılması kimi mühüm qərarlar qəbul edildi. Zirvənin sonunda imzalanan Bakı Bəyannaməsi isə regionun iqtisadi gələcəyinə dair ümidlərin rəmzinə çevrildi.

Altı il sonra – 16 oktyabr 2012-ci ildə keçirilən XII ECO Zirvə görüşü Bakı şəhərini bir daha regionun siyasi-iqtisadi mərkəzinə çevirdi. Zirvənin diqqət mərkəzində olan əsas mövzuları ticarət marşrutlarının canlandırılması, enerji təhlükəsizliyi və informasiya-kommunikasiya texnologiyalarının inkişafı idi.

ECO-nun 17-ci Zirvə görüşünün strateji əhəmiyyəti

Qeyd etməliyik ki, ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda, xüsusilə Xankəndidə keçirilməsi mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu tədbir Azərbaycanın regional liderlik mövqeyini gücləndirməklə yanaşı, post-münaqişə dövründə Qarabağın reinteqrasiyasına və inkişafına beynəlxalq diqqət cəlb edir.

Zirvə görüşü həmçinin bölgədə sülh, sabitlik və əməkdaşlıq mesajını verməklə yanaşı, nəqliyyat, enerji və yaşıl iqtisadiyyat sahələrində yeni təşəbbüslərə zəmin yaradacaq.

Ümümilikdə isə ECO-nun Xankəndi Zirvəsinin Azərbaycanın geosiyasi və iqtisadi hədəflərinə nail olması baxımından mühüm önəm daşıyacağı şübhə doğurmur.

Bizim.Media-nın analitik qrupu 

 

Seçilən
11
24
bizim.media

10Mənbələr