AZ

Müəllimlərin əmək məzuniyyəti ödənişləri necə hesablanır? - AÇIQLAMA

İlin müəyyən dövrlərində işçilərin hər biri əmək məzuniyyəti hüquqlarından istifadə edir. Belə işçilərdən biri də ilin 9 ayı dayanmadan şagirdlərə bilik ötürən müəllimlərdir.
 
Hər sahədə olduğu kimi müəllimlik peşəsinə yeni düzələn, bu yolda yeni-yeni addımlamağa başlayanları maraqlandıran suallardan biri də əmək məzuniyyətində olduqda bununla bağlı ödənişlərin necə hesablanması ilə bağlıdır.
 
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə hər il təqvimlə 56 gün müddətində əmək məzuniyyəti verilir:
 
 
"Eyni zamanda, Əmək Məcəlləsinin 139-cu maddəsində qeyd edilir ki, əmək məzuniyyətinin ödənişi işçinin son 12 təqvim ayı ərzində qazandığı orta əməkhaqqı əsasında hesablanır. Bu zaman işçinin əsas maaşı ilə yanaşı, daimi xarakterli əlavələr - vəzifə maaşına əlavə edilən staj, sertifikat, kurikulum, dərsdənkənar fəaliyyət, sinif rəhbərliyi və s. üzrə ödənişlər nəzərə alınır. Əmək Məcəlləsi 140-cı maddədə açıq şəkildə bildirir ki, əməkhaqqıdan yalnız vergi və məcburi dövlət ödənişləri çıxıldıqdan sonra ödənişlər həyata keçirilir.
 
Məzuniyyət haqqının hesablanması mexanizminə əsasən, işçinin son 12 ay ərzində qazandığı ümumi əməkhaqqı məbləği həmin dövrdəki faktiki iş günlərinin sayına bölünür və orta gündəlik əməkhaqqı müəyyənləşdirilir. Daha sonra bu məbləğ əmək məzuniyyəti günlərinin sayına vurularaq müəllimə ödəniləcək məzuniyyət haqqı müəyyən edilir. Əgər müəllim dərs ili ərzində yalnız bir neçə ay artımlı əməkhaqqı alıbsa (məsələn, sertifikasiya nəticəsində əlavə alıbsa), bu artım yalnız həmin ayların hesablamasında nəzərə alınır. Bu isə onu göstərir ki, maaş artımı məzuniyyət ödənişinə dərhal deyil, yalnız orta hesabla və zamanla təsir edir".
 
Ekspertin sözlərinə görə, 2024-cü ilin ilk yarısında sertifikasiyadan keçən müəllimlərin maaşında 35%-ə qədər artım edilsə də, bu artımların məzuniyyət ödənişinə tam şəkildə əks olunmadığına dair şikayətlər artıb:
 
"Bunun əsas səbəbi artımın yalnız son bir neçə ayda tətbiq olunması və 12 aylıq ortalama məbləğə təsirinin nisbətən aşağı olmasıdır. Həmçinin bəzi hallarda məktəblərin mühasibatlıq bölmələri artımlı maaşları sistemə vaxtında daxil etmədikləri üçün məzuniyyət pulu əvvəlki maaşa əsasən ödənilib. Bu isə müəllimlər arasında haqlı narazılıq doğurur və sistemin şəffaflıq səviyyəsini sual altına alır.
 
Müsbət tərəf ondan ibarətdir ki, son illərdə Təhsil Nazirliyi və Maliyyə Nazirliyi arasında əlaqələndirmə gücləndirilib və ödənişlər "Maliyyə Nazirliyinin Mühasibat Uçotu və Hesabat Sistemi" (BAP) və MİDA-nın sistemi üzərindən elektron şəkildə həyata keçirilir. Bu isə subyektiv müdaxilələri azaldır, lakin texniki və vaxtında məlumat daxiletmə məsələsi hələ də problem olaraq qalır. Qanunvericilikdəki əsaslandırmalar olsa da, bu mexanizmlərin izahı müəllimlər üçün açıq şəkildə təqdim edilmir, onların çoxu hansı məbləğin necə hesablandığını anlamır".
 
Kamran Əsədov vurğulayıb ki, dünya təcrübəsində müəllimlərin məzuniyyəti və bu dövrdə aldıqları ödənişlər daha sadələşdirilmiş və stabil modelə əsaslanır:
 
"Məsələn, Finlandiyada müəllimlərin illik əməkhaqqısı əvvəlcədən məzuniyyət müddəti də nəzərə alınmaqla planlaşdırılır və yay aylarında maaşdan heç bir fərq olmadan ödəniş davam edir. Almaniyada isə müəllimlərin əməkhaqqı sabit illik müqaviləyə əsaslandığı üçün məzuniyyət dövründə ayrıca ödəniş hesablanmır. Azərbaycanda isə bu məsələ çox vaxt texniki və mühasibatlıq məsələsinə çevrilir, bu da həm prosesin mürəkkəbliyinə, həm də inamsızlığa səbəb olur".
 
Onun sözlərinə görə, məzuniyyət ödənişlərinin ədalətli, şəffaf və müəllimlərin aldığı real əməkhaqqına uyğun olması üçün bir sıra dəyişikliklərə ehtiyac var:
 
"Əvvəla, artımların tətbiq olunduğu dövrün və ödənişin dərhal və tam şəkildə məzuniyyət haqqına əks olunması təmin edilməlidir. Bunun üçün sistemdə ayrı-ayrı aylar üzrə əməkhaqqı məlumatları daha detallı şəkildə nəzərə alınmalı və avtomatlaşdırılmış hesablama mexanizmləri təkmilləşdirilməlidir. Eyni zamanda, müəllimlərə öz maaş məlumatları və məzuniyyət haqqının hesablanma qaydası ilə bağlı açıq məlumat platforması təqdim olunmalıdır. Bu, həm inamı artırar, həm də sualları azaldar.
 
Əgər bu dəyişikliklər həyata keçirilərsə, müəllimlər arasında yay aylarında yaranan narazılıq azalacaq, sistemə inam güclənəcək və dövlətin apardığı əməkhaqqı islahatları öz real nəticəsini göstərəcək. Məzuniyyət haqqı təkcə ödəniş deyil, müəllimin əməyinin dəyəridir. Bu dəyəri qorumaq isə təhsil sisteminə verilən hörmətin göstəricisidir".
Seçilən
13
3
moderator.az

4Mənbələr