AZ

Torpaqların deqradasiyası nədir?

Torpaq təkcə əkin sahəsi və ya təbii resurs deyil, həm də həyatın təməlidir. Qida istehsalı, su dövranı, ekoloji tarazlıq və canlıların yaşayışı kimi bir çox funksiyanı yerinə yetirən torpaq örtüyü minilliklər boyu insan fəaliyyətindən təsirlənib. Artan əhali, intensiv kənd təsərrüfatı, sənayeləşmə və düzgün olmayan torpaq istifadə üsulları bu qiymətli resursun tədricən zəifləməsinə, bəzən isə tamamilə yararsız hala gəlməsinə səbəb olur. 
Bu proses torpağın deqradasiyası adlanır.

Torpaqların deqradasiyası bu gün dünya miqyasında ekoloji problemlər sırasında ən təhlükəli və təcili həll tələb edən məsələlərdən biridir. Bu proses təkcə torpağın məhsuldarlığını itirməsi ilə kifayətlənmir, həm də iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və sosial-iqtisadi sabitsizlik kimi ciddi nəticələrə gətirib çıxarır. Bu baxımdan, torpaqların deqradasiyasının səbəblərini, nəticələrini və qarşısının alınması yollarını öyrənmək, həm elm, həm də cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Bəs torpaqlar necə deqradasiyaya uğrayır? 

Valyuta.az torpaqların deqradasiya səbəbləri və nəticələri haqqında yazını təqdim edir:

Torpaq deqradasiyasının bir neçə əsas səbəbi var:

Bunlardan biri eroziyadır. Belə ki, bu prosesdə külək və ya suyun təsiri ilə torpaq qatı yuyulur və ya daşınır. Şoranlaşmada isə torpaqda həddindən artıq duzların yığılması baş verir. 
Kimyəvi çirklənmə ilə deqradasiyaya uğrayan torpaqlar pestisidlər, gübrələr, sənaye tullantıları və ağır metallarla zəhərlənir.

Sıxılma (kompaktlaşma) texnika və mal-qaranın torpaq üzərində hərəkəti nəticəsində hava keçiriciliyinin azalması deməkdir. Torpaq strukturlarının pozulması isə yanlış becərmə, daim eyni növ bitkinin əkilməsi (monokultura), suvarma və drenaj sistemlərinin düzgün tətbiq edilməməsi ilə baş verir.

Orqanik maddələrin azalması zamanı isə humusun tərkibi aşağı düşür.

Torpaqları ən böyük deqradasiyaya uğradan ən böyük səbəblərdən biri meşələrin və otlaqların məhv edilməsidir. Çünki bitki örtüyünün yox olması eroziyanı sürətləndirir.

Torpaq deqradasiyasının ağır nəticələri olur

Bu zaman əkin üçün yararlı torpaq sahələri azalır, kənd təsərrüfatı məhsuldarlığı aşağı düşür, biomüxtəliflik itir, su resurslarının keyfiyyəti və miqdarı azalır, iqlim dəyişiklikləri sürətlənir və bunların nəticəsi olaraq əhali müxtəlif sosial-iqtisadi problemlərlə üzləşir.

Bütün bu problemləri aradan qaldırmaq üçün torpaqların deqradasiyasının qarşısını almaq lazımdır. Bunun üçün də müxtəlif üsullar var:

- Eroziyanın qarşısını alan tədbirlər (məsələn, kontur əkinçilik, terraslama)
- Torpağın üzvi maddələrlə zənginləşdirilməsi (kompost, yaşıl gübrə)
- Suyu səmərəli istifadə edən suvarma üsulları (damcı suvarma və s.)
- Torpağın münbitliyini qoruyan növbəli əkin sistemi
- Ağaclandırma və meşələrin bərpası
- Torpağın çirklənməsinin qarşısını almaq üçün tullantıların idarə olunması

Qeyd edək ki, torpaq canlı həyat üçün əsas təməl komponentlərdən biridir. Torpaqların deqradasiyası yalnız kənd təsərrüfatı sahələrini deyil, bütün ekosistemi və insan həyatını təhlükə altına salır. Buna görə də torpaqdan düzgün istifadə və onun qorunması təkcə fermerlərin deyil, bütün cəmiyyətin məsuliyyətidir.

Günay

Seçilən
21
1
valyuta.az

2Mənbələr