Tural İsmayılov: "Jurnalistlər günahsızdırsa, buyursunlar, məhkəmədə sübut etsinlər"
Rusiyanın bir sıra yerlərində, xüsusən də Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşilik, zorakılıq faktı Azərbaycan dövləti və cəmiyyətində haqlı qəzəbə səbəb olub.
Xatırladaq ki, bu zorakılıq və işğəncələr nəticəsində 2 soydaşımız öldürülüb. Baş vermis məlum hadisələrə görə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə təqdim edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiyanın notasında 2 rus jurnalistin dərhal azad olunması xüsusi olaraq vurğulanır. Maraqlıdır, xüsusi ittiham qaydasında həbs edilən şəxs necə dərhal sərbəst buraxıla bilər? Hər kəsə bəllidir ki, Azərbaycan hüquq dövlətidir. İttiham edilən şəxs hüquqi prosedur keçməlidir. Bu, beynəlxalq hüquqda var.
"Moskvanın təqdim etdiyi bu şifahi nota əslində daxili ictimai fikrə hesablanmış qeyri-ciddi bir addımdır"
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən zorakılıq və qəddarlıq faktları istər dövlət, istərsə də ictimaiyyət səviyyəsində dərin hiddət doğurub: "Hər iki soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi insanlığa sığmayan bir cinayətdir və buna susmaq mümkün deyil. Azərbaycan dövləti bu məsələdə prinsipial və ardıcıl mövqe sərgiləməkdədir. Lakin Rusiya tərəfinin öz jurnalistlərinə görə dərhal azadlıq tələbi həm siyasi etikaya, həm də hüquqi reallıqlara ziddir.
Sual yaranır: ağır cinayət ittihamı ilə xüsusi ittiham qaydasında həbs olunan şəxs hansı qanunla dərhal azad edilə bilər? Azərbaycan hüquq dövlətidir, burada qanun ali, istintaq isə müstəqildir. Moskvanın təqdim etdiyi bu şifahi nota əslində daxili ictimai fikrə hesablanmış qeyri-ciddi bir addımdır.
Heç kim qanundan üstün deyil və hüquqi prosedurlar istisnasız olaraq hər kəsə şamil olunur. Beynəlxalq hüquq da məhkəmə qərarı olmadan müdaxiləni yolverilməz sayır. Rusiya öz ərazisində insan hüquqlarını tapdalayır, amma Bakıda hüquqi prosesə təzyiq göstərməyə çalışır. Bu, ikili standartların və imperial davranış tərzinin təzahürüdür.
Azərbaycan tərəfi bu məsələdə nə emosiyalarla, nə də təzyiqlə qərar verir – faktlar, sübutlar və qanun əsas götürülür. Rusiya isə bu zorakılıqlara görə cavab vermək əvəzinə, günahı başqa istiqamətə yönəltməyə çalışır. Əgər jurnalistlər günahsızdırsa, buyursunlar, məhkəmədə sübut etsinlər. Qanun varsa, ona hörmət olunmalıdır. Azərbaycanın səssiz qalması mümkün deyil, çünki vətəndaşlarının hüquqları və həyatı onun qırmızı xəttidir. Bu məsələ sıradan bir hadisə deyil – həm hüquqi, həm də siyasi nəticələri olacaq".
Günel CƏLİLOVA