AZ

"Qəzzada atəşkəs yaxındadır: Tramp və ərəb ölkələri HƏMAS-la razılaşmaya doğru irəliləyir"

"Vaşinqton, Qahirə və Doha arasında üçtərəfli koordinasiya nəticəsində 60 günlük atəşkəsin əldə olunması real görünür..."

İsrailin HƏMAS-a qarşı müharibəsində dönüş nöqtəsi yaxınlaşır. ABŞ, Qətər və Misir diplomatik səyləri gücləndirərək, tərəfləri 60 günlük atəşkəsə razı salmağa çalışır. Prezident Donald Trampın sözlərinə görə, İsrail artıq atəşkəslə bağlı əsas şərtlərlə razılaşıb və indi top HƏMAS-ın meydanındadır.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Tramp sosial şəbəkədəki paylaşımında bildirib: "Bu gün nümayəndələrimiz israillilərlə uzun və məhsuldar görüş keçirdilər. İsrail 60 günlük atəşkəsin əldə olunması üçün lazım olan şərtləri qəbul etdi. Ümid edirəm ki, HƏMAS bu razılaşmanı qəbul edəcək, çünki vəziyyət daha yaxşı olmayacaq, yalnız pisləşəcək".

Qətər və Misir vasitəçiləri artıq HƏMAS-a son təklifi çatdırıblar. Regionda gərginliyin artdığı bir dövrdə belə bir diplomatik imkanın yaranması tərəflər üçün nadir fürsət sayılır. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bəyan edib ki, "əgər bu şans indi dəyərləndirilməzsə, sonradan çox gec ola bilər".

Zəfərin açarı bütün girovların azad edilməsidir

ABŞ Dövlət katibi Marko Rubio ötən həftə israilli girov ailələri ilə görüşündə bildirib ki, "İsrail artıq İranda və Livanda uğur qazanıb, lakin əsl zəfər Qəzzada bütün girovlar evə qayıtdıqda əldə olunacaq". Hazırda HƏMAS-ın əlində 50-dən çox israilli girov olduğu bildirilir, onlardan yalnız 20 nəfərin sağ olduğu təsdiqlənib.

Ailələr ABŞ administrasiyasına tam etimad göstərərək vahid razılaşma ilə bütün girovların azad olunmasını tələb edir. İsrail müdafiə naziri İsrael Kats isə bəyan edib ki, "Qəzzada əməliyyatın sonuna yaxınlaşırıq". Bu bəyanat həm hərbi əməliyyatların tədricən zəiflədiyini, həm də diplomatik həll üçün real fürsət yarandığını göstərir.

Misir və ABŞ-dan razılaşdırılmış mesajlar

Misir xarici işlər naziri Bədr Əbdül-Ati də bildirib ki, "İsrail və HƏMAS arasında razılaşdırılmamış məsələlər qalır, amma 60 günlük atəşkəsin əldə olunması üçün real imkan var. Bu müddət ərzində humanitar yardım Qəzzaya çatdırılacaq və danışıqlar yekunlaşdırılacaq".

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun yaxın günlərdə Qahirəyə gedəcəyi gözlənilir. Vaşinqton eyni zamanda Netanyahunun hökumətinə təzyiq edərək HƏMAS-la razılaşma istiqamətində irəliləyişə nail olmağa çalışır. Ağ Evdə keçiriləcək görüşdə bu məsələ bir daha gündəmdə olacaq.

HƏMAS güzəştə meyllidir

İsrail-İran müharibəsi fonunda HƏMAS da əvvəlkindən daha güzəştli mövqe sərgiləməyə başlayıb. Qəzzaya qarşı beynəlxalq qınaqlar və bölgədə artan təzyiqlər nəticəsində təşkilat dialoqa daha açıq görünür. Qətər, ABŞ və Misir bu fürsəti dəyərləndirməyə çalışır.

Tramp Netanyahunun  iyulun 7-də Vaşinqtonda keçiriləcək görüşündə "böyük irəliləyişlərin" elan ediləcəyini istisna etmir. Əgər HƏMAS son təklifə "hə" deyərsə, Qəzzada müharibə real olaraq bitə bilər.

HƏMAS-ın tərksilahı, liderlərinin taleyi, müharibədən sonrakı Qəzzanın idarə olunması kimi bir çox çətinliklər qalmaqda davam etsə dı, 60 günlük atəşkəs razılaşması bu problemlərin diplomatik yolla həllinə yol aça bilər. Vaxt daralır, fürsət qapısı isə bu dəfə həqiqətən açıqdır.

Seçilən
30
17
moderator.az

10Mənbələr