AZ

Azərbaycan-Özbəkistan qardaşlığı: siyasi güvən və iqtisadi tərəfdaşlıq genişlənir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanda səfərdədir. Qonaqla Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilib, bir sıra məsələlər müzakirə olunub.

Həmçinin, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Dövlət başçıları arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Ardınca liderlər mətbuata bəyanatlarla çıxış ediblər. Bununla yanaşı, prezidentlərin iştirakı ilə Azərbaycanda Özbəkistan səfirliyinin yeni binasının açılışı olacaq.

Politoloq Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ən yüksək səviyyəyə çatıb.

Ekspert bildirib ki, Azərbaycanla Özbəkistanın münasibətləri həm strateji, həm də siyasi və iqtisadi baxımdan mühüm önəm kəsb edir:

"Azərbaycan və Özbəkistan arasında mədəni sahədə də əməkdaşlıq inkişaf etməkdədir. Bu gün iki ölkə arasında bir çox sahədə yeni sənədlər imzalanıb. Həmçinin, Özbəkistanın Azərbaycanda yeni səfirlik binasının açılışı olacaq. Bunun özü çox mühüm hadisədir. Azərbaycanın iqtisadi baxımdan Orta Asiya ölkələri, xüsusən türk dövlətləri ilə sıx əməkdaşlığı, qarşılıqlı investisiya qoyuluşları, ticarət əlaqələrinin dərinləşməsi ikili və çoxtərəfli münasibətlərin inkişafına, türk dünyasının güclənməsinə önəmli töhfələr verir. Özbəkistanla ticarət dövriyyəmiz yarım milyard manatı keçib. Bu, kifayət qədər böyük rəqəmdir və daha da artacağı gözlənilir".

Samir Hümbətov: Prezidentlərin qarşılıqlı səfərlərinin intensiv hal alması da ikili əlaqələrin dərinləşməsinə ciddi töhfədir

S.Hümbətov qeyd edib ki, Özbəkistanla siyasi əlaqələri də inkişaf etdiririk:

"Siyasi arenada bir-birimizi dəstəkləyirik. Özbəkistan Ermənistanla hələ də bu və ya digər formada diplomatik əlaqələr yaratmayıb. Bu da Bakı ilə olan münasibətlərdən qaynaqlanır. Tarixi köklərimiz, etnik mənsubiyyətimiz, dilimiz, dinimiz birdir. Prezidentlərin qarşılıqlı səfərlərinin intensiv hal alması da ikili əlaqələrin dərinləşməsinə ciddi töhfədir. İl ərzində ən azı bir dəfə Azərbaycan Prezidenti Özbəkistana, Özbəkistan prezidenti isə Azərbaycana səfər edir".

Aydın Baxış

Seçilən
24
50
bakivaxti.az

10Mənbələr