"Dil bizim əlimizdə strateji silahdır, informasiya terrorunda qalib gəlmək üçün vasitədir".
Bu sözləri Redaktor.az-a açıqlamasında filologiya elmləri doktoru, təhsil eksperti Vüsalə Ağabəyli bildirdi. Onun sözlərinə görə, son dövrdə, xüsusilə Azərbaycan və Rusiya arasında baş verən gərginlik fonunda ölkəmizdə rusdilli məktəblərin fəaliyyətinə münasibət yenidən ictimai müzakirələrin əsas mövzusuna çevrilib:
"Bəziləri rusdilli məktəblərin bağlanmasını milli təhlükəsizlik və milli kimliyin qorunması və Rusiyaya qarşı kəskin mövqeyin sərgilənməsi baxımından zəruri hesab edirlər. Digərləri isə bu məktəbləri çoxdilli cəmiyyətin və beynəlxalq imkanların bir hissəsi kimi görürlər. Məsələ olduqca mürəkkəb və çoxşaxəlidir, bu səbəbdən həm tərəfdarların, həm də əleyhdarların arqumentlərinə diqqət yetirmək vacibdir. Rusdilli məktəblərin bağlanmasını təklif edənlərin əsas arqumenti Rusiyanın Azərbaycana qarşı dəfələrlə etdiyi cinayətkar əməllər, milli təhlükəsizlik və informasiya suverenliyi ilə bağlıdır. Son dövrlərdə Azərbaycana qarşı xarici mediada, xüsusilə rusdilli mənbələrdə aparılan təbliğat kampaniyaları cəmiyyətdə haqlı narahatlıq doğurur. Bu kontekstdə, çox güman ki, rusdilli məktəblərin bağlanmasını tələb edənlər rusdilli təhsil müəssisələrinin ölkə daxilində müəyyən ideoloji təsirlərə yol aça biləcəyindən də narahatdırlar".
Ekspert qeyd etdi ki, dövlət dili olan Azərbaycan dilinin hər sahədə üstün mövqedə olması, gənc nəslin milli-mənəvi dəyərlərlə yetişdirilməsi baxımından vacib hesab edilir:
"Lakin rus dilində tədrisin dayandırılması mübarizə metodu deyil, əksinə rusdilli siyasi, ictimai mütəxəssislərimizin sayının çox olması bizə məhz Rusiyanın daxili strukturundakı cinayətkarları ifşa etmək, təbliğat apara bilmək və polemikaya girmək baxımında çox faydalıdır. Biz öz dərdimizi, problemimizi öz həmvətənlərimiz arasında öz dilimizdə müzakirə etsək kim bizi eşidəcək? İngilisdilli, rusdilli faydalı mütəxəssislər bizə informasiya terrorunda da qalib gəlmək üçün lazımdır. Dil əlimizdə bir silahdır, biz bu gün BDU, ADU kimi universitetlərdə erməni dilini tədris ediriksə, bu mövqe də bizim üçün strateji baxımdan əhəmiyyətlidir. Rusiya artıq bizim üçün açıq düşmənə çevrilirsə, bizim milli dəyərlərə sadiq rusdilli təhsil ordumuzdan da qorxmalıdır, biz onları məhz öz dilləri ilə ifşa edə bilərik. Digər tərəfdən isə rus dili postsovet məkanında və beynəlxalq elmi sahədə hələ də əhəmiyyətli mövqeyə malikdir. Rus dilini bilmək Azərbaycan gəncləri üçün əlavə imkanlar yarada, onların təhsil, elm və biznes sahəsindəki perspektivlərini genişləndirə bilər. Üstəlik, Azərbaycan cəmiyyəti multikultural və çoxmillətli bir strukturda formalaşmışdır və tolerantlıq ideologiyasını sərgiləyir. Biz bu gün bütün dünyaya zalım, qəddar, amansız olmadığımızı sübut edirik, bütün dünya görür ki, erməni belə, arzulayırsa, Qarabağ torpaqlarında müstəqil şəkildə yaşaya bilər. Biz buyuq, barbar deyilik, humanizm tərənnümçüsüyük".
V.Ağabəyli qeyd etdi ki, ölkəmizdə, xüsusilə Bakıda fəaliyyət göstərən bir çox rusdilli məktəb və liseylər yüksək təhsil səviyyəsi ilə seçilir, ölkəmizin elmi və texnoloji potensialına töhfə verən məzunlar yetişdirirlər.
"Bu məktəblər təkcə rus dilində deyil, həm də Azərbaycan dili və ədəbiyyatına önəm verən, şagirdlərini hər iki dildə yetişdirən müəssisələr kimi tanınırlar. Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, rusdilli məktəblərin tamamilə bağlanması radikal və nəticələri qeyri-müəyyən bir addım olar. Bunun əvəzinə, daha real və effektiv yanaşma bu məktəblərin fəaliyyətinin ciddi dövlət nəzarətinə alınmasıdır. Son illər rusdilli məktəblərdə tədris proqramlarının Azərbaycanın milli maraqları və dəyərləri ilə uyğunlaşdırılması və dövlət dilinin tədrisdə üstün mövqeyinin qorunması kimi məsələlərə xüsusi əhəmiyyət verilir. Nəticə etibarilə, Azərbaycanın gələcəyi üçün ən sağlam yol, milli dəyərlərini, azərbaycançılıq ideologiyasını və dövlət dilini qorumaqla yanaşı, çoxdilli təhsil mühitini idarəedilən, şəffaf və milli maraqlara uyğun şəkildə inkişaf etdirməkdir",-deyə o bildirdi.
Nuriyyə NATİQQIZI