BAKI, 2 iyul. TELEQRAF
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti kimi Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Azərbaycan öz təbii sərvətləri, unikal mədəniyyəti və xalqının qonaqpərvərliyi ilə unudulmaz təəssüratlar yaradır. Bu ölkə öz mədəni irsinə qayğıkeş münasibətin parlaq nümunəsini yaradıb. Burada Xalça Muzeyi, Qobustan, İçərişəhər və sair kimi müasir muzeylərin, mədəniyyət mərkəzlərinin və muzey-qoruqların yaradılması sayəsində ənənələr uğurla qorunur və təbliğ edilir.
Azərbaycan böyük türk xalqları ailəsində haqlı olaraq layiqli yer tutur və onun zəngin tarixi-mədəni irsi ümumtürk mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, məhz Bakıda türk dünyasını birləşdirən dəyərlərin qorunması və təbliği sahəsində səmərəli iş aparmaq üçün hər cür şərait yaradılıb.
- Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasındakı zərurəti necə ifadə edə bilərsiniz?
- Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması və təbliği yolunda mühüm bir mərhələ olub. Fond2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Türk dünyası dövlət başçılarının dəstəyi ilə təsis edilib. Bu təşəbbüs Azərbaycanın türk mədəni irsinin qorunması və inkişafı sahəsində uzaqgörən və məqsədyönlü siyasətinin bariz ifadəsi idi.
Azərbaycan Prezidentinin andiçmə mərasimində söylədiyi bu sözlər xüsusi simvolik əhəmiyyətə malikdir: “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır”. Bu ifadə Fondun yaradılmasının nə qədər strateji əhəmiyyətə malik olduğunu və türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və tanıdılması işində güclərin birləşdirilməsinin zəruriliyinə dərin inamı açıq şəkildə ortaya qoymuş oldu. Bütün bunları nəzərə alaraq, əminliklə demək olar ki, Fondun fəaliyyəti uğurludur və məhz onun yaradılma məqsədinə tam şəkildə xidmət edir.
- 2012-ci ildə Bişkekdə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun ötən dövr ərzindəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? Bu fəaliyyəti qənaətbəxş hesab etmək olarmı?
- Ötən illər ərzində Türk Mədəniyyəti və İrsi Fondu mühüm formalaşma və inkişaf mərhələlərindən keçib. Hər bir beynəlxalq təşkilat kimi, Fond da öz fəaliyyətinə normativ-hüquqi bazanın formalaşdırılması, nizamnamə məqsədlərinin təsdiq edilməsi, təşkilati və maliyyə məsələlərinin həlli və beynəlxalq kollektivin yaradılması ilə başlayıb. Bu gün Fond təşkilata üzv dövlətlərdən olan diplomatları və mütəxəssisləri birləşdirərək, tam gücü ilə fəaliyyət göstərir.
Artıq iki ildir ki, Fondun əsas tənzimləyici orqanı olan və iştirakçı və müşahidəçi ölkələrin Mədəniyyət Nazirləri səviyyəsində fəaliyyət göstərən Şurasının iclası uğurla keçirilir. Dövlət başçılarının qərarı ilə bu il Özbəkistanın Fonda tamhüquqlu üzv, Türkmənistanın isə Macarıstanla yanaşı, müşahidəçi qismində qoşulması mühüm bir nailiyyət oldu. Fondun fəaliyyəti “Türk Dünyası Vizyonu - 2040” və “TURKTIME” kimi strateji sənədlərə, eləcə də Dövlət başçılarının, Xarici İşlər nazirliklərinin və Mədəniyyət nazirliklərinin tapşırıqlarına əsaslanır. İşlər Fondun Şurası tərəfindən təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq aparılır.
Fond yüksək etimad qazanıb: bizə mədəni təşəbbüslərin dəstəklənməsi ilə bağlı çoxsaylı təkliflər daxil olur. Məsələn, 2024-cü ildə biz 25 tədbirin keçirilməsini planlaşdırmışdıq, lakin nəticədə ümumtürk mədəni irsinin qorunmasına və təbliğinə yönəlmiş 75 irimiqyaslı tədbir keçirdik və onlarda iştirak etdik. Bu tədbirlər həm türk dünyası ölkələrində, həm də onun hüdudlarından kənarda baş tutub. Belə ki, bu iki il ərzində Fond tərəfindən Bişkek şəhərində (Qırğızıstan) Alıkul Osmonovun ev-muzeyinin bərpa işləri tamamlanıb, Fondun nəzdində Bərpaçılar və Tarixçi-memarlar Assosiasiyası yaradılıb, Türk ölkələrində Türk dünyasının tarixi-mədəni irsi məsələlərinə həsr olunmuş bir sıra konfranslar keçirilib, bütün dünyada beynəlxalq təşkilatlarla birgə, o cümlədən türk dünyasının əlamətdar tarixlərinə və mühüm hadisələrinə həsr olunmuş sərgilər, dəyirmi masalar kimi bir sıra tədbirlər həyata keçirilib.
- Fondun Nizamnaməsində türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təşviqi sahəsində mütəxəssis hazırlığına dəstək nəzərdə tutulmuşdur. Bu istiqamətdə hansı addımlar atılıb?
- Fond tərəfindən İstanbul (Türkiyə), Türküstan, Almatı, Jambul və Şərqi Qazaxıstan vilayətlərində (Qazaxıstan) ümumtürk maddi irsinin bərpası və qorunması üzrə təhsil proqramları təşkil edilib. Bu proqramlar Şimali Qazaxıstan və Mangistau yarımadası vilayətlərində və Türkiyənin Kapadokya bölgəsində davam etdiriləcək. Tərəfimizdən Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanda dilçilik, filologiya, bərpa və musiqi türkologiyası sahələrində Türk Mədəniyyəti və İrsi Mərkəzləri açılıb, Antalyada (Türkiyə) türk dünyasının sualtı mədəni irsinin qorunmasına həsr olunmuş unikal ekspert panelləri təşkil edilib.
Fondun fəaliyyəti həmçinin Qaziantepdə (Türkiyə) mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair konfransla davam etdiriləcək.
- Nizamnamənin daha bir bəndinə əsasən, Fond elmi nəşrlərin və jurnalların elektron və çap formatında hazırlanmasına dəstək göstərməlidir. Bu sahədə hansı işlər görülüb?
- Fond tərəfindən son iki ildə “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elminin inciləri” və “Türk dünyasının görkəmli şəxsiyyətləri” kitab seriyaları çərçivəsində 30-dan çox kitab nəşr edilib və müxtəlif dillərə tərcümə olunub.
Biz həm ənənəvi, həm də müasir – rəqəmsal texnologiyalardan, KİV-dən və yeni kommunikasiya, platformalarından istifadə etməklə işləyirik. Xüsusilə, geniş auditoriyaya yönəlmiş maarifləndirici və mədəni videomaterialların dərc olunduğu “TurkDiscovery” adlı yutub kanalı yaratmışıq.
Həmçinin, bu gün biz Ümumtürk Mədəni İrsinin Kataloqu üzərində işləyirik və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Türk Folkloru Antologiyasının yaradılması üzərində fəal şəkildə çalışırıq. Hər iki layihə üzərində böyük beynəlxalq komandalar – dövlətlər tərəfindən rəsmi diplomatik kanallar vasitəsilə göndərilmiş alim və ekspertlər çalışır. Hər bir milli qrup təqdim olunan materiallara görə tam məsuliyyət daşıyır. Bu fundamental əsərlərin çap və elektron formatlarda nəşr olunması, həmçinin sərbəst və geniş istifadə üçün rəqəmsal platformalarda yerləşdirilməsi planlaşdırılır.
Gələn il Macarıstanda türk mədəni irsinin rəqəmsallaşdırılması və sənədlərin rəqəmsal arxivinin yaradılması layihəsini həyata keçirməyi planlaşdırırıq.
- Son illərdə cəmiyyətdə geniş müzakirə olunan ortaq türk dili yaradılması ideyasına münasibətiniz necədir?
- Ortaq türk dili yaradılması ideyasının dərin tarixi kökləri var. Bu məsələ 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayda əsas məsələlərdən biri olub. 2026-cı ildə biz bu əlamətdar hadisənin 100 illiyini bütün türk ölkələrində, birinci qurultayın keçirildiyi ölkə olan Azərbaycandan başlayaraq geniş şəkildə qeyd etməyi planlaşdırırıq. Artıq XX əsrin əvvəllərində ortaq dil məsələsi aparıcı alimlər və ictimai xadimlər tərəfindən müzakirə olunurdu, bu gün isə o, yenidən aktualdır və Türk Dövlətləri Təşkilatı çərçivəsində Dövlət Başçılarımızın diqqət mərkəzindədir. Dövlət Başçılarının tapşırığı ilə bu mövzu Astanada yerləşən qardaş təşkilatımız olan Türk Akademiyasının öhdəliyinə verilib. Ortaq türk dilinin yaradılması türk dünyasının bütün ölkələrinin və xalqlarının fikirlərinin hərtərəfli öyrənilməsini və nəzərə alınmasını tələb edən mürəkkəb və çoxmərhələli bir prosesdir. Hazırda bu məsələnin dərin ekspertiza işi aparılır: beynəlxalq ekspert qrupu yaradılmış və türk dövlətlərinin milli tədqiqat institutları ilə əməkdaşlıq edilir. Biz bu mövzunu türk xalqlarının mədəni və mənəvi birliyinin daha da möhkəmlənməsi üçün çox vacib hesab edirik və əminik ki, bu istiqamətdə işlər tarixi ənənələr və müasir reallıqlar nəzərə alınmaqla davam etdiriləcək.
- Fond fəaliyyətində hansı əsas çətinliklərlə üzləşir? Onun fəaliyyətinin artırılması üçün hansı təklifləri səsləndirə bilərsiniz?
- Təşkilati baxımdan Fondun fəaliyyəti üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tam qarşılıqlı anlaşma və dəstək üzərində qurulub. Biz türk dünyasının mədəni və elmi elitası tərəfindən təşəbbüslərimizə səmimi maraq hiss edirik. Dövlət strukturları və tərəfdaş təşkilatlarla qarşılıqlı əlaqə yüksək səviyyədə həyata keçirilir ki, bu da bir çox layihələri uğurla reallaşdırmağa imkan verir.
Lakin, əsas çətinlik Fondun maliyyə imkanları ilə bağlıdır. Büdcə üzv dövlətlərin töhfələri hesabına formalaşır və hazırda onun həcmi bizə daxil olan bütün təklifləri əhatə etməyə və bütün mühüm təşəbbüsləri həyata keçirməyə həmişə imkan vermir.
Nəticəliliyi artırmaq və fəaliyyətini genişləndirmək üçün Fond fəal şəkildə ianə toplanması (fundraising) ilə məşğul olur, sponsorlar, mesenatlar və tərəfdaşlarla əməkdaşlığın yeni formalarını axtarır. Biz təkliflərə açığıq və ümumtürk mədəni irsinin qorunması və populyarlaşdırılması üzrə işimizi gücləndirməyə imkan verəcək müxtəlif qarşılıqlı fəaliyyət variantlarını nəzərdən keçirməyə hazırıq.
- Türk dünyasında Azərbaycanın mədəni irsinin qorunması üçün nələr edilib? Və Azərbaycanın mədəni irsinin zənginliyi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın mədəni irsi, öz torpaqları daxilində müxtəlif sivilizasiyaların və inkişaf mərhələlərinin dəyərlərini özündə birləşdirən çoxəsrlik bir tarixdir. Azərbaycan mədəniyyətinin zənginliyi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəni simasını əsrlər boyu formalaşdıran unikal memarlıqda, dekorativ-tətbiqi sənətdə, musiqidə, ədəbiyyatda və sənətkarlıqda göstərir.
Azərbaycan həmişə digər türk ölkələri ilə sıx bağlı olub: sənətkarlar, mozaik ustaları, rəssamlar, memarlar təkcə Azərbaycan ərazisində deyil, həm də türk dünyasının digər guşələrində və onun hüdudlarından kənarda memarlıq abidələrinin və mədəniyyət obyektlərinin yaradılmasına öz töhfələrini veriblər. Bu zəngin irsin izlərinə bütün dünyada rast gəlmək olar və buna görə də biz türk mədəniyyətinin qorunması və populyarlaşdırılmasından danışarkən, istər-istəməz onun ayrılmaz hissəsi olan Azərbaycan mədəniyyətinin qorunmasından da danışırıq. Beləliklə, bizim üçün Azərbaycan vahid türk dünyasının bir hissəsidir. Bu gün hər bir türk dövlətinin mədəniyyətinin unikallığını qoruyaraq, biz mədəni layihələr və təşəbbüslər vasitəsilə türk dünyası xalqlarının birliyini və mənəvi qohumluğunu gücləndirməyə çalışırıq. Məsələn, ötən ilin əsas hadisələrindən biri Fondun böyük alim Mahmud Kaşğari-Barskaninin "Divanü Lüğət it-Türk" adlı misilsiz əsərinin 950 illiyinə həsr olunmuş ilk irimiqyaslı layihəsinin keçirilməsi oldu. Bu hadisə bəşəriyyətin mənəvi dəyərlərini qorumağa çağıran əsas dünya təşkilatı UNESCO-nun Parisdəki mənzil-qərargahında bütün Türk dünyasını XI əsrin görkəmli türk yazılı abidəsi ətrafında birləşdirdi. UNESCO-nun əsas zalında bütün türk ölkələrindən aparıcı alimlər, dövlət və ictimai xadimlər, eləcə də xarici tədqiqatçılar çıxış etdilər. Bu konfrans çərçivəsində akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının çoxillik zəhmətinin nəticəsi olan azərbaycanlı alim Xalid Səid Xocayevin redaktəsində "Divanü Lüğət it-Türk"ün 3 cildlik nəşri təqdim olundu. Təqdimat böyük ictimai və elmi rezonansla keçdi. Bu uğurlu başlanğıcdan sonra Fond UNESCO-nun mənzil-qərargahında, eləcə də hər bir türk ölkəsində Türk dünyasının yaddaqalan tarixləri və hadisələri şərəfinə həsr edilmiş tədbirlərin keçirilməsinə fəal şəkildə davam edir. Belə ki, ADA Universitetində tərəfimizdən “Türk dünyasının tarixi-mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması, UNESCO nöqteyi nəzərindən” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Hazırda Fond UNESCO səviyyəsində türk ölkələri üzrə bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün çoxşaxəli nominasiyaları bir araya toplayır. Bunların arasında Qurama ənənəsi (Quraq, Kurok, Qırxıyama, Katlama kurok), “Alpamıs Batır” eposu var və gələcəkdə yeni namizədlərin irəli sürülməsi perspektivi nəzərdə tutulur. Fond tərəfindən Qarabağ bölgəsindəki qədim Qoçəhmədli məscidinin bərpası üzrə hazırlıq işləri aparılır.
Biz Füzuli rayonunun Qoçəhmədli kəndindəki məscidin bərpasının başlanmasını, eləcə də 2026-2027-ci illərdə UNESCO-nun Anım Günləri Siyahısına daxil edilmiş görkəmli Azərbaycan şairi, musiqiçisi, müğənnisi və aşığı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü şərəfinə “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsini səbirsizliklə gözləyirik.
Bu il, həmçinin Fond tərəfindən Parisdə keçirilmiş Ümumdünya sərgisinin 100 illiyinə həsr olunmuş “Türk irsi qlobal səhnədə” mövzusunda dəyirmi masa təşkil olunması planlaşdırılır. Bu layihədə XX əsrdə türk xalqlarının mədəniyyətinə mühüm töhfə vermiş şəxsiyyətlərin yaradıcılığını araşdırmış tanınmış alimlər iştirak edəcək. Onlar arasında Azərbaycanın ilk opera müğənnisi, pedaqoq və musiqi xadimi Şövkət Həsən qızı Məmmədova, Qazaxıstanın opera müğənnisi, aktyor və musiqiçisi, qazax milli teatr sənətinin əsasını qoyanlardan biri olan Amre Qaşaubayev, Özbəkistanın rəqqasəsi, müğənnisi, aktrisası və xoreoqrafı Tamara-xanum Artyomovna, Özbək musiqili teatrının banilərindən biri olan müğənni və teatr xadimi Muxitdin Kari-Yakubov; və Başqırd kora ifaçısı Jumabay Yesenbayev haqqında elmi araşdırmalar aparan mütəxəssislər yer alacaq.
2025-ci ilin dekabrında UNESCO-nun mənzil-qərargahında həmçinin UNESCO-nun 2024-2025-ci illər üçün Anım Günləri Siyahısına daxil edilmiş böyük Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinin qeyd edilməsi şərəfinə tədbirin keçirilməsi planlaşdırılır.
Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi şərəfinə Fond türkoloji beynəlxalq simpoziumun keçirilməsinə hazırlıqlara başlanılıb.
Türk Mədəniyyəti və İrsi Fondu bundan sonra da türk xalqlarının zəngin mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində fəal və məqsədyönlü fəaliyyətini davam etdirmək niyyətindədir. Biz əminik ki, bu iş təkcə ölkələrimiz arasında mənəvi əlaqələri gücləndirmir, həm də türk dünyasında və onun hüdudlarından kənarda qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın inkişafına mühüm töhfə verir.