Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü
1918-1920-ci Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin müdafiəsində əhəmiyyətli rol oynayıb. Azərbaycan polisi hər zaman asayışın keçiyində dayanıb. Hər zaman dövlətçilik ənənələrinin formalaşmasına xidmət edib.
Bu istiqamətdə atılan addımlar Ulu Öndərin adı ilə sıx bağlıdır. Tarixə nəzər salsaq, görərik ki, Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-1980-ci illər Daxili İşlər orqanlarının tarixində əsaslı dönüş mərhələsi olub. Həmin dövr polisin təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, şəxsi heyətin milli ruhda formalaşması ilə əlamətdardır. Bu istiqamətdə atılan addımların nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra polisin fəaliyyətində də yeni inkişaf dövrü başladı. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin “Azərbaycan polisi günü” elan edilməsi onun daxili işlər orqanlarına verdiyi dəyərin daha bir parlaq təzahürü oldu.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət və qayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları əməkdaşlarının və hərbi qulluqçularının da müstəsna xidmətləri olub. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Bu müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Ümumiyyətlə istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində daxili qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər.
Bir sözlə, bu gün Azərbaycan polisi hər birimizin keşiyində ayıq-sayıq dayanıb. Hər birimiz fədakar və peşəkar polislərimizlə qürur duyuruq, fəxr edirik.
Gününüz mübarək, Azərbaycan polisi!