BAKI, 2 iyul. TELEQRAF
PKK terror təşkilatının 50 nəfərlik ilk qruplaşması 10 gün ərzində Şimali İraqın Dahuk şəhərində silahlarını təhvil verəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, bundan əvvəl özünüləğv qərarı verdiyini bəyan edən təşkilatın tərksilah edilməsi prosesi sentyabr ayına qədər başa çatacaq.
Qəzetin məlumatına görə, silahların təhvil verilməsi Türkiyə, İraqın mərkəzi orqanları və Şimali İraq Kürd Muxtariyyətinin administrasiyasının nəzarəti altında baş tutacaq.
“Hürriyet” qeyd edir ki, tərksilah prosesi digər ölkələr və BMT nümayəndələrinin iştirakı olmadan həyata keçiriləcək.
“PKK-nın bütün düşərgələri tərksilah prosesi başa çatdıqdan sonra İraq hakimiyyətinin nəzarətinə keçəcək”, - mənbə vurğulayıb.