AZ

KARİKATURA ETİRAZLARA SƏBƏB OLUB » AzadMedia.az

KARİKATURA


Məhəmməd Peyğəmbərə aid olduğu iddia edilən karikaturanın dərc olunması ilə bağlı gərginlik İstanbulda kütləvi qarşıdurmalara səbəb olub. Hadisə LeMan satirik jurnalının bu görüntünü paylaşmasından sonra baş verib. Polis etirazçıları dağıtmaq üçün rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

İstanbul Baş Prokurorluğu jurnalda “dini dəyərləri ictimai şəkildə təhqir edən” karikaturanın yayımlandığını əsas gətirərək, LeMan jurnalının baş redaktoru və digər rəhbər şəxslərinin həbsi barədə qərar verib.

Jurnalın baş redaktoru Tuncay Akgün “France-Presse” agentliyinə açıqlamasında bildirib ki, karikatura yanlış başa düşülüb:
“Bu rəsmin Məhəmməd Peyğəmbər ilə heç bir əlaqəsi yoxdur. Biz heç vaxt belə bir riski qəbul etmərik. Burada Məhəmməd adlı bir müsəlmanın – ki, bu ad İslam dünyasında 200 milyondan çox insanda var – İsrailin bombardmanı nəticəsində öldüyü göstərilir.”

Xəbərlərin yayılmasından sonra onlarla qəzəbli etirazçı İstanbulun mərkəzində LeMan əməkdaşlarının tez-tez baş çəkdiyi bir bara hücum edib. Məlumatlara görə, burada polis və aksiyaçılar arasında qarşıdurmalar yaşanıb və hadisəyə ümumilikdə 250-300 nəfər qarışıb.

1991-ci ildə yaradılmış LeMan jurnalı siyasi satirası ilə tanınır və xüsusilə 2015-ci ildə Parisdə İslamçı silahlılar tərəfindən hücuma məruz qalan Charlie Hebdo jurnalına verdiyi açıq dəstəkdən sonra mühafizəkarların tənqid hədəfinə çevrilmişdi.

Daxili işlər naziri Ali Yerlikaya X platformasında verdiyi açıqlamada bildirib ki, karikaturanı çəkən rəssam və jurnalda qrafik dizayner vəzifəsində çalışan şəxs saxlanılıb:
“Bu iyrənc çəkilişi edən DP adlı şəxs tutulub və nəzarətə alınıb. Bu həyasız şəxslər qanun qarşısında cavab verəcək.”

Media məlumatlarına görə, həbs orderində LeMan-ın baş redaktoru və məsul redaktoru da yer alıb.

Jurnal isə sosial şəbəkə üzərindən yayımladığı açıqlamalarda yayımlanan karikaturanın məqsədli şəkildə təhrif edildiyini bildirib:
“Karikaturaçı İsrail tərəfindən öldürülən bir müsəlmanın timsalında məzlum müsəlman xalqın haqlılığını təsvir etmək istəyib, dini dəyərləri aşağılamaq niyyəti olmayıb. Peyğəmbərimizə dair heç bir təsvir yoxdur. Bu rəsmi bu şəkildə yozmaq ancaq qərəzli niyyətin məhsuludur. Təhqir damğasını qəbul etmirik.”

“Təxribatlara məruz qaldığına inandığımız və yaxşı niyyətli oxucularımızdan üzr istəyirik,” – deyə jurnal əlavə edib.

Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, məsələ ilə bağlı “dini dəyərlərin ictimai şəkildə təhqir olunması” maddəsi ilə istintaq başladılıb:
“İnancımıza qarşı hörmətsizlik qəbuledilməzdir. Heç bir azadlıq bir inancın müqəddəs dəyərlərini alçaldıcı şəkildə hədəfə almaq hüququ vermir.”

İstanbul valisi Davut Gül isə “müqəddəs dəyərlərimizə hücumla cəmiyyəti təhrik etmək istəyən bu düşüncə tərzi”ni sərt şəkildə tənqid edib:
“Millətimizin inancını hədəfə alan heç bir alçaq hərəkət qarşısında səssiz qalmayacağıq.”

Qeyd edək ki, bu məsələ Türkiyədə söz və mətbuat azadlığı ilə dini dəyərlərin toxunulmazlığı arasında gərgin tarazlığı yenidən gündəmə gətirib.

Seçilən
12
1
azadmedia.az

2Mənbələr