AZ

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Ankara, 2 iyul, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Leman” satirik jurnalında dərc olunmuş Məhəmməd peyğəmbərə aid karikaturanı “alçaq təxribat” adlandırıb.

AZƏRTAC xəbər verir ki, Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edən dövlət başçısı bu antiislam hərəkətdə əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirib.

“Ortada nə satira, nə də yumorla əlaqəsi olan alçaq bir təxribat var. Biz bu qalmaqallı nəşrdə əli olanlara qarşı hüquqi tədbirləri diqqətlə izləyəcəyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyədə AKP hakimiyyətdə olduğu müddətdə heç kim vətəndaşların dini dəyərlərini təhqir edə bilməz.

Bundan əvvəl ədliyyə naziri Yılmaz Tunç jurnalın redaksiyası barəsində cinayət işi başlandığını və bu çərçivədə saxlanılanların olduğunu açıqlayıb.

Eyni zamanda İstanbul Baş Prokurorluğu “Leman” jurnalının bütün tirajının dövriyyədən çıxarılması, eləcə də nəşrin sosial şəbəkə hesablarına girişin bloklanması barədə qərar verib.

Bununla yanaşı, jurnal rəhbərliyi müsəlmanların dini hisslərini təhqir etmək məqsədi güdmədiklərini bildirib.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
39
6
azertag.az

8Mənbələr