BAKI, 1 iyul. TELEQRAF
Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəbi müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb.
Teleqraf xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov attestasiyanın gedişatı barədə jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, proses 5 regionda həyata keçirilib.
Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarında keçirilən attestasiya imtahanı 4 ay davam edib və ümumilikdə dörd min müəllimi əhatə edib.
O xüsusi ilə vurğulayıb ki, belə həcmdə imtahan prosesi təmsil etdiyi nazirlik sistemində ilk dəfə gerçəkləşib:
“Musiqi-incəsənət məktəblərində fəaliyyət göstərən təqribən 12-13 min müəllimin hamısı qanunvericiliyin tələbi ilə attestasiyadan keçiriləcək”.
O, digər müəllimlərin də attestasiyaya cəlb olunmasının 2026-cı ilin sonuna qədər yekunlaşdırılacağını vurğulayıb.