Azərbaycanda Rusiyanın "Sputnik Azərbaycan" agentliyinin iki əməkdaşının saxlandığı deyilir. Yerli media onların Rusiya FTX əməkdaşı olduğunu iddia edib.
Bu, iyunun 27-də Rusiyada azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin hücumundan sonra baş verir.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, diplomatlar iki saatdan çoxdur ki, Rusiya vətəndaşı olan jurnalistlərlə əlaqə saxlaya bilmir.
Azərbaycan mediası bir neçə saat əvvəl Bakıda mənzillənən "Sputnik Azərbaycan" agentliyinin ofisində Daxili İşlər Nazirliyinin axtarış apardığını yazıb.
İyunun 27-də Rusiyada, Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb, ikisi yaralanıb. Doqquz azərbaycanlının saxlanıldığı deyilir. Həmin gün 10-dan çox mənzildə axtarış aparılıb, Azərtac yazıb.
Saxlananlardan bəziləri barəsində həbs-qətimkan tədbiri seçilib.
Rusiyada öldürülən azərbaycanlıların "cənazələri Bakıya göndəriləcək"
Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının hücumu nəticəsində öldürülən iki azərbaycanlı qardaşın meyiti yaxınlarına verilib. Cənazələrin Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola göndəriləcəyi gözlənir.
Yaxınları Azərbaycan mediasına bildiriblər ki, meyitləri təhvil alandan sonra onlara baxış keçiriblər. Onlar meyitlərdə xəsarətlər müşahidə ediblər.
Onların qardaşı Seyfəddin Hüseynli APA-ya deyib ki, Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək: "Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil".
Yekaterinburqda azərbaycanlılara qarşı hücumdan sonra, Rusiyanın Azərbaycanda keçirəcəyi bütün mədəniyyət tədbirləri ləğv edilib, Mədəniyyət Nazirliyi bildirib.
Azərtac nazirliyə istinadən xəbər verib ki, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edilir.
Milli Məclisin deputatı Nigar Məmmədova Azərtac-a açıqlamasında deyib ki, azərbaycanlılara qarşı "törədilən zorakılığa görə" Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv edilib.
Onun sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan hökuməti "yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin səfərində heç bir əhəmiyyət görmür".
Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni azərbaycanlılara qarşı "qəbuledilməz zorakılıq" kimi qiymətləndirib.
Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmisi Azərbaycan XİN-ə çağrılaraq ona Bakının kəskin etirazı bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı hücumla bağlı Bakıya "lazımi izahatlar" verilib.
Rusiya İstintaq Komitəsindən Komsomolskaya Pravda-ya bildirilib ki, əməliyyat ötən illərdə baş vermiş cinayət işlərinə görə keçirilib.
Deputat Rasim Musabəyov hadisəni "şiddət" adlandırıb və bunu azərbaycanlıların Rusiyadan "nümayişkaranə qovulması əməliyyatı" kimi təsvir edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin hücumu ilə üzləşmiş azərbaycanlılar Azərbaycan mediasına deyiblər ki, onlar işgəncə ilə üzləşiblər.
Rusiya Federasiyası İstintaq Komitəsi iyunun 28-də yaydığı açıqlamada "etnik cinayət qruplaşmasına qarşı" əməliyyat keçirdiyini deyir. Bu məlumatda hansı etnik qrupdan söhbət getdiyi açıqlanmasa da, məlumatın yayılması Yekaterinburqdakı hadisədən sonraya təsadüf edir.
"Bizi bir saat döydülər…"
Rusiya Federal Təhlükəsizlik Xidmətinin hücumu ilə üzləşmiş azərbaycanlılar Azərbaycan mediasına deyiblər ki, onlar işgəncə ilə üzləşiblər.
Şahidlər Azərbaycan mediası ilə son fotolarını da paylaşıblar. Bu fotolarda onların bədənləri göm-göydür.
Vüqar Səfərov APA-ya deyib ki, səhər saatlarında, yatdıqları yerdə qapı möhkəm deyilib.
"Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə".
Vüqar Səfərovun sözlərinə görə, onları elektroşokla vurub, "dubinka" ilə, "montirovka" ilə döyüblər.
"Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, "Qazel"ə uzandırdılar, atamı başqa maşınlar apardılar. "Qazel" içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər".
Səfərovun sözlərinə görə, işgəncə orda da davam edib. Qardaşı ilə bir otaqda olduğunu deyən Vüqar Səfərov bildirib ki, başqa otağa aparılan atasının qışqırıq səslərini eşidib: "Gördüm ki, atam qışqırır. Atama "tok" verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə "tok" verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər".
Vüqar Səfərov deyib ki, onlara Ukrayna ilə müharibəyə getmək üçün təzyiq edilib. Onun sözlərinə görə, müqavilə bağlanacaq və sabahısı onlar müharibəyə göndəriləcəklər.
"Bu vaxt atam gəldi. Onun qabırğalarını qırmışdılar. Arxasında təcili tibbi yardım maşını çağırmışdılar. Atam dedi ki, sizi buraxacaqlar, evdəkilər sizə əmanət. Atam danışa bilmirdi, nəfəs ala bilmirdi. Atam onlardan soruşdu ki, 100 faiz uşaqlarımı, qardaşlarımı buraxacaqsınız, dedilər "hə". Bizi buraxdılar, amma əmimgili buraxmadılar. Çıxanda da eşitdim ki, iki əmim rəhmətə gedib".
Səfərov onlara işgəncə verənlərin özlərini təqdim etmədiklərini, "Rosqvardiya"nın binasına apardıqlarını söyləyib.
Zaxarova: "Azərbaycana lazımi izahatlar verilib"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yekaterinburqda baş verən hadisə ilə bağlı Azərbaycana "lazımi izahatlar" verilib.
"Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan XİN-ə çağırılarkən Azərbaycan tərəfinə zəruri açıqlamaları verib və rəsmi Bakını əmin edib ki, vəziyyət Rusiyanın hüquq-mühafizə orqanlarının nəzarətindədir", Mariya Zaxarova bildirib.
Hazırda istintaqın davam etdiyini bildirən nazirlik əlavə məlumatların İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacağını qeyd edib.
Rusiya Federasiyası İstintaq Komitəsi: "etnik cinayət qruplaşmasına qarşı" əməliyyat keçirdiyini deyir
Rusiya Federasiyası İstintaq Komitəsi iyunun 28-də məlumat yayaraq bildirib ki, bir gün əvvəl "etnik cinayət qruplaşmasına qarşı" əməliyyat keçirilib.
Komitənin məlumatında hansı etnik qrupdan söhbət getdiyi açıqlanmasa da, onun açıqlaması iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan bir gün sonraya təsadüf edir.
Bu açıqlamada həmin etnik qrup 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə ittiham edilib.
"Artıq saxlanılanlardan bəziləri əməllərini etiraf edib və istintaqla əməkdaşlıq edirlər. Onların ifadəsi əsasında olduqları yerlərdə yenidən axtarış aparılıb", - komitənin bəyanatında qeyd olunub.
Əməliyyat-istintaq işlərinin davam etdiyini bildirən komitə təqsirləndirilən şəxslərin digər cinayət əməllərində iştirak edib-etmədiklərini araşdırdığını bildirib.
Rusiya Cinayət Məcəlləsinə görə, bu maddələrlə törədilən cinayətlərin ən ağır halına ömürlük həbs cəzası nəzərdə tutulub.
Azərbaycanlıların Rusiyadan "qovulması əməliyyatı"
Deputat Rasim Musabəyov Federal Təhlükəsizlik Xidmətinin törətdiyi hadisəni "şiddət" adlandırıb və bunu azərbaycanlıların Rusiyadan "nümayişkaranə qovulması əməliyyatı" kimi təsvir edib.
"Səbəb kimi 2001-ci ildə baş vermiş ölüm hadisəsi göstərilir. Həmin hadisədə bir azərbaycanlı həlak olmuşdu. İndi buna görə gəlib hücum etmək, iki nəfəri öldürmək, üç nəfəri yarımcan halda orada zülmə məruz qoymaq – bu şiddətdir, əməliyyat deyil", - millət vəkili BBC Azərbaycancaya deyib.
Rasim Musabəyov bu addımın siyasi məqsədli olduğunu da istisna etmir.
"Sadəcə, dəqiqləşdirilməlidir. Bu, hansısa yerli orqanın təşəbbüsüdür? Yəni yerli güc strukturları özləri üçün hesab edərək ki, Moskva ilə Bakı arasında münasibətlər korlanıb və çoxdan idi ki, Azərbaycan diasporunun üstünə yerimək istəyində idilər və fürsətdən istifadə edib bu cür heyvanlıq edirlər. Ya da bu Moskvanın təşəbbüsüdür ki, Azərbaycana öz narazılığını bildirmək istəyir", - Musabəyov bildirib.
Rəsmi Bakı və Moskva arasında münasibətlər ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava sahəsində vurulmasından sonra pisləşib.
Azərbaycan tərəfi 40-a yaxın sərnişinin ölməsi ilə nəticələnən qəzada Rusiyanı ittiham edib və təyyarənin Rusiya hava qüvvələri tərəfindən vurulduğunu və buna görə Rusiyanın üzr istəməli olduğunu deyib.
Daha sonra Azərbaycan Bakıdakı "Rus Evi"ni və "Sputnik Azərbaycan"ın ofisini bağlayıb.
İki ölkə arasındakı münasibətlər həm də azərbaycanlı deputat Azər Badamovun Rusiyadan deportasiyasından sonra daha da gərginləşib.
Rasim Musabəyovun sözlərinə görə, Yekaterinburqda yaşanan hadisə ikitərəfli münasibətlərdə problem olduğu bir vaxtda nə Rusiya ya, nə də Azərbaycana lazım olan əlavə gərginlik gətirir.
Deputat əlavə edib ki, əgər bunu Moskvada "kimlərsə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlərsə, yanılırlar".
Onun fikrincə, Azərbaycan kifayət qədər "güclü dövlətdir və bu cür münasibətlərə lazımi cavab vermək iqtidarındadır".
"Təxribat əməli"
Azərbaycan dövlət agentliyi Azərtac Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlinin açıqlamalarını yayıb. O, Yekaterinburq hadisəsini azərbaycanlılara qarşı yönəlmiş "təxribat əməli" qiymətləndirib.
Açıqlamada 2024-cü ilin dekabr ayında Azərbaycan mülki təyyarəsinin vurulmasına "qanedici formada münasibətin sərgilənmədiyi, deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması vurğulanıb.
Müşfiq Ələsgərli qeyd edib ki, bu ilin fevral ayında "eyni nöqtədən Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumların təşkil olunması istər-istəməz belə rəy yaradır ki, Rusiya ərazisində hansısa mərkəzlər Azərbaycana qarşı düşünülmüş formada təxribat planları hazırlayıb həyata keçirirlər".
"Belə yanaşma Azərbaycanı məcbur edir ki, baş verən təxribatlarla bağlı beynəlxalq prosedurlara əl atsın. Məsələn, təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirsin, günahkarların cəzalandırılması üçün beynəlxalq platformalarda iş qaldırsın", - Müşfiq Ələsgərli qeyd edib.
Onun sözlərinə görə, görünür, təxribatları həyata keçirən mərkəzlər də Azərbaycanı məhz buna sövq etmək istəyirlər. İki ölkə arasında münasibətlərin yaxın qonşuluq kontekstindən çıxarılıb qarşıdurma müstəvisinə keçirilməsinə nail olmağa çalışırlar".
"Azərbaycanlılara qarşı hücum"
Hadisə ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona rəsmi Bakının kəskin etirazı bildirilib.
Azərbaycan XİN Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyatı "azərbaycanlılara qarşı hücum" adlandırıb və bunun "qəbuledilməz zorakılıq" olduğunu bildirib.
Azərbaycan XİN hadisədən narahatlığını bildirib.
Nazirlik, həmçinin Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu əməli törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini istəyib.
Saxlananların sayı 50 nəfərdən çoxdur, Rusiya mediası yazıb
Yekaterinburq şəhərinin e1.ru yerli mediasının yazdığına görə saxlanılan azərbaycanlıların sayı 50 nəfərdən çoxdur.
Saytın iddiasına görə, azərbaycanlıların saxlanılması oradakı "Azərbaycan diasporunun da əli olduğu deyilən" və uzun illər əvvəl baş vermiş cinayət işlərinə görədir.
Azərbaycanın Rusiyadakı diasporu bu iddia ilə bağlı hələlik açıqlama verməyib.
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə nümayəndəliyi Komsomolskaya Pravda nəşrinə açıqlamasında deyib ki, ötən illərdə baş vermiş cinayət işləri üzrə 27 iyunda bir sıra tədbirlər həyata keçirilib.
"Tədbirlər nəticəsində Yekaterinburq ərazisində ötən illər baş vermiş bəzi cinayətləri törətməkdə şübhəli bilənən bir sıra şəxslər saxlanılıb və onların evlərində axtarış aparılıb", - Komsomolskaya Pravda komitə nümayəndəsinə istinadla yazıb.
Lakin söhbətin hansı cinayət işindən getdiyi barədə Rusiyanın rəsmi qurumları açıqlama verməyib.
İstintaq Komitəsi araşdırmaların davam etdiyini bildirərək əlavə məlumat açıqlamayıb.
Azərbaycan mediasının yazdığına görə, öldürülənlər azərbaycan əsilli iki qardaşdır. Onlardan biri Rusiya, digəri isə Azərbaycan vətəndaşıdır.
Bundan əlavə, əməliyyat zamanı iki azərbaycanlının yaralandığı və vəziyyətlərinin ağır olduğu üçün xəstəxanaya aparıldığı deyilir, APA yazıb.
Saxlanılanların hamısının yaxın qohum olduqları bildirilir.
Ölənlərin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görülür, APA yazıb.