AZ

Hikmət Babaoğlu: Azərbaycana qarşı zorakılıq və şovinizm qəbuledilməzdir

“Hər bir demokratik və hüquqi dövlət həm vətəndaşlarına, həm də miqrantlara münasibətdə hüququn tələblərinə uyğun davranmalıdır. Təəssüf ki, Rusiyada biz bunun əksini görürük. Rusiya təkcə miqrantlara deyil, hətta öz vətəndaşı olan qeyri-ruslara qarşı da güc strukturları vasitəsilə qəddar cinayətlər törədir. Bu isə, şübhəsiz ki, Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vurur. Rusiya Federasiyası geniş coğrafiyaya və çoxsaylı etnik qruplara malik ölkədir. Bu etnik qruplar öz tarixi vətənlərində yaşayırlar. Rusiya isə imperiyasını məhz bu xalqların əraziləri üzərində qurub”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Xatırladaq ki, Rusiyada azərbaycanlılara qarşı son hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu hallar davamlı xarakter alır, insan hüquqlarını pozur və ikitərəfli münasibətlərə ziyan vurur. Azərbaycan daim bərabər hüquq və multikultural dəyərləri qoruyur. Cəmiyyət və rəsmi qurumlar məsul şəxslərin cəzalandırılmasını tələb edir.

Deputat bildirib ki, belə şəraitdə dövlətin güclü və sabit qalması yalnız bütün vətəndaşlara ayrı-seçkilik olmadan bərabər hüquq və qaydaların tətbiqi ilə mümkündür.

“Təəssüf ki, zaman-zaman biz rus imperializminin eybəcər təzahürlərinin şahidi oluruq. Bu hallar azərbaycanlılara qarşı dəfələrlə baş verib. Hətta bəzən Azərbaycanın özünə qarşı da biz imperiya təzyiqini və aqressiyasını hiss etmişik və bu gün də hiss etməkdəyik. Bu cür hallar yolverilməzdir, çünki hər bir təzyiq gec-tez əks-təzyiq doğurur. Fizikanın bu qanunu siyasətdə də keçərlidir. Hazırda baş verənlər, xüsusilə də Zatulinin son açıqlamaları, rus şovinizminin ən qəddar təzahürlərindən biridir. O, açıq şəkildə bildirir ki, Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), nə də Avrasiya İqtisadi Birliyinin üzvüdür, buna görə də onlara qarşı zorakılıq halları çəkinilmədən həyata keçirilə bilər. Bu isə göstərir ki, Azərbaycanı bu təşkilatlara cəlb etmək üçün təzyiq üsullarından istifadə olunur. Bu cür qaba və qeyri-sivil yanaşma yalnız Rusiyaya xasdır və nəticə etibarilə heç bir uğur gətirə bilməz. Əksinə, Rusiya-Azərbaycan münasibətləri daha da korlana bilər ki, bu da indiki mürəkkəb geosiyasi şəraitdə heç bir halda Rusiyanın maraqlarına uyğun deyil”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
6
aznews.az

1Mənbələr