“Amerika heç bir nəticə əldə etmədi” – bunu İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri şərh edərkən deyib.
Televiziya ilə yayımlanan müraciətində Xamenei bildirib ki, ABŞ və İsrailin əməliyyatları İranın nüvə proqramına ciddi təsir etməyib: “Onlar heç nəyə nail ola bilmədilər və məqsədlərinə çata bilmədilər”. O, Qətərdəki ABŞ hərbi bazasına endirilən cavab zərbəsini isə “ağır zərbə” adlandırıb və əlavə edib ki, bu cür hücumlar təkrarlana bilər.
Bu açıqlamalar ABŞ Müdafiə naziri Pit Hegseth-in bəyanatından sonra səslənib. Hegseth bildirib ki, İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki əsas nüvə obyektlərinə endirilən zərbələr “tarixi uğur” olub və “ən azı bir neçə illik geriləmə yaradıb”. Onun sözlərinə görə, hücumlar zamanı Fordodakı zənginləşdirilmiş uranın çıxarıldığına dair heç bir kəşfiyyat məlumatı yoxdur.
Qeyd edək ki, İranla İsrail arasında birbaşa toqquşma iyunun 13-də, İsrail Baş naziri Benyamin Netanyahunun “İran qısa zamanda nüvə silahı istehsal edə bilər” açıqlamasından sonra başlayıb. Elə həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) İranın 20 ildən sonra ilk dəfə nüvə öhdəliklərini pozduğunu elan etmişdi.
İran tərəfi nüvə proqramının yalnız mülki məqsədlərə xidmət etdiyini və nüvə silahı hazırlamaq niyyətində olmadığını israrla bildirir. Buna baxmayaraq, Tehran parlamenti cümə axşamı ölkənin IAEA ilə əməkdaşlığına son qoyulmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu, beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə giriş hüququnun ləğvi anlamına gəlir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın üç əsas nüvə obyektinə endirilən zərbələrin onları “tamamilə məhv etdiyini” bildirmiş, bəzi mənbələrdə ziyanın gözləniləndən az olduğu barədə yayılan məlumatlara isə sərt reaksiya vermişdi.
Bu arada CBS News xəbər verir ki, Ağ Ev İranı danışıqlara qaytarmaq üçün yeni təkliflər hazırlayır. Onlar arasında İran üçün zənginləşdirmə olmayan, sivil nüvə proqramının maliyyələşdirilməsi də var. Lakin İranın xarici işlər naziri ölkənin ABŞ-la heç bir danışıqlar aparmadığını açıqlayıb.
Qeyd edək ki, 12 gün davam edən hava hücumları zamanı İranın səhiyyə nazirliyi 610 nəfərin öldüyünü bildirib. İsrail isə 28 nəfərin həlak olduğunu açıqlayıb.
BMT-nin nüvə nəzarətçisi Rafael Qrossi isə çərşənbə günü bildirmişdi ki, İran hücumlar başlamazdan əvvəl zənginləşdirilmiş uranın bir hissəsini başqa yerə köçürmüş ola bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta