Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS Siyasi Bürosunun rəhbəri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb.
Türkiyə və beynəlxalq ictimaiyyətin Qəzzada humanitar fəlakətə son qoyulması və bölgəyə yardımın çatdırılmasını təmin etmək səyləri müzakirə edilib. Bundan əlavə, onlar müxtəlif Fələstin qrupları arasında konsensusun əldə edilməsi perspektivlərinə və Qəzzada davamlı atəşkəsin yaradılması üçün lazım olan addımlara toxunublar.
Eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Tehrana qarşı müharibədə qələbə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və Fələstinin radikal HƏMAS hərəkatının məğlubiyyəti üçün geniş imkanlar açır.
Baş nazir əlavə edib ki, İsrail həmçinin Qəzza məsələsini həll etməli və HƏMAS-ı məğlub etməlidir.
Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, Türkiyənin məsələlərə müdaxiləsi və həll yolunda səyləri nəticə verəcək və İsrailin HƏMAS-ı tam məhv etmək planının mümkünsüzlüyü dəqiqləşəcək:

"Türkiyə tərəfin HƏMAS-ın Siyasi Bürosunun rəhbərliyi ilə danışıqlar aparması əsirlərin azad edilməsinə də töhfə verə bilər. Lakin İsrailin məhv etmə planı gərginliyin davam etməsinə xidmət edir. İran üzərində qələbə müəyyən olunmayıb. İran da qələbə elan edib. Bu, Səddam Hüseyn ilə Xomeyninin 8 illik müharibəsi kimidir. Hər iki tərəf qələbə elan etmişdi. İsrail HƏMAS-ı özü qoruyur ki, Qəzzanı tam əldə etmək və əhalini tamamilə sürgün etmək üçün əlində bəhanə olsun. Min kilometrlərlə uzaqda İranın generaliletini nöqtə atışı ilə məhv edən İsrail primitiv silahlarla silahlanan, heç bir texniki imkanları olmayan HƏMAS-ı guya tunellərdə zərərsizləşdirib əsirləri azad edə bilmir. Bu absurddur. Sadəcə özü şərait yaradır. Necə ki, hazırda İranı Həmas-a yardım edir bəhanəsi ilə vurdu. İndi də deyir ki, artıq İran məğlub olub biz HƏMAS-ı məhv edəcəyik".
Analitik əlavə edib ki, HƏMAS-la İsrailin arasında yalnız Türkiyə həlledici rol oynaya bilər:
"İsrailin isə sərt və barışmaz mövqedən çəkilməsi üçün isə ABŞ-nin müdaxiləsi vacibdir. Türkiyə HƏMAS tərəfi razılaşdıra bilər, lakin İsraillə Türkiyənin münasibətlərinin stabil olmaması bu danışıqların gedişinə təsir edə bilər. İsrail Qəzzanı tam əldə etməmiş, əhalini başqa yerlərə köçürüb bitirməmiş, yaxud qırıb bitirməmiş HƏMAS-ı məhv etmək istəmir. Əgər bunu edə bilməsə HƏMAS-dan əsirləri alıb özünə toxunmayacaq. Çünki yeni qanlı savaşlar və yeni işğallar üçün mütləq bəhanə verən nöqtə olmalıdır ki, bu da HƏMAS-dır. Hadisələrin daha da gərginləşəcəyi hiss olunur. Mülahizələrə görə İsrail və ABŞ-nin İrana yenidən hücumu gözlənilir. Sadəcə müvəqqəti olaraq bəzi hesablamalar və strategiya dəyişikliyi üçün əl saxlayıblar. Eyni zamanda HƏMAS İsrail münaqişəsi davam edir. Üstəlik İsrailin digər torpaqlara iddiası hətta Türkiyəyə qarşı "Vəd edilmiş torpaqlar", "Böyük İsrail" planı çərçivəsində iddiaların səsləndirilməsi gələcək üçün çox ciddi problemlər yarada bilər. İsrail konkret olaraq özü üçün müəyyən etdiyi xəyali sərhədləri əldə etmək üçün plan cızıb və onun uğrunda da müharibələr aparır".