AZ

Polkovnik: Yekaterinburqda azərbaycanlıların amansızcasına qətlə yetirilməsi hüquqi dövlət anlayışı adına rüsvayçılıqdır ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

“Təyyarə hadisəsindən sonra Yekaterinburqda baş verənlər Rusiyanın hüquq-mühafizə orqanlarının irqçi, şovinist davranışının sübutudur”.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, mülki insanların öz evlərində güc orqanları tərəfindən amansızcasına qətlə yetirilməsi Rusiyanın hüquq anlayışından imtina etdiyini göstərir: “Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların ailəsinə edilən hücum və bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyən şəxslərin amansızcasına qətlə yetirilməsi Rusiya dövləti adına böyük utanc, hüquqi dövlət anlayışı adına rüsvayçılıqdır. Nəinki müasir dünyada, hətta Stalin dönəmində belə insanların məhkəməsiz şəkildə, doğmalarının gözləri önündə güllələnməsi baş verməyib. Lakin bu gün biz müasir Rusiyanın timsalında bu cür biabırçı və qeyri-humanist hallara rast gəlirik ki, bu da təəssüf və ikrah doğurur. Baş verənlər Rusiyanın etniklərə qarşı aqressiv, şovinist siyasətinin göstəricisidir və bütün hallarda qəbuledilməzdir”.

Polkovnik İran-İsrail qarşıdurması zamanı Azərbaycan dövlətinin İrandakı Rusiya vətəndaşlarına kömək etdiyini, onların həyatını xilas etdiyini, Moskvanın isə bunun qarşılığında Rusiyadakı azərbaycanlılara divan tutduğunu bildirib: “İran-İsrail müharibəsi zamanı İran ərazisində müdafiəsiz, ciddi təhlükə altında qalan onlarla Rusiya vətəndaşı Azərbaycan dövlətinin himayəsi və iştirakı ilə ölkəmizə gətirildi və buradan vətənlərinə yola salındı. Həmin vaxt Rusiyanın əlaqədar dövlət qurumları dəfələrlə Azərbaycana öz təşəkkürlərini bildirdi. Lakin qısa zaman sonra Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə zorakılığa məruz qalması, rəsmi Kremlin minnətdarlıq hissinin ötəri olduğunu, ona edilən yaxşılığa nankorluqla cavab verdiyini göstərdi. İranda Rusiya vətəndaşlarını ölümdən xilas etdiyimiz halda, Rusiyada azərbaycanlılar güc orqanları tərəfindən nümayişkaranə şəkildə qətlə yetirildi”.

Polkovnik qeyd edib ki, ötən ilin təyyarə hadisəsindən sonra Rusiyanın azərbaycanlılar əleyhinə yeni, ölümcül addıma imza atması məqsədli siyasətdən xəbər verir: “Ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarənin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasının üstündən bir neçə ay ötsə də, Rusiya tərəfi hələ də müqəssirlərin müəyyən edilməsi və cəzalandırılması istiqamətində konkret addımlar atmayıb.

Təyyarə hadisəsinin ardınca iyunun 27-də Yekaterinburqda polis basqını zamanı heç bir müqavimət göstərməyən 5 azərbaycanlının qətlə yetirilməsi, xeyli sayda soydaşımızın həbs edilməsi və amansız işgəncələrə məruz qalması Kremlin qonşu xalqlara, eləcə də miqrantlara qarşı xoş olmayan niyyətindən xəbər verir.

Hesab edirəm ki, Rusiya hakimiyyəti, bu dövlətin əlaqədar instansiyaları Yekaterinburq hadisəsi ilə bağlı obyekt araşdırma aparmalı, azərbaycanlılara qarşı lüzumsuz zorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərin cəzalandırılmasını təmin etməlidir. Əks halda, bu olay Azərbaycan-Rusiya münasibətlərinin bu günü və gələcəyinə mənfi mənada təsir göstərməkdə davam edəcək, Kremlin səmimiyyətinə olan inamı ortadan qaldıracaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
16
azertag.az

10Mənbələr