AZ

Siyasi basqın!

Müsəlmanlara qarşı total hücuma start verən Kreml beynəlxalq hüququ ayağı altına alır...

Şimal qonşumuzda baş verənləri nə siyasi məntiqlə, nə dünyanın tanıdığı diplomatik qaydalarla, nə də sağlam təfəkkürlə izah etmək mümkündür. “Start fiti”nin Kremldən verildiyi şübhə doğurmayan, keçmiş cinayət işləri və miqrasiya qanunvericiliyi bəhanə gətirilərək polisin törətdiyi özbaşınalıqlar milli reketçilik kimi xarakterizə oluna bilər. Sovet milisinə məxsus üsullarla “qayda-qanun yaratnmağa” başlayan,  bu zaman yalnız müsəlman miqrantların hədəf götürüldüyü yeni kampaniyaya hem “oblava” epiteti də yaraşmır. Rusiya güc strukturları tərəfindən, konkret olaraq, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılığın, vəhşiliyin adı – siyasi basqındır!

Moskvanın Ukrayna ilə müharibədə özünün işğalçı-şovinist siyasətinə bu ölkənin vətəndaşı olan, yaxud miqrantlar kimi yaşayıb-işləyən müsəlmanları da alətə çevirməyi hədəflədiyini bildirən siyasi ekspertlə razılaşmamaq mümkün deyil.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov XQ-yə açıqlamasında bildirdi ki, məqsəd, sadəcə, Azərbaycan diasporasının yox, bu ölkədə yaşayan bütün müsəlmanların – özbək, tacik, qırğız, qazax, türkmənlərin gözünə qorxutmaq deyil. Rusiya hüquq-mühafizə orqanlarının əməlləri onu göstərir ki, məqsəd istədikləri vaxt istədikləri yerdə həmin xalqların nümayəndələrini yaxalasınlar, təhqir etsinlər və yola salsınlar. Bir də ki, onlar istəyirlər ki, diaspor təşkilatları gəncləri yığıb Ukrayna ilə müharibəyə göndərsinlər”.

Deputat haqlı olaraq hesab edir ki, heç kəs müharibəyə gedib Kremlin şovinist siyasətinin qurbanı olmaq istəmir. Məhz bu səbəbdən Rusiya hakimiyyəti zorakı əməllərlə qonşu müsəlman ölkələrinin onun bu siyasətinə dəstək verməsini istəyir: “Amma bu yolla heç nə əldə edə bilməyəcək. Yadınıza məşhur bir kəlamı salmaq istəyirəm: “Rusiyanın sərhədində ya onun köləsi, ya da düşməni olmalıdır”. Azərbaycan uzun müddət çalışdı ki, Rusiya ilə dost, mehriban qonşuluq, hətta strateji müttəfiqlik siyasəti formalaşdırsın. Belə məlum olur ki, bunu anlamadılar. Alternativ yol odur ki, bundan sonra Rusiya ilə məsafə saxlanmaq və o məsafənin dairəsini mümkün qədər genişləndirmək lazımdır”.

***

Oxuculara xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünən – iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Ona 2025-ci il iyunun 27-də həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyan təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib. Bundan başqa, məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Hazırda Rusiyada həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin heç də təsadüf olmadığı, bu dalğanın başında ölkə rəhbərliyinin durduğu şəksizdir. Kənar müşahidəçidə belə təsəvvür yarana bilər ki, Rusiya hüquq mühafizə orqanları beynəlxalq hüquqda yeni – etnocinayətkarlıq anlayışını kəşf ediblər. Onlar bununla “müharibə partiyası”na loyallıq göstərməyən digər xalqların nümayəndələrinin məhz cinayətkar kimi məsuliyyətə cəlb olunmasına hüquqi zəmin yaratmağa çalışırlar. Amma bu zaman Kreml belə qeyri-humanist və təhlükəli tendensiyanın hamıdan daha çox sadə rus xalqına fəlakətlər gətirə biləcəyi ehtimalını unudur. Bu gün ciddi sanksiya və siyasi təzyiqlərə məruz qalan Kremlin bu ölkədə yaşayan, əlinin zəhməti, alnının təri ilə bir parça çörəyini qazanan müsalman-miqrantlara qarşı total hücuma “xeyir-dua” verməsi onun üzləşdiklərindən yaranan hirs və hikkəsindən əsl “qan çanağı”na dönməsi ilə izah oluna bilər. 

Bu barədə XQ-yə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Zeynalova bu qənaətdədir ki, Rusiya hüquq-mühafizə orqanlarının son illər irəli sürdüyü “etnocinayətkarlıq” anlayışı siyasi məqsəd güdən bir konstruksiyadır. Etnocinayətkarlıq beynəlxalq hüququn əsas prinsiplərinə zidd olmaqla yanaşı, Rusiyanın çoxmillətli cəmiyyət modelindən monoetnik dövlət modelinə keçid niyyətini ortaya qoyur. “Cinayət” anlayışının milli mənsubiyyətlə əlaqələndirilməsi fərdi hüquqi məsuliyyət prinsipinin pozulması ilə yanaşı, etnik mənsubiyyətə görə kollektiv damğalanma siyasətinə rəvac verir ki, bu da dövlətin hüquq mühafizə institutlarının ideoloji təzyiq alətinə çevrilməsinin göstəricisidir.   

Rusiyada  qeyri-rus xalqlara, o cümlədən azərbaycanlılara qarşı zorakılıq hallarının artması, sistemli şəkildə həyata keçirilən yoxlamalar, əsasız saxlamalar və təhqiramiz münasibət bu anlayışın arxasında duran məqsədi açıq şəkildə göstərir. Etnik mənsubiyyətə görə həyata keçirilən hüquqazidd tədbirlər rəsmi strukturlar tərəfindən ya görməzdən gəlinir, ya da dolayı yolla legitimləşdirilir. Belə bir şəraitdə hüquqi dövlət prinsipləri yalnız formal çərçivədə qalır, praktiki reallıqda isə seçilmiş etnik qruplar təhlükə kimi təqdim olunur. Azərbaycanlılar bu prosesdə xüsusi hədəfə çevrilmiş qrup olaraq diqqət çəkir. Onların ticarət sektorundakı fəallığı, demoqrafik dinamikası və ictimai məkandakı görünüşü Rusiya ictimaiyyətinə və media təsəvvürünə “yad”, “kriminal”, “təhlükəli” obraz kimi təqdim olunur. Prosesin yalnız spontan münasibətlər və ya lokal insidentlərlə izah edilməsi mümkün deyil. Ortada sistemli şəkildə yürüdülən, mərkəzdən idarə olunan və strateji hədəfləri olan bir yanaşma var. Məhz bu yanaşma, əslində, daxili sabitliyi saxlamaq üçün günahkar  axtaran rejimlərin klassik siyasi texnologiyalarından biridir”.

Politoloq “etnocinayətkarlıq” termininin həm də beynəlxalq aləmə verilən mesaj olduğuna diqqəti çəkdi: “Rusiya dövlətçiliyi və suverenliyi üçün “digərləri” – yəni qeyri-ruslar – təhlükədir və onlara qarşı hər cür tədbir məqbul sayılır. Mövcud vəziyyət uzunmüddətli perspektivdə etnik münasibətləri gərginləşdirir, assimilyasiya və deportasiya üçün sosial-psixoloji zəmin formalaşdırır. Eyni zamanda, bu yanaşma gələcəkdə daha açıq və sərt formada həyata keçiriləcək etnik təmizləmə siyasətinin ideoloji hazırlığı kimi də dəyərləndirilə bilər. Azərbaycan cəmiyyəti və dövləti bu prosesləri diqqətlə izləməli, informasiya təhlili, faktların sənədləşdirilməsi və beynəlxalq müstəvidə qaldırılması ilə cavab verməlidir. Çünki bu məsələ artıq təkcə miqrant hüquqları və diaspor məsələsi deyil – bu, həm də milli təhlükəsizlik, vətəndaşların ləyaqətinin qorunması və beynəlxalq hüququn müdafiəsi ilə bağlı fundamental məsələdir”.

***

Deyəsən, hər şeyin öz adı çağırıldığı məqam yetişib. Əslində, Rusiya bu gün deyil, yaxın və uzaq keçmişində, əsrlərlə digər xalqlara qarşı şovinist, “parçala, hökm sür” siyasəti yürüdüb və bu gün baş verənlər formalaşmış və dəyişməyən ənənənin davamıdı, hətta onun daha sərt formasıdır. Bəli, bu, çoxmillətli ölkə olmasından, humanizmdən dəm vuran Kreml isteblişmenti ilə yanaşı, həm də rus xalqının faciəsidir. Axı, dünyaya dahi mütəfəkkirlər – onlarla yazıçı, şair, rəssam və filosoflar bəxş edən xalq belə bir aqibəti yaşamağa layiq deyil...     

Məgər 35 il bundan əvvəl Azərbaycan xalqının başına gətirilən 20 Yanvar faciəsi, I Qarabağ müharibəsində törədilən Xocalı soyqırımı, torpaqlarımızın işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında məhz Rusiya durmurdumu? Ağrısının istisi hələ soyumamış hadisələri deməmək olarmı: Çeçenistan səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması cinayəti, total kiberhücumlar, Milli Məclisin deputatının hava limanından geri qaytarılması kimi aşağılayıcı hərəkətlər eləcə də, rəsmi Moskvanın “yemlədiyi” Dumanın bəzi üzvlərinin, satılmış yazılı, elektron və onlayn media subyektlərinin xalqımızın və dövlətimizin ünvanına yağdırdığı yalan və böhtanları, təhqirləri.  

Bəli, hər bir cinayət gec-tez layiq olduğu cəzasını alır. Böyük yazıçı Fyodor Mixayloviç Dostoyevski “Cinayıət və cəza” əsərini cəmiyyətin sosial eybəcərlikləri və fərdin faciəsi fonunda qələmə alıb. Amma onun XIX əsrdə söydüyü cəmiyyətin siyasi elitası XXI əsrdə şovinist və rusofob düşüncədən hələ də əl çəkə bilmir...      

İmran BƏDİRXANLI

XQ

 

 

 

 

 

 

Seçilən
13
9
xalqqazeti.az

10Mənbələr