AZ

Qalib Öztürk azadlığa buraxıldı

Türkiyənin ən məşhur sahibkarlarından biri, “Metro Turizm” nəqliyyat imperiyasının qurucusu və Gürcüstan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə qoyan Qalib Öztürk üç ildən sonra Gürcüstandakı həbsxanadan buraxılıb.

"Unikal" xəbər verir ki, iş adamı 2022-ci ilin mayında Batumidəki evində və ofislərində aparılan genişmiqyaslı axtarışlardan dərhal sonra həbs edilib. Həmin vaxt Gürcüstanın maliyyə polisi onu vergidən yayınmada, çirkli pulların yuyulmasında və sənədlərin saxtalaşdırılmasında şübhəli bilirdi. Lakin məhkəmə sonda Öztürkü narkotik maddə saxlamaqda təqsirli bilib: onun evindən 7,2 qram kokain tapılıb. 2023-cü ilin fevralında o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin 2025-ci ilin iyununda o, gözlənilmədən azad edilib. Eyni zamanda, mənbələr onun azadlığa buraxılmasının müxtəlif səbəblərini göstərirlər. Belə ki, “Taka Gazete” qəzeti Öztürkün nəzarət altında şərti azadlığa buraxıldığını yazır. "Günaydın Samsun"un məlumatına görə, vəkillərin apelyasiya şikayəti və işə baxılmasından sonra Öztürkün azadlığa buraxılması mümkün olub. Gürcüstanın “Batumelebi” nəşri isə müdafiəyə istinadən iddia edir ki, iş adamı günahını etiraf edib və bu, cəzanın azaldılmasına zəmin yaradıb.

Öztürk zəngin və mübahisəli tərcümeyi-halı olan bir şəxsiyyətdir. Türkiyədə dəfələrlə maliyyə məsələləri ilə bağlı araşdırmaların hədəfinə çevrilsə də, həmişə zərərsiz çıxıb. 2018-ci ildə Türkiyə məhkəməsi onu qətlin təşkilində ittiham edərək ömürlük həbs cəzasına məhkum etmişdi, lakin həmin vaxt o, artıq Gürcüstanda idi və orada ikinci vətəndaşlıq almışdı.

Gürcüstanda Öztürk görkəmli şəxsiyyətə çevrilmişdi: o, otellərə, ticarət mərkəzlərinə, nəqliyyata və tikintiyə sərmayə qoyur, hökumət başçıları ilə rəsmi tədbirlərdə iştirak edirdi. 2020-ci ilə qədər onun ölkəyə ümumi investisiyası 500 milyon dollara çatırdı. Onun ən məşhur aktivi Batumidəki "Euphoria" hotelidir.

İş adamının həbsindən sonra Ankara onun ekstradisiyasını tələb etsə də, bu, baş tutmayıb. Öztürk Gürcüstanın yurisdiksiyasında qalıb. 

Seçilən
43
8
unikal.az

10Mənbələr