AZ

Deputat: Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı törədilən zorakılıq qəbuledilməzdir

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı şiddət və amansızlıqla həyata keçirilən əməliyyat, ümumiyyətlə, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrı-seçkiliyin bariz nümunələridir. Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları tərəfindən törədilən bu amansız davranış, insan hüquqlarının kobud şəkildə pozulması baş verən proseslərin məqsədli şəkildə idarə olunduğunu bir daha sübut edir.

Yekaterinburqda evinə basqın edilmiş azərbaycanlı ailənin üzvlərinin mətbuata verdikləri açıqlamalarında hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən saxlanılan ailə üzvləri ilə son dərəcə vəhşi və təhqiramiz şəkildə davrandığını, ağır bədən xəsarətləri yetirdiklərini, törətmədikləri cinayətləri etiraf etməyə məcbur edildiklərini, əks halda Ukrayna ilə döyüş bölgəsinə göndərilməklə və digər təhdidlərlə hədələndiklərini bildirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Deputat qeyd edib ki, mətbuatda və sosial şəbəkələrdə yer almış çoxsaylı məlumatlara əsasən, hazırda Ukraynaya qarşı müharbədə iştirak etmək üçün Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə münaqişə bölgəsinə aparılması tendensiyası açıq müşahidə olunmaqdadır. Belə ki, miqrantlar narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir və məcburiyyət qarşısında qalaraq, Rusiya hüquq-mühafizə orqanlarının tələbləri və şərtləri ilə razılaşmalı olurlar.

Son müşahidələr göstərir ki, cərəyan edən hadisələr təkcə Yekaterinburqla məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bu xüsusda, hətta bəzi məmurlar və media orqanları daha da canfəşanlıq nümayiş etdirərək, proseslərin zəruriliyini qabartmağa çalışır və bu kimi tədbirlərin ölkə əhəmiyyətli olduğu mifi yaratmağa cəhd edirlər. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi statistikanın əsasında da məhz bu həqiqətlər dayanır.

Zaur Şükürov vurğulayıb ki, bir müddət öncə Rusiya səmasında AZAL-a məxsus mülki təyyarənin vurulmasını Azərbaycan dövləti və xalqı unutmayıb və Rusiya tərəfinin bu hadisə ilə bağlı hərəkətsizliyi, günahsız insanların həyatını itirməsinə səbəb olan bu əməli törətməkdə şübhəli bilinən şəxslərin hələ də cinayət məsuliyyətinə cəlb olunmaması və məqbul hesab edilə bilən üzrxahlıq ifadə edilməməsi qəbuledilməzdir. Heç şübhəsiz, Azərbaycan bu cinayətin beynəlxalq hüquqi müstəvidə araşdırılması üçün müvafiq addımlar atacaq və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompensasiyaların ödənilməsinə nail olacaq.

Narahatlıq doğuran digər bir məsələ isə cari ilin may ayında Həştərxanda keçirilən tədbirə dəvət olunmuş deputatımızın Rusiya ərazisinə buraxılmamasıdır və bu yanaşma Rusiyada Azərbaycana qarşı sərgilənən münasibətin daha bir göstəricisidir. Bununla yanaşı, məlum olduğu kimi bir müddət öncə Milli Məclisin xarici müdaxilələr və hibrid təhdidlərə qarşı müvəqqəti Komissiyası tərəfindən təşkil edilən ictimai dinləmələr zamanı Azərbaycanın informasiya resurslarına qarşı Rusiya ərazisindən kiberhücum təşkil olunması barədə məlumatlar səsləndirilib. Bütün bu faktlar, həmçinin Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları proseslərin idarə olunduğunu aydın göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin normal məcrada inkişaf etdirilməsində maraqlı görünmür və ikitərəfli münasibətlərdə müşahidə edilən gərginlik məhz Rusiya tərəfindən atılan addımlardan qaynaqlanır.

“Rusiyada keçən əsrin 90-cı illərində geniş vüsət alan və idarə olunan müəyyən qüvvələr tərəfindən digər xalqlara qarşı millətçi, irqçi əhvali-ruhiyyə hökm sürüb və görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora səfər edən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir və proseslərdə Rus parvoslav kilsəsinin nümayəndəsinin də fəallıq nümayiş etdirməsi faktının mətbuatda şahidi olduq.

Bu gün qonşu Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsi, Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin daha uca səslə danışmağa başlaması Cənubi Qafqaz regionunun yenidən müharibə arenasına çevrilməsi ehtimalını yüksəldir. Torpaqlarımız işğal altında olduğu illərdə, həmçinin 44 günlük Vətən müharibəsi dönəmində Rusiyanın Ermənistanla dərin hərbi-texniki əməkdaşlığı və dəstəyi açıq şəkildə müşahidə edilirdi və bu ölkənin xarici işlər naziri Sergey Lavrov bir müddət öncə İrəvanda erməni jurnalistin sualına cavab olaraq, Ermənistanın uzun illər boyu Azərbaycan ərazilərini məhz Rusiya silahı ilə işğal etməsi ilə bağlı etirafı bunun bilavasitə sübutudur”, - deyə deputat Zaur Şükürov fikrini yekunlaşdırıb.

Seçilən
26
15
azertag.az

10Mənbələr