AZ

Azərbaycanın dəmir yolu şəbəkəsi ölkənin geosiyasi mövqeyinin güclənməsinə töhfə verir

BAKI, 29 iyun. TELEQRAF

Azərbaycanın geosiyasi mövqeyində dəmir yollarının rolu böyükdür. Bu rol ölkənin nəqliyyat infrastrukturunun mühüm bir hissəsi olaraq, regionda və beynəlxalq miqyasda əhəmiyyətli təsirə malikdir. Dəmir yolları Azərbaycanın coğrafi mövqeyindən faydalanaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bir hissəsi kimi çıxış edir. Bu da ölkənin iqtisadi və siyasi əlaqələrinin genişlənməsinə mühüm təsir göstərir. Azərbaycanın dəmir yolu şəbəkəsi həmçinin ölkənin müxtəlif bölgələrini bir-birinə bağlamaqla yanaşı, qonşu ölkələrlə də əlaqələrin qurulmasında təsirli rola malikdir. Sərnişin və yükdaşımada dəmir yolları etibarlı və səmərəli vasitədir. Bundan əlavə, dəmir yolu nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə daha aşağı daşınma xərcləri təklif edir ki, bu da ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərir. Sözsüz ki, bu gün Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyəti qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Artıq ADY-nin müasir standartlara cavab verən sürətli və konfortlu qatarları bütün bölgələrimiz kimi işğaldan azad edilən torpaqlarımızda özünün yüksək səviyyəli xidmətini göstərməkdədir. Sözsüz ki, ölkəmizin regional və qlobal miqyasda mərkəz rolunda çıxış etməsi ADY qarşısında da mühüm vəzifələr qoyur.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Oruc Azərbaycanın geosiyasi mövqeyində dəmir yolları şəbəkəsinin vacib roluna diqqət çəkib.

Komitə sədri bildirib ki, iqtisadiyyat geosiyasətin təminatı, əsas strateji hədəfi və bütöv on illərlə ərzində Azərbaycanın qələbəsində önəmli rol oynayan bazisdir: “Bu anlamda Qarabağ savaşı bir zamanlar strateji yollar, dəhlizlər, qovşaqların əldə olunması və yaxud açılması uğrunda aparılan bir müharibə idi. Prezident İlham Əliyev bir strateq kimi tarixin dərslərini çox yaxşı bilir, Roma İmperiyası dövründən qalan məşhur deyimin əslində ən böyük geosiyasət məhsulu olduğunu hər zaman nəzərə alır. Yəni bütün yollar Romaya yalnız o zaman aparır ki, o ticarət dəhlizlərində qovşaq və mərkəz rolunu ifadə edir. Azərbaycan Ermənistandan fərqli olaraq savaşın nəticələrinin regional təhlükəsizlik, iqtisadi, həmçinin transmilli olmasına yönəlmiş kurs həyata keçirir. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri fonunda Xankəndi zəfərindən sonra ölkə rəhbərinin hədəfində məhz bu məsələ var. Bu mənada Zəngəzur tarixən azərbaycanlı kimliyini özündə ehtiva etməsinə rəğmən, bölgədə ticarət yolu kimi istifadə edilib. Azərbaycanın tarixi qələbəsi fonunda Prezident İlham Əliyevin liderliyi altında ilk növbədə əsas qitələri birləşdirən Qərb-Şərq, Şimal-Cənub istiqamətindəki bütün yollar birləşmiş olur”.

Deputat vurğulayıb ki, dəmir yolları sistemi yüz illər tarixə malikdir: “Bu, hər bir ölkənin iqtisadiyyatının əsas arteriyası olmaqla bərabər, milli həyatın ayrılmaz parçasıdır. Bütün sferalarda öz töhfəsini verir. Azərbaycan daxilində dəmir yolu şəbəkəsinin ümumi uzunluğu, onun bölgənin coğrafiyasını əhatə etməsi, infrastruktur vəziyyəti, kadr ehtiyatları və əsas yükdaşıma mənbələrinə bağlılığı interkontinental səviyyədə əlaqələrdə rol oynaması və digər tranzit şəbəkələrinə qoşulması qabiliyyəti önə çıxır. Ona görə də Prezident İlham Əliyev tərəfindən hələ Azərbaycan ərazilərinin işğalı dövründə Gürcüstan üzərindən Bakı-Tbilisi-Qars dəmir yolu xətti reallaşdırılmışdı. Bu xətt Bakı-Tbilisi-Ceyhan qədər strateji önəm daşıyan dəmir qovşaqlar adı ilə ifadə edilsə də bu, yalnız politoloji məzmun daşıyan bir ifadə deyildi. Onun arxasında mühüm məqsədlər dayanırdı. Çünki turbulentlik təkcə bölgədə deyil, Yaxın Şərq hövzəsi, Hind okeanı çevrəsi, dövlətlərarası münasibətlərin dəyişməsinə adekvat, çox çevik reaksiyalar verir. Buna görə də Bakı-Tbilisi-Qarsın imkanlarını böyük səviyyədə göstərəcəyinə inam mövcuddur. Amma bunun paralelində Azərbaycan dövləti qələbədən sonra Zəngəzur yolunun bütövlükdə, yəni dəhlizdən də üst qatda tranzit yolları, ümumi əlaqələr, Naxçıvanla quru yollarla birləşməyin strategiyasını, kursunu gerçəkləşdirdi. Artıq addım-addım məhz sərhəddə 42 km-lik tarixin məşhur marafonunun ölçüsündə bu birliyi təmin etmək üçün Ermənistana iqtisadi təklifləri də işə salmaqdadır. Belə görünür ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə məlum səfəri fonunda bu prosesin gerçəkləşəcəyinə də şübhə edilmir. Çünki Azərbaycan strateji yolların, şəbəkələrin, xəttlərin qurulması ilə deyil, eyni zamanda daha artıq dərəcədə digər bütün sferalar üzrə siyasətini həyata keçirib. Yəni Orta Dəhliz layihəsi reallaşa bilirsə, Azərbaycan həm də bunun Ermənistanın üzərində necə gerçəkləşdirəcəyinə dair mövqelərini açıq ifadə edir. Doğrudur, Ermənistan bütün hallarda prosesdə açıq iştirak edə bilmir. O, beynəlxalq siyasət quruculuğunda önəmli rol oynamır, artıq onun aktor rolu demək olar ki, Qarabağ zəfərindən sonra çox-çox azalıb”.

Zahid Oruc hesab edir ki, Azərbaycan dəmir yolu sistemi çox çevik və dəyişikliklər prosesini yaşayır: “Bu sistemin təmsilçiləri beynəlxalq bazarları çox ciddi şəkildə izləyir, burada tarif siyasətləri, daşımalar üçün uyğun olan şərtlərin irəli sürülməsi, o cümlədən digər tranzit qovşaqları ilə əlaqələnmə imkanları, beynəlxalq danışıqlarda yer almaq, görüşlərə qatılmaq və sair, bütün bunların hamısını reallaşdırır. Çünki bu, bir günlük proses deyil və uzun mərhələləri, çalışmaları tələb edir. Açıq demək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi regionda yükdaşımalarla bağlı tələbatları gücləndirib. İran ətrafındakı məlum savaş Şimal-Cənub layihəsinə müəyyən qədər təsirini göstərmiş olacaq. İndi Azərbaycan təhlükəsizlik adasıdır. Bunu da məhz Prezident İlham Əliyev yaradıb. Bu, məhz Azərbaycan Prezidentinin sərkərdəlik gücü və strateq bacarığı sayəsində əldə olunub. Azərbaycan dəmir yolları sistemi də dövlət başçısının çağırışlarına adekvat sürətli addımlar atmaqdadır. Dəmir yolu parkının yenilənməsi ilə yanaşı digər zəruri tədbirlər həyata keçirilir ki, Azərbaycanın üzərində olan bu geosiyasi açılımın yeni təhlükəsizlik arxitektura quruculuğunun arxasınca addımlaya bilsinlər. Əminik ki, bu proses uğurlu olacaq. Azərbaycanın tarixi qələbədən sonra beynəlxalq aləmə açılımı siyasətində mühüm iqtisadi sferalar kimi dəmir yolları da özünün öncül mövqeyini ifadə edəcəkdir”.

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın 15-20 il öncə, Orta Dəhlizlə bağlı məsələlər o qədər də aktual olmadığı dövrdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bu dəhlizin əsasını qoyduğunu söyləyib.

Onun fikrincə, Azərbaycanda dəmir yolu şəbəkəsinin inkişafı, çoxşaxəli modelə keçid çoxdan başlanmış bir strategiya idi: “Çünki coğrafiyanın özü bunu diktə edir. Azərbaycanın coğrafi mövqeyi logistik mərkəzə çevrilmək üçün idealdır. Ölkəmizin okeana çıxışı olmasa da Şərqdən-Qərbə, Şimaldan-Cənuba keçən yolların kəsişməsi Azərbaycan üzərindən keçir. Ona görə də Azərbaycan çoxdan bu məsələ ilə bağlı infrastruktur quruluşuna başlayıb. Bakı Limanı, dəmir yollarının yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, II Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi perspektivi ilə Ağbəndə qədər dəmir yollarının yenilənməsi və s layihələr məhz gələcəyə hesablanmışdı. Orta Dəhliz və Şimal-Cənub dəhlizinin coğrafi olaraq keçdiyi nöqtə kimi Azərbaycandan keçən yol daha qısa və effektiv olduğundan burada ölkəmiz üçün ciddi perspektivlər ortaya çıxır. Sözsüz ki, burada dəmir yolu şəbəkəsi öndə durur. Çünki dəmir yolu dəniz nəqliyyatından sonra ən ucuz yükdaşıma vasitəsidir. Dəniz nəqliyyatına rəqib olmasa da avtomobil nəqliyyatı ilə müqayisədə dəmir yolu ilə yük daşımaq təqribən 5 dəfə ucuz başa gəlir. Ona görə də çox sərfəlidir. Bir çox ölkələr də daşımalarda məhz dəmir yolundan istifadə edir”.

İqtisadçı həmçinin mühüm layihələrin həyata keçirilməsi üçün geosiyasi və infrastruktur problemlərinin mövcudluğundan bəhs edib: “Misal üçün, Cənub-Şimal dəhlizinin Rəşt-Astara hissəsi hələ tikilməyib. Hələ 2027-ci ildə bu xəttin hazır olması planlaşdırılır. Eyni zamanda taarif məsələləri ilə bağlı razılıq da yenicə əldə olunub. Bu xüsusda Azərbaycan tərəfi olaraq Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) təşəbbüsü ilə Qazaxıstan və Gürcüstanın iştirakı ilə bir konsersium yaradılıb. Bununla bağlı irəli sürülən təkliflər paketində dəmir yollarında tranzit rəqəmləri ölkələr üzərə fərqlənməyəcək. Yük göndərənlər və iş adamları üçün bu daha rahatdır. Hətta ödənişin bir mərkəzə edilməsi də nəzərdə tutulub. Yəni, ödəniş bir şirkətə edilir və o özü ölkələrin tranzit ödənişlərini həyata keçirir. Beləliklə, iş adamları və yük göndərənlər üçün ayrı-ayrı ölkələrin müvafiq şəbəkələri ilə danışıqılar aparmasına ehtiyac qalmır. Bu nöqteyi-nəzərdən dəmir yolları şəbəkəsinin inkişafı gələcəkdə Şimal-Cənub, Şərq-Qərb və Zəngəzur dəhlizlərinin açılması, bütün kommunikasiyaların yenidən qurulması Azərbaycan dəmir yollarının da inkişafına, ölkəmizin logistik mərkəzə çevrilməsinə səbəb olacaq”.

Natiq Cəfərli hesab edir ki, dəmir yolu infrastrukturunun böyük olmasını nəzərə alsaq mühüm layihələrin qısa zamanda həyata keçirilməsi mümkün deyil: “Amma Azərbaycan çox qısa zamanda heç bir xarici kömək olmadan Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla yekunlaşdırdı. Hazırda Bakıdan Ağbəndə yəni, Naxçıvanla sərhəddə dəmir yollarının inşafı artıq yekunlaşmaq üzrədir. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın Naxçıvanla yanaşı Türkiyəyə də dəmir yolu ilə ən qısa xətlə yük və sərnişinlərin daşınmasına imkan verəcək. Bu xüsusda ölkəmizin ifrastruktur layihələri ilə bağlı atdığı addımlar daxili resursları, mühəndislik və işçi qüvvəsi tərəfindən üstünlüyü əlavə imkanlar yaradır. Əsas tələb isə regional dövlətlərin də bu istiqamətdə Azərbaycanla paralellik aparmasıdır. Azərbaycanın logistik mərkəzi kimi yüksək səviyyəli dəmir yolu şəbəkəsi ilə yanaşı digər ölkələrlə bağlantılar da olmalıdır. Bu xüsusda “Azərbaycan Dəmir Yolları” QSC-i (ADY) Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda çox maraqlı layihələr həyata keçirir. Bu da sözsüz ki, doğru yanaşmadır. Bütün bunlar isə ölkəmizin logistik mərkəz kimi atdığı addımların effektivliyinin daha da artırılmasına xidmət edir”.

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Seçilən
64
teleqraf.com

1Mənbələr