AZ

Fırçasında ruhunu danışdıran gənc İstedad...

Qubadlı rayon Xıdırlı kənd orta məktəbinin 9-cu sinif şagirdi Əsmər Soltan adı qədər zərif, dünyagörüşü qədər dərin, fırçası qədər sözsüz danışan bir gənc istedaddır...

Ənənəvi olaraq məktəbin əlaçı şagirdlərindən olan Əsmər, 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə əldə edərək təkcə bədii yaradıcılığı ilə deyil, elmi bilikləri ilə də diqqət mərkəzinə düşüb.Təbii ki, bu nüans da Əsmərin gələcək həyatının daha da işıqlı, parlaq olacağı və universitet həyatına qədəm qoyacağı əminliyini bizlərdə yaradır.

... Amma onun ən xüsusi tərəfi – daxili dünyasını rənglərə çevirməyi bacaran incə ruhudur. Əsmərin çəkdiyi rəsmlər sadəcə təbiət mənzərələri, dənizlər, gün batımı və ya heyvan təsvirləri deyil. Onun əsərləri bir məktəbli qızın duyğularının, xəyal gücünün və müşahidə etdiyi dünyaya verdiyi poetik cavabın bədii formasına çevrilmiş halıdır.

... Bir əsərində günəşin dənizə enən parıltısını göstərərkən, digərində bir atın qürurlu baxışlarında azadlığın və gücün təcəssümünü hiss etdirir.

Rənglər onun üçün yalnız boya deyil, rənglər onun ruhunun danışdığı dildir. Mavi – sakitliyi və ümidləri, qırmızı – içindəki gücü, sarı və narıncı – gələcəyə olan inamı simvolizə edir. Hər fırça zərbəsi onun düşüncələrinin, hisslərinin və yaşına baxmayaraq dərin həyat müşahidələrinin ifadəsidir.

Əsmər Soltan həm akademik, həm də yaradıcı sahədə qazandığı uğurlarla göstərir ki, istedad və zəhmət bir araya gəldikdə, vəhdətdə olduqda ortaya əsl gözəllik, dəyər və ilhamverici nümunə çıxır.
Onun uğurları bir kənd məktəbinin sinfindən başlayıb, rənglərlə zənginləşərək daha geniş üfüqlərə doğru yol alır. Elə gələcəyin böyük sənətkarları da məhz belə zəhmətkeş və həssas ruhlu gənclər arasından çıxır.

Əsmər Soltan – gələcəyin fırçalı səsi, Qubadlının və Azərbaycanın qüruru.

Çinarə Ömray
yazıçı, ssenarist,
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

Poliqon.info 

Seçilən
15
1
poliqon.info

10Mənbələr