"Rusiyanın Yekaterinburq şəhərində cinayətkarlığa qarşı mübarizə adı altında baş verən hadisələr əslində bu ölkənin imperiya, şovinist siyasətinin daha bir göstəricisidir. Bir qayda olaraq qonşu dövlətlərə və xalqlara yuxarıdan aşağı baxmağı öyrənən Rusiya Federasiyası bu dəfə Azərbaycan dövləti və bu ölkədə yaşayan azərbaycanlıları hədəf seçib. Yekaterinburq şəhərində baş verənlər bunun əyani sübutudur".
Bu fikirləri Newscenter.az-a "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, siyasi ekspert Ramil Hüseynov səsləndirib. Ramil Hüseynov deyib ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın regionda yaratmış olduğu yeni reallıq bir sıra dövlətlər kimi Rusiya Federasiyasını da qane etmir və Moskva bu reallıqla barışmaq istəmir:
"Çünki Qarabağ probleminin mövcudluğu, onun həll edilməməsi Rusiyanın əlində Azərbaycan və Ermənistana təzyiq etmək üçün əlverişli təzyiq vasitəsi idi. 2020-ci ilin sentyabrından sonra Rusiyanın əlindən bu təzyiq vasitəsi çıxıb. Ona görə də Moskva Azərbaycana qarşı alternativ təzyiq üsullarından istifadə edir".
Ramil Hüseynov bildirib ki, Rusiya tərəfi mütləq şəkildə baş verən son hadisələrə görə Azərbaycandan üzr istəməlidir:
"Bu bir siyasi. diplomatik mədəniyyət nümunəsidir. Təbii ki, Rusiyada bu siyasi, diplomatik mədəniyyət varsa. Ən son Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması zamanı açıq şəkildə gördük ki, Rusiya siyasi və diplomatik mədəniyətdən uzaq, digər dövlətlərə və xalqlara qarşı şovinist siyasəti yürüdən bir ölkədir. Ona görə də hesab edirəm ki, Rusiyanın antiAzərbaycan siyasətinə qarşı biz də adekvat addımlarımızı atmalıyıq".
Süleyman