AZ

Rusiya çökür Çeçenlər müharibəyə hazırlaşır

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Keçmiş günahı gələcəyin qorxusudur

1994-cü ildə başlayan və 2000-ci illərə qədər davam edən Çeçenistan müharibəsi Rusiya tarixində silinməz qan ləkəsi kimi qaldı. İlk mərhələdə təxminən 1,5 milyon olan çeçen əhalisi müharibələrin sonunda 300 minə qədər azaldı. Yüz minlərlə insan qətlə yetirildi, şəhərlər yerlə-yeksan edildi, qadın və uşaqlar öldürüldü, sistemli işgəncə mərkəzləri yaradıldı. Əslində bu, açıq şəkildə bir etnik təmizləmə kampaniyası idi. Bunu təkcə çeçen xalqı deyil, Rusiya hakimiyyətinin təyin etdiyi Çeçenistan rəhbəri Ramzan Kadırov da yaxşı bilir.

Çeçen xalqının yaddaşında bu faciə tarixi dərindən həkk olunub. Onlar unutmadılar. Sadəcə gözləyirlər. Tarixdə fürsət gözləyən xalqlar, fürsət gələndə ən güclü müqaviməti göstəriblər. Bu gün Çeçenistan susur, sabah danışa bilər. Və bu danışıq müharibə sədası olacaq.

Ukrayna ilə nə etdilərsə…

Əgər bu gün Rusiya, qardaş adlandırdığı, dili, dini və mədəniyyəti yaxın olan slavyan Ukrayna xalqına qarşı belə qəddar bir müharibə aparırsa, Buçada soyqırımı törədir, Mariupolu yerlə-yeksan edir, yüz minlərlə ukraynalını öldürür, yaşayış məntəqələrini uzaqmənzilli raketlərlə, termobarik bombalarla vurursa, deməli, başqa xalqlara qarşı hansı aqressiyanı göstərə biləcəyi haqqında əlavə sübuta ehtiyac yoxdur. Rusiya üçün bu, “hansı miqyasda dağıda bilərik və dünya buna necə reaksiya verir?” eksperimentidir. Dünya susursa, bu, yeni “təcrübələr” üçün yaşıl işıqdır. Bu sınaqların növbəti hədəfi yenidən ayağa qalxan çeçenlər ola bilər.

İmperiyanın içindən başlayan çöküş

Sovet imperiyasının çökməsi ilə Rusiyanın daxili ideoloji boşluğu şovinizmlə, islamofobiya ilə, rus ortodoksal təəssübkeşliyi ilə dolduruldu. Rusiyada baş qaldıran millətçi təfəkkür təkcə rus olmayanlara deyil, eyni zamanda İslam dünyasına da açıq düşmənçiliklə yanaşır. Çeçenlər bu siyasətin ən uzunmüddətli hədəfidir.

Əvvəllər bu işi “skinhead” hərəkatları görürdüsə, bu gün bu funksiyanı Rusiya polisi, FSB, “Rosqvardiya” kimi rəsmi qurumlar icra edir. İndiki Rusiya hüquq-mühafizə orqanları dəhşətli şəkildə “rəsmi skinhedlər”ə çevrilib. Onlar küçədə işgəncə verir, evlərdə güllələyir, açıq-aşkar milliyyətə görə təqib edir.

Ən acısı isə budur ki, Rus Pravoslav Kilsəsi bu təzyiqləri dini və ideoloji əsaslandırmalarla qızışdırır. Kreml siyasətini müqəddəsləşdirir, islamofob ritorikanı gücləndirir, qeyri-rus xalqları “daxili düşmən” kimi təqdim edir.

Putinizm və Kadırovçuluq, müvəqqəti ittifaq

Çeçenistan bu gün formal olaraq Ramzan Kadırovun rəhbərliyi ilə Moskvaya sədaqətli görünür. Ancaq bu, görünən hissədir. Gerçəklikdə Çeçenistan cəmiyyətində Rusiya əleyhinə güclü narazılıq var. Kadırov rejimi bunu amansız repressiyalarla boğur. Lakin təsəvvür edin ki, Kadırov rejimi çöksə və ya Moskva zəifləsə, nə baş verəcək?

Onda bu gün susan, lakin illərin qisası ilə yaşayan çeçen xalqı üsyana qalxacaq. Bu, təkcə Çeçenistanın yox, eyni zamanda Dağıstan, İnquşetiya, Kabardin-Balkar kimi digər Qafqaz xalqlarının da silahlanmasına səbəb ola bilər.

Stalinə “RƏHMƏT”

Bəziləri deyir ki, bugünkü Rusiya Stalin repressiyalarına bənzəyir. Əslində isə bu, Stalin repressiyalarını belə geridə qoyur. Stalin dövründə insanlar gizli şəkildə repressiya olunurdu. Güllələmələr, sürgünlər “prosessorla” həyata keçirilirdi. Bugünkü Rusiya isə artıq qanunsuzluğun dövlətləşmiş modelidir. İndiki rejim öz vətəndaşlarını, xüsusilə də müsəlman, qeyri-rus xalqların nümayəndələrini küçədə güllələməkdən çəkinmir.

Bu da göstərir ki, dövlət strukturu çöküb, yerində şovinizm və qorxu rejimi qalıb. Və bu, çox gecikmədən partlayacaq.

Azərbaycan təcrübəsi və Cənubi Qafqazda dəyişən əhval-ruhiyyə

20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı və bu torpaqların 30 ilə yaxın müddətdə işğalda qalması Rusiyanın bilavasitə iştirakı nəticəsində mümkün oldu. Azərbaycan xalqı bunu unutmadı. Eləcə də çeçenlər unutmadı.

Bu gün Cənubi Qafqazda artıq Rusiyaya qarşı inamsızlıq və narazılıq açıq şəkildə görünür. Gürcüstanda Rusiyaya qarşı etirazlar sürətlənir, Ermənistanda Rusiyaya qarşı münasibət dəyişir, Azərbaycanda isə artıq Rusiya ilə əlaqələr yalnız rəsmi diplomatiya səviyyəsində saxlanılır.

Və bu əhval-ruhiyyə tezliklə Şimali Qafqaza da keçə bilər.

Çeçenistan hazırlaşır

Bütün bu proseslərin fonunda bir məsələ gün kimi aydındır. Çeçenistan yenidən silahlana bilər. Onlarda tarixi qisas hissi güclüdür. Rusiya zəifləyir və içində çökür. Daxildəki narazılıq repressiyalarla yalnız ötəri susdurulub.

Qafqazda ümumi dirəniş əhvalı güclənir. Əgər Moskva zəifləsə, Kadırov rejimi çökəcək, ya da Qafqazda yeni siyasi fürsət pəncərəsi açılsa Çeçenistan üçüncü müharibəyə başlayacaq. Bu dəfə daha çox təşkilatlanmış, daha çox dəstəkli və daha sərt olacaq.

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
31
modern.az

10Mənbələr