AZ

Rusiyada soydaşlarımıza qarşı repressiyaları artıq Stalin dövrünün metodlarını belə geridə qoyur - DEPUTAT YAZIR

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksiyalar bir neçə yanaşı məqsədə xidmət edir.

İlkin məqsəd Ermənistanda baş verən kilsə-hökumət qarşıdurması ilə bağlıdır. Bu, Rusiyanın “çoxvektorlu təsir siyasəti”nin tipik nümunəsidir. Gəlin öncə bu prosesə mərhələli şəkildə nəzər salaq:

Paşinyan hakimiyyəti ilə Ermənistan Apostol Kilsəsi arasındaki gərginlik pik həddə çatıb. Kilsə Paşinyanı ənənəvi dəyərlərə xəyanətdə və Qərbə meyldə ittiham edir, Paşinyan isə kilsənin siyasi təsirini məhdudlaşdırmağa çalışır. Bu mübarizədə Ermənistan cəmiyyətinin radikal-ultramillətçi seqmenti kilsənin ətrafında cəmlənib.

Moskva isə çoxdan Ermənistanda kilsəni “yumşaq güc aləti” və siyasi təsir mexanizmi kimi dəstəkləyir. Çünki kilsə həm Rus Pravoslav Kilsəsi ilə tarixi əlaqələr saxlayır, həm kilsənin mövqeyi postsovet məkanında Rusiyanın “ənənəvi dəyərlər” ritorikasına uyğun gəlir. Yəni, Moskva üçün kilsə Ermənistanda və Cənubi Qafqazda imperiyanın ənənəvi dayaqlarından biri rolunu oynayır.

Bu xüsusda, Azərbaycanlılara və ümumən müsəlman miqrantlara qarşı zorakılıq Moskva üçün iki istiqamətdə mesaj funksiyası daşıyır:

Daxildəki radikal elektorata göstərir ki, “Rusiya sərt əl prinsipini qoruyur, əzici üstünlüyünü təmin edir.”

Ermənistanda kilsə ətrafında cəmlənən ultramillətçi qüvvələrə isə ötürür ki, Moskva Qafqazda “türk-müsəlman təhlükəsi” ilə mübarizə aparır və öz nüfuzunu saxlayır.

Başqa sözlə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı təzyiqləri, qətllər, “etnocinayətkarlıq” etiketi təkcə Rusiyada islamofobiya yaratmır. Bu həm də Ermənistandakı müəyyən dairələr üçün “görürsünüzmü, Rusiya sizin əbədi müttəfiqinizdir, ortaq düşmənimiz türk-müsəlman dünyasıdır” mesajıdır.

Çox güman ki, Azərbaycanlılara qarşı zorakılıq dalğasında Moskva eyni zamanda Ermənistandakı kilsə və ultramillətçi qruplara aşağıdakı mesajlari verir:

“Biz sizin tarixi-mifik “düşmənlərinizə” qarşı sərt mövqedəyik, bizim nüfuzumuz olmadan regionda heç kəs sizi türk-müsəlman üstünlüyundən qoruya bilməz və siz də bu mövzunu təbliğatda istifadə edin və ictimai rəyə ötürün”.
Bu, həm Rusiyanın regiondakı mövqelərini möhkəmlətmək, həm də daxildə millətçi konsolidasiyanı gücləndirmək məqsədi güdən çoxplanlı siyasətdir.

Digər tərəfdən, Rusiyanın siyasi dairələri iqtisadi çətinliklər, beynəlxalq təcrid, Ukrayna müharibəsinin yaratdığı sosial gərginliklər fonunda yarananyarıgizli narazılığı ənənəvi qaydada fərqli istiqamətlərə yönləndirməyə çalışırlar. Tarixən də Rusiyada siyasi və iqtisadi böhran dövrlərində daxili düşmən obrazı yaratmaq ənənəsi olub. Anti-miqrant ritorikası da bu kontekstdə klassik “günah keçisi” axtarmaq strategiyasıdır.

Bütün bu hadisələrin ana xəttində dayanan amil Rusiya dövlətçiliyində imperiya şüurunun mühüm elementi olan “rus xalqının aparıcı rolu” ideologiyasıdır.

Şovinist mövqelər, “Rusiya ruslar üçündür” tipli çağırışlar, multietnik federativ modelin de-fakto tənəzzülə uğradığını göstərir. Bu isə daxildə sərt mərkəzləşməni legitimləşdirilmə meyillərini gücləndirir.

Seçilən
39
31
aznews.az

10Mənbələr