NATO-nun Haaqa sammiti zamanı ABŞ Prezidenti Donald Trump BBC Ukraynaca xidmətinin müxbiri Petsa Miroslavanın sualını cavablandırıb.
O, Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı sual verib.
Cavab verməzdən əvvəl Ağ Evin rəhbəri jurnalistə şəxsi suallar verməyə başlayıb və ərinin cəbhədə olması və Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşməsi ilə bağlı rəğbətini bildirib.
Petsa Miroslava BBC Ukraynaca xidmətinin saytında mətbuat konfransı və Trump-a necə sual verə bildiyi barədə danışır. Bu, onun hekayəsinin tərcüməsidir, Ukrayna dilindəki orijinalı isə burada oxumaq olar.
"Ağlıma da gəlməzdi ki, Donald Trump ərimə salam göndərəcək"
Ağlıma da gəlməzdi ki, Donald Trump ərimə salam göndərəcək.
Amma bu, NATO-nun Haaqa sammitində baş verdi.
Gülməli olsa da, Trump-ın mətbuat konfransından əvvəl mən çox dilxor idim, çünki ABŞ Prezidentinin Volodimir Zelenski ilə keçirməli olduğu görüş üçün akkreditasiya ala bilməmişdim.
Mən o zaman bilmirdim ki, akkreditə olunmuş media nümayəndələri bu görüşü çəkə, hətta ölkə liderlərini də görə bilməyəcək.
Ona görə də həmin gün Donald Trump-ın mətbuat konfransı verməli olduğu yerə tələsdim. Orada onu dünyanın hər yerindən yüzlərlə jurnalist gözləyirdi. Beynimdə artıq hazır sual var idi, əslində, iki sual.
Amma bilirdim ki, sual verməyə şansım çox azdır.
Ona görə yox ki, bu, qeyri-mümkün idi.
Hələ fevral ayında Trump və Prezident Zelenski arasında Oval kabinetdə keçirilən görüşdə mən Ağ Ev rəhbərinə iki sual verdim: onun Ukraynaya silah satışını davam etdirməyə hazır olması (cavab "bəli" idi) və əgər Putin atəşkəs rejimini pozarsa, ABŞ nə edə bilər. Bu suala Trump belə cavab verdi: "Bəs, bir şey baş versə, əgər indi başınıza bomba düşsə, nə olar?"
Buna görə, əvvəlcə qara pencəyimi çıxartdım ki, Donald Trump otağı dolduran tünd kostyum selində məni görə bilsin. Sonra səhnəyə yaxınlaşdım və bundan sonra, məni görəcəyi ümidi ilə, əlimi qaldırdım. Və bir məqamda o məni gördü.
Mən ona "Patriot" hava hücumundan müdafiə sistemləri və Rusiyanın Ukrayna şəhərlərinin bombalamasını artırdığı bir vaxtda ABŞ-ın onları Ukraynaya satmağa hazır olub-olmaması ilə bağlı sual verdim.
Hava hücumundan müdafiə Ukraynanın bir nömrəli prioritetidir, xüsusən də indi, Rusiya qoşunlarının bir neçə gün ərzində Kiyev, Dnepr və Odessada onlarla mülki sakini öldürdüyü bir vaxtda.
Petsa Miroslavanın Donald Trump-la söhbəti necə keçib
Petsa Miroslava: BBC-nin Ukraynaca Xidməti.
Donald Trump: Siz haradansınız?
- Mən Ukraynadanam.
- O...
- Sualım budur: ABŞ Ukraynaya Patriot zenit-raket kompleksləri satmağa hazırdırmı? Biz bilirik ki, Rusiya hazırda Ukraynaya çox ağır zərbələr endirir.
- İndi siz Ukraynada yaşayırsınız?
- Ərim ordadır.
- Bəli, görürəm ki, bu sizin üçün çox...
- Mən uşaqlarımlayam, Varşavada, çünki o, belə istəyir.
- İndi əriniz əsgərdir?
- Bəli.
- O, indi oradadır?
- Bəli.
- Aha. Çətindir, elə deyilmi? Çətindir. Siz burda yaşayırsınız?
- Yox, Varşavada.
- Və siz müxbirsiniz?
- Bəli.
- Yaxşı, yaxşı. Belə ki, izin verin sizə deyim - bəli, onlar [Ukrayna - BBC] raket əleyhinə... "Patriot" adlandırdıqları raketlər istəyirlər.
Biz baxarıq, onların bəzilərini əlçatan edə bilərikmi, anlayırsınız? Onları əldə etmək çox çətindir. Bizim də onlara ehtiyacımız var.
Biz onları İsrailə tədarük edirik. Və onlar çox effektivdir, 100 faiz effektiv, inanmaq çətindir ki, nə qədər effektivdir.
Və yəqin ki, bildiyiniz kimi, onlar bunu hər şeydən çox istəyirlər. Bu, çox yaxşı sualdır. Sizə uğurlar arzulayıram.
Görürəm ki, bütün bunlar sizin üçün çox çətindir. Ərinizə salamımı çatdırın, yaxşı?
Trump-ın "mütəəssir olduğu gözdən qaçmadı"
Mən dünyanın ən nüfuzlu adamına şəxsi problemlərim barədə urəyimi açmağa hazır deyildim, mənim heç vaxt belə planım olmayıb.
Ancaq bu dialoq zamanı Prezident Trump çox fikirli görünür və xoş təsir bağışlayırdı. Onun mütəəssir olduğu gözdən qaçmadı.
Və o, sanki ilk dəfə həyatı müharibədən zərər çəkmiş adi ukraynalı qadınla danışmaq fürsəti tapmış kimi, mənim və ailəm haqqında suallar verirdi.
Sonda Donald Trump-ın tammiqyaslı işğalın ikinci günündən Ukraynanı müdafiə edən ərimə salam söyləməyi xahiş etməsi məni heyrətə saldı.
Elə bil ki, o bu müharibənin ailəmə necə baha başa gəldiyini dərk etmiş və məni sakitləşdirmək istəyirdi.
Və bilirəm ki, bu söhbət təkcə mənim üçün deyil, bütün Ukrayna xalqı üçün çox əhəmiyyətlidir.
Ukraynada çoxları bu söhbətin Donald Trump üçün də bir əhəmiyyəti olduğuna ümid edir.