"Ölkə futbolu mənim nəzarətim altındadır. Mən onu korrupsiyadan təmizləmişəm" - bu sözləri Özbəkistan prezidenti Şövkət Mirziyayev 2018-ci il, yanvarın 30-da deyib.
Futbolda lift yoxdur, pilləkənlar var. Bu yolu pillə-pillə, mərtəbə-mərtəbə qalxmaq lazımdır. Özbəkistan bunu bacardı. Bir neçə il ərzində ölkənin yığma komandası dünya çempionatına vəsiqə qazandı, Şomurodov, Xusanov kimi futbolçular Avropanın böyük klublarına transfer olundu.
Bu uğurların əsas memarı sözsüz ki, ölkə başçısı Şövkət Mirziyayevdir. Məhz o şəxsən futbola əl qoyandan sonra bu sahə inkişaf etməyə başladı. 2019-cu ildə federasiyanın idarəetməsi dünyaca tanınmış futbol hakimi Rövşən İrmatova verildi. İrmatov sənəd üzərində 1-ci vitse-prezident getsə də, ölkə futbolunun idarəetməsi məhz ona həvalə olunub.
Rövşən İrmatov ölkə başçısının dəstəyi ilə 14 yeni uşaq və yeniyetmə futbol akamediyasının açılışını edib. Gələn il Daşkənddə İtaliya texnologiyası ilə milli futbol mərkəzi inşa olunacaq. Layihəyə görə, bu baza dünyanın ən möhtəşəmləri sırasında yer alacaq.
Özbəkistan futbolunun inkişafına səbəb olan qərarlardan biri də, peşəkar futbolun vergilərdən azad edilməsi ilə bağlı oldu. Məhz bundan sonra iş adamlarının futbola gəlişi çoxaldı.
Çox təəssüf ki, bizə düşən yenə qibtə ilə baxmaqdır. Hərçənd, 20 il əvvəl bizdə də iş adamlarının futbola axını olmuşdu, 10 illik dövlət proqramı qəbul edilmişdi. Lakin külli miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, heç bir nəticə gəlmədi.
Bunun bir çox səbəbləri var. Təcrübə göstərir ki, futbolun inkişafı üçün ölkə rəhbırliyi bu sahəyə birbaşa nəzarət etməlidir. Cənab prezident İlham Əliyev tək futbolun yox, ölkədə demək olar ki, bütün idman növlərinin inkişaf etdirilməsi üçün daim tapşırıqlarını verir, dövlət tərəfindən böyük pullar ayrılır. Amma həm dünyada, həm də regionda mürəkkəb geosiyasi vəziyyətin olduğu bir vaxda ölkə başçımız daha aktual məsələlərlə məşğuldur.
Futbol sahəsini qaldırmaq tapşırığı alan məmurlar isə gözləntiləri qarşılamırlar. Günlər, aylar, illər keçir, futbolumuz yerində dayanıb. Ən böyük problem həm də odur ki, bu sahə məmurlar tərəfindən ələ keçirilib, futbol adamlarını yaxına buraxmırlar.
Gürcüstan, Özbəkistan nümunələri var. Futbol adamlarının sahəvi bilikləri, ölkə rəhbərliyinin birbaşa nəzarəti olmasa, inkişaf gözləmək yersizdir. Bu gedişlə biz çoxlarına qibtə ilə baxacağıq, həm də hələ çox...
Həmid
saytlarin hazirlanmasi