AZ

"Rusiyada yaşayan azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - Boran Əzizli

Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edərək əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçiriblər. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir. Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantları narkotik, törətmədikləri cinayətlər, ailə ezvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar da bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. 

Tarixçi-alim Boran Əzizli "Sherg.az"a açıqlamasında deyib ki, dünən axşam Rusiyanın Yekaterinburq şəhərindən aldığımız acı xəbər hər birimizi son dərəcə sarsıtdı. 

Amansızlıqla qətlə yetirilən həmvətənlərimizin yaxını olan alim vurğulayıb ki, iki qardaş və bir əmioğlu vəhşicəsinə rus OMON-çular tərəfindən ailələrinin gözü qarşısında qətlə yetirilib: 

"Əvvəla, öldürülən azərbaycanlıların hansısa cinayətdə əli var idisə, bundan şübhələnirdilərsə, onları həbs edərək istintaq aparmaq mümkün idi. Bunu sivil qaydada həyata keçirmək olardı. Amma onların işgəncə verilərək qəsdən, qərəzli şəkildə öldürülməsi, ailə üzvlərinin döyülməsi görülməmiş cinayətdir. Biz belə hadisələri filmlərdə, faşistlərin hərəkətlərində görürdük. Bu insanlar Rusiyaya öz keflərindən getməmişdilər. 1992-1993-cü illərdə torpaqlarımız məhz elə rusların köməyi ilə işğal olunduqdan sonra onlar doğulub boya-başa çatdıqları yurdlarından didərgin düşmüşdülər. Rusiyaya gedərək orada çalışıb, özlərinə gün-güzəran qurmağa nail olmuşdular. Qardaşlardan biri Tibb Universitetini qurtarmışdı, digəri müəllim idi. O da son dərəcə vəhşicəsinə döyülərək ağır vəziyyətə salınıb. Bu, xalqımızın övladlarına qarşı görünməmiş vəhşilikdir".

B.Əzizli qeyd edib ki, bu hadisə Rusiyada yaşayan azərbaycanlılara qarşı nə birinci, nə də sonuncu hadisədir: 

"Hiss olunur ki, baş verənlər artıq sistem xarakterlidir. Bu, bizi çox hiddətləndirir. Cinayəti törədənlərin cəzalandırılmasını tələb edirik. Məsələ ondadır ki, Rusiyada qətlə yetirilmiş şəxslər öz yurdlarında dəfn olunmalıdır. Onların doğulub boya-başa çatdığı torpaq qəhrəman Ordumuz, Ali Baş Komandanımız tərəfindən işğaldan azad edilib. Çox arzu edərdik ki, onları Qarabağda, öz yurdlarında dəfn olunmasına icazə verilsin, imkan yaradılsın. Bu, mərhumların yaxınları, ailələri üçün də kiçik təsəlli olardı. Mərhumlar da öz qəbirstanlıqlarında əcdadlarının görgahına qovuşardılar. Çox ağır faciədir, ağır dərddir. Azərbaycan Xarici İşlər Nazirliyinin dərhal reaksiya verməsi, həmyerlilərimizə sahib çıxması çox təqdirəlayiq işdir. XİN-in bu məsələdə operativliyinə görə, onlara öz minnətdarlığımı bildirirəm".
Seçilən
13
2
sherg.az

10Mənbələr