AZ

"Bu, sadəcə bir ailənin faciəsi deyil!" - Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

Kulis.az Sevinc Mürvətqızının Yekaterinburqda baş vermiş faciə ilə bağlı"Vicdani səfərbərlik zamanı..." yazısını təqdim edir.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə təkcə Səfərovlar ailəsinə edilən zorakılıq deyil, qeyri-rus xalqlarına, ən əsası, azərbaycanlılara qarşı yönələn növbəti faşizm dalğasıdır.


Səfərovlar ailəsinin yaşadığı evə edilən basqın, onlara qarşı tətbiq olunan fiziki və psixoloji şiddət, hüquq-mühafizə orqanlarının qəddar, qəbuledilməz davranış tərzi bu ölkədə sistemli diskriminasiyanın nə qədər dərinləşdiyini göstərir. Bu, sadəcə bir ailənin və nəslin faciəsi deyil — bu, bütövlükdə Rusiyada yaşayan qeyri-rus xalqların faciəsidir.


Rusiyada illərdir alovlanmaqda olan milli ayrı-seçkilik və şovinizm, artıq açıq dövlət siyasətinə çevrilib. Hədəfdə isə təkcə etnik azlıqlar deyil, müsəlman kimliyinə sahib olan hər kəs – xüsusilə də azərbaycanlılarvar.


Yekaterinburqda baş verənlər bu gedişatın acı nümunəsidirvə bu, sadəcə bir şəhərdə baş vermiş lokal hadisə deyil, sistemin dağıdıcılığı haqqında çalınan SOS siqnalıdır.


Belə anlaşılır ki, Rusiyada yaşayan azərbaycanlılar bu gün artıq sadəcə etnik mənsubiyyətlərinə görə şübhəli hesab olunurlar. Və “günah” da sadəcə onların “nə etdikləri” deyil, kim olduqlarındadır.


Son dövrlərdə Kremlə yaxın media quruluşlarının və ictimai rəyin formalaşmasında rol alan fiqurların ritorikası da aydın gözə çarpır. Solovyov kimi Kreml tribunasına çevrilmiş “təbliğatçılar” açıq şəkildə Azərbaycan xalqını, müsəlmanları hədəfə alır, nifrət alovunu körükləməklə məşğul olurlar.


Bu hadisələr təkcə milli kimlik üzərindən yürüdülən bir kampaniya deyil, Rusiyada artıq əməlli-başlı ideoloji qapanma özünü göstərir.Ukrayna müharibəsində siyasi və hərbi iflasa uğrayan, Qərblə münasibətlərdə tam izolyasiyaya məruz qalan Rusiya vəziyyətdən çıxış yolu kimi “daxili düşmən” obrazı yaratmağa, “günah keçisi” düzəltməyə başlayıb. Bu obrazı isə ən rahat şəkildə qeyri-rusların, xüsusilə də azərbaycanlıların simasında “reallaşdırmağa” özündə haqq görür. Görünür, soydaşlarımız bu kontekstdə həm dini, həm də etnik baxımdan daha rahat “hədəfə gəlirlər...”


Yekaterinburqda baş verənlər bu mənzərənin təkcə başlanğıcıdır. Bunun ardınca nə qədər ailənin, nə qədər gəncin taleyinin eyni aqibətlə üz-üzə qalacağı məlum deyil.
Yekaterinburqda baş verən faciə təkcə bir ailəyə qarşı törədilmiş vəhşilik deyil,bu, bütünlüklə milli heysiyyətimizə toxunan hadisədir, ona görə də belə məsələlərdə “vicdani səfərbərlik”lazımdır.


Məhz buna görə də dünəndən başlayaraq həm dövlət səviyyəsində,həm də cəmiyyətin müxtəlif təbəqələri tərəfindən sərt, obyektiv və insani mövqe ortaya qoyuldu – hamımız günahkarların cəzalandırılmasını və Rusiyada etnik-dinidiskriminasiyaya son qoyulmasını tələb edirik!


Rusiyanın “çoxmillətli cəmiyyət qurmaq” iddiası gündən-günə sabun köpüyü kimi partlayıb yox olur, bu gün sadəcə kağız üzərində mövcuddur. Faktiki olaraqrus olmayan hər bir insan Rusiyadaartıq potensial təhlükə, şübhəli və ya “cinayətkar” hesab olunur. Bu yanaşma nə hüquqi, nə mənəvi, nə də siyasi baxımdan əsaslandırıla bilər. Bu, açıq-aşkar irqçilikdir, milli ayrı-seçkilikdir və insan hüquqlarının kobud pozuntusudur.


Əgər bir ölkədə etnik və dini mənsubiyyət cinayətə bərabər tutulursa, hüquqi şəkildə araşdırılmadan bir ailə, bir nəsil evinin içindəcə gülləbaran edilirsə, hansı hüquqdan, ədalətdən, bərabərlikdən danışmaq olar?!


Yekaterinburqda sarsılan təkcə Səfərovlar ailəsi olmadı – bununla da Rusiyanın “çoxmillətli birgəyaşayış” ideyası da çökdü. Və əgər bu tendensiya davam edərsə, bu çöküşün təkcə daxili deyil, xarici nəticələri də qaçılmaz olacaq.


Azərbaycan dövləti Rusiyanı dalana dirənən bu qaranlıq yoldan çəkindirmək üçün nəinki tənqid, həm də beynəlxalq hüquq müstəvisində konkret və adekvat addımlar atmağa qadirdir... Əvvəl də olduğu kimi...

Çünki bu artıq fərdi bir faciə deyil. Bu, Rusiyada sistematik zorakılığın dövlət tərəfindən idarə olunmasının qorxunc total mənzərəsidir...

Seçilən
7
1
kulis.az

10Mənbələr