Bu gün Azərbaycanın milli mətbuatının əsasını qoymuş, tanınmış maarifçi və ilk təbiətşünas alimlərdən biri olan Həsən bəy Zərdabinin doğum günüdür.
Kulis.az xəbər verir ki, onun anadan olmasından 188 il ötür.
Həsən bəy 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. Əvvəlcə mollaxanada oxuyub, sonra orta təhsilini Tiflisdə alıb və ali təhsilini Moskva Universitetində tamamlayıb. Təbiət elmləri üzrə ixtisaslaşmış Zərdabi 1869-cu ildən etibarən Bakıda rusdilli məktəbdə müəllimlik fəaliyyətinə başlayıb.
Zərdabi 1875-ci il, iyulun 22-də Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi”ni nəşr etdirib. Qəzetin fəaliyyəti yalnız iki il davam edib və 1877-ci ilin sentyabrında dayandırılıb.
1880-1890-cı illərdə Həsən bəy Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələrlə çıxış edib.
O, həmçinin maarifçilik və xeyriyyə işlərinin fəal təşviqatçısı olub, 1901-ci ildə Bakıda ilk azərbaycanlı qız məktəbinin açılmasında önəmli rol oynayıb.
Zərdabi ömrünün son illərində Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb və 1907-ci il noyabrın 28-də vəfat edib.
Qeyd edək ki, milli mətbuatımızın banisi əvvəlcə Köhnə Bibiheybət məscidi yaxınlığında dəfn olunub, 1957-ci ildə isə məzarı Fəxri xiyabana köçürülüb.