BAKI, 28 iyun. TELEQRAF
"İki qardaşım Rusiyada işgəncələrlə öldürülüb, bir qardaşım isə hazırda polis bölməsində saxlanılır".
Bunu Teleqraf-a açıqlamasında tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynli deyib.
Onun sözlərinə görə, polis öldürülən qardaşları Ziyəddin və Hüseyn Səfərovların meyitini hələ də doğmalarına təhvil verməyib.
"1964-cü il təvəllüdlü qardaşım Bakir Səfərov isə hələ də içəridədir. Ən azından sağ olduğunu bilirik. Ordakıların vəziyyəti barədə bir məlumat ala bilmirik.
Deyilənə görə, Azərbaycanın Rusiyadakı konsulluğu məsələ ilə bağlı hansısa hərəkətlərə başlayıb, dəqiq məlumatımız yoxdur. Amma Azərbaycandakı rəsmi qurumlardan bu məsələ ilə bağlı mənlə əlaqə saxlayıb maraqlanan yoxdur", - o bildirib.
Qeyd edək ki, iyunun 27-də Rusiyanın Yekaterenburq şəhərində OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi - red) azərbaycanlıların evinə basqın edib, azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb.
Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.